Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub YENİLƏNİB

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev ali təhsil ocağında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissənin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilib. Binanın dəhlizlərinin döşəmələri sökülərək yenilənib. Daxili divarların suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir tələblərə uyğun yeni park salınıb.

Qeyd edildi ki, ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanılıb.

Qəbul aparılacaq ixtisaslar üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanması işinə start verilib. Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb. Universitetin inzibati və elmi-pedaqoji kadr potensialının daha peşəkar formalaşdırılması üçün ardıcıl olaraq bir sıra vəzifələr üzrə vakansiya elanları verilib. Proqram rəhbərləri (dekanlar) üçün vakansiya müraciətləri dəyərləndirilib və müvafiq komissiya tərəfindən müsahibələr keçirilib, hazırda həmin vəzifələrə təyinatlar aparılır.

Qarabağ Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Tələbələr Qarabağ Universitetinə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I tədris ilinə), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan və müsahibələri əsasında (II tədris ilinə) cəlb ediləcəklər. Regional təhsil idarələri vasitəsilə buraxılış siniflərində təbliğat işləri aparılır. Yüksək bal toplamış abituriyentlərin Qarabağ Universitetinə səfərlərinin təşkili planlaşdırılır.

Diqqətə çatdırıldı ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.









Rəsmi xronika