Su aydınlıqdır, ancaq boğaza qədər

post-img

Aprelin ortalarında hər gün qara buludlar dönə-dönə o yana gedirdi, bu yana qayıdırdı, ancaq bizim tərəflərə yağmırdı ki, yağmırdı. Əngəxarana, Masazıra, hətta dənizə də yağırdı, amma, ancaq və lakin nə Cəfərliyə, nə də Hacıuşağıya yağmırdı ki, yağmırdı...

Onda bizim çamaat səhər-axşam Gözəgörünməzə dua edirdi ki, yağsın. Ancaq onlar yağışı yenə yuxularında gö­rürdülər. Halbuki o günlərdə bircə dəfə yağış düşsəydi, zəmilərin məhsuldarlığı xeyli artardı. Təəssüf ki, bir az gec yağdı və xeyirindən ziyanı çox oldu – zəmiləri, biçənəkləri yatızdırdı... Deyilən səbəb­dən zəmilərin çoxu səpilən toxumu belə vermədi. Hətta bəzi ərazilərdə taxıllar ot kimi biçildi... 

Sən demə, çörəyi torpaqdan çıxan insanların apreldə etdikləri dualar bu günlərdə müstəcəb olacaqmış. İyunun 26-da axşam, respublikamızın çox yer­lərində olduğu kimi, bir leysan düşdü ki, dillə deyiləsi deyil... Hər yan gölə döndü və dağlardan baş alıb gələn sel suları şor kanallara, arxlara, yarğanlara tökülüb Cəfərli və Hacıuşağını cənginə aldı. Ən yaşlı sakinlər son yüz ildə bu yerlərə belə yağış düşməsini xatırlamırlar. Vaxtılə Ağ­suçaya, sonralar Yuxarı Şirvan kanalının suyuna möhtac olanlar indi, belə demək olarsa, boğazadək suda üzməyə hazır­laşırdılar (Təbii ki, su aydınlıqdır, ancaq boğazadək...).

Yollar, həyətlər su ilə doldu. Cəfərli cavanları səfərbər olub əvvəlcə kənd qə­biristanlığını seldən qorumaq üçün bellə kiçik arxlar qazdılar, bəndlər vurdular və əzizlərinin məzarlarını seldən qurtardı­lar. Günün qəhrəmanları sel sularının daha çox axıb gəldiyi böyük kanalı bir neçə yerdən Cəngi gölünün yatağına doğru yardılar. O dəqiqələrdə mən də onların arasında idim və selə qarşı gö­rülən tədbirləri müşahidə edir, kanalın üstündəki körpüdə dayanıb bulanıq sel sularına baxdıqca vahimələnirdim. Aya­ğımdakı uzunboğaz rezin çəkmə su ilə dolsa da gəncləri daha ürəklə işləməyə ruhlandırmaq istəyirdim... Bu ara uşaqlıq yoldaşlarımdan biri zarafatla dedi ki, ay, qardaş, sən canın körpünün üstündən kənara çəkil, sel oranı da yuyur, sonra dalğıc gəlsə də səni tapa bilməyəcəyik...Vəziyyət qorxulu idi. Təbii fəlakət get­dikcə genişlənirdi (Həmin dəqiqələrdə kəndin yeniyetmə "tik-tok"çuları sel fə­lakətini tarixləşdirirdilər. İnanıram ki, hə­min süjetlər toplansa, yaxşı sənədli film alınar. Amma mən bu yazıya sel sularının Hacıuşağıdakı fəsadları barədə dostum Natiqin çəkdiyi lenti əlavə etmişəm).

Onu da deyim ki, axşamdan Cəfərlidə və qonşu kənddə həyətlərin çoxu su ilə dolmuş, nəticədə, xeyli heyvan və to­yuq-cücə tələf olmuşdu.... O saatlarda və səhərədək kənd sakinlərinin müxtəlif təşkilatlara zəngləri cavabsız qalmışdı. Kənddə bir dənə də olsun qazıntı apara­caq texnika yox idi. Olsaydı, yəqin ki, fə­lakətin qarşısını, müəyyən qədər, almaq olardı. Səhəri gün günorta saatlarında gələn traktorla bir neçə yerdən suyun istiqaməti dəyişdirildi və nisbətən sakitlik yarandı. Amma su basmış yerlərdə hələ də gölməçələr qalmaqdadır... Çoxları şükr edir ki, nə yaxşı, bu leysan payız-qış aylarında düşməyib, çünki nəticəsi çox-çox ağır ola bilərdi.

Nə isə, zarafatla deyim ki, cəfərlililər, eləcə də qonşularımız iki il su içməsələr bəsdəridi. Söhbətin bu yerində kəndlə­rin ətrafındakı şor kanallar barədə də bir neçə kəlmə yazsaq yerinə düşər. Məlumat üçün deyim ki, bu kanallar 55–60 il əvvəl sovetlər dönəmində qazılıb. Səhv etmirəmsə, SSRİ Nazirlər Soveti Azərbaycanda meliorasiya tədbirlərinə dair geniş qərar (ilini dəqiq xatırlamıram) qəbul etmişdi və çoxlu vəsait ayırmışdı. Başlıca məqsəd torpaqları şorlaşmadan qorumaq, suya həsrət sahələrə su çıxar­maq üçün beton kanallar çəkmək idi. Qı­saca desək, həmin proqram-layihə çox uğursuz başa çatdırıldı və işlərin çoxu başdansovdu görüldü (Bu barədə uzun danışmaq və yazmaq olar). İlk illərdə, insafən, kompleks tədbirlər, az da olsa, səmərə verdi. Amma illər keçdikcə, ka­nallar müxtəlif səbəblərdən doldu, drenaj boruların gözü lillə tutuldu, beton arxların və kanalların təmizlənməsi, təmiri sanki bilərəkdən unuduldu. Arabir bəzi yerlər­də, gözə kül üfürmək üçün çox çüzi işlər görüldü. Sonralar böyük şor kanallarını lığ və qamış basdı. Sahələrdən o kanal­lara axan sular axmazlara çevrildi. Həyət­yanı torpaqların şorunun yuyulması üçün əhali tərəfindən çəkilən xırda kanallar da işə yaramadı. Kənd əhalisi bu barədə çox təşkilata şikayət və zəng etdi, amma on­ların dərdinə əlac edən tapılmadı. Halbu­ki bölgədə hansısa qurum bu ərazilərdəki kanalların təmiri, təmizlənməsi işləri üçün hər il dövlətdən xeyli pul alır (Bu, bir araş­dırma işidir).

İndi cəfərlililər və qonşuları dua edib, nəzir verirlər ki, hələ bir-iki ay yağış yağmasın. Olan oldu – xeyli mal-qara, ev quşları, nar bağları tələf oldu. Hələ həyət-bacalar quruyandan sonra nələr olacaq, onda bilinəcək. 

Amma yenə qəfil göy guruldayır, arvad-uşaq qorxur, qara buludlar isə o yana gedir, bu yana gedir...Allah xeyirlisi nədir ondan eləsin!

Səməd MƏLİKZADƏ

Sosial həyat