Reabilitasiya xidmətləri
Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzinin “RehaPoint” məntəqəsi bölgə sakinlərinə ambulator reabilitasiya xidmətlərini davam etdirir.
Bu barədə XQ-yə məlumat verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov qeyd edib ki, ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə indiyədək 750-dən çox əlilə reabilitasiya xidmətləri göstərilib. Burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri təşkil edilib.
Müəssisə əlilləri ehtiyac duyduqları reabilitasiya vasitələri ilə də təmin edir. Ötən dövrdə “RehaPoint”də 300-dən çox şəxsə reabilitasiya vasitəsi verilib.
18 əlil Türkiyədə təcrübə keçəcək
Sosial Xidmətlər Agentliyi Əlilliyi olan Şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzi əlilliyi olan daha 18 gənci Türkiyəyə təcrübə kursuna göndərib.
Yolasalma mərasimində agentliyin İdarə heyətinin sədri Vüqar Behbudov mərkəzin bu il daha 30 nəfəri bu təcrübə proqramına cəlb edəcəyini bildirib. O deyib ki, gənclərimiz qardaş ölkənin Ankara və Antalya şəhərlərində əlilliyi olan şəxslərlə bağlı peşə kurslarında iştirak edərək, bacarıqlarını daha da təkmilləşdirəcəklər. Belə təcrübə səfərləri Sosial Xidmətlər Agentliyi ilə “Sağlam düşüncə” Gənclər Təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində təşkil olunur. İndiyədək 147 əlil Türkiyədə təcrübə kurslarına göndərilib. Onlardan bir hissəsi Vətən müharibəsi qazisidir.
570 benefisiar təlimlərdə iştirak edib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır. İndiyədək burada 570 benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunub.
2021-ci ilin oktyabr ayında açılışı olan mərkəzdə rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s. üzrə təlimlər təşkil edilir. Təlimləri uğurla başa vuranlara sertifikatlar təqdim edilib. Hazırda burada 180 nəfər benefisiar təlimlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirir. Onlardan 136 nəfəri əlillər, digərləri aztəminatlı ailələrdən olanlar, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlil olanlar və onların ailə üzvləridir. Mərkəzdə kompleks reabilitasiya, sosial - pedaqoji inkişaf və psixoloji dəstək işləri də aparılır.
Zorakılıq qurbanlarına yardım
Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb.
Mərkəzlər “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək” layihəsi çərçivəsində yaradılıb. Məqsəd məişət zorakılığından zərər çəkmiş şəxslərin vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının qorunması, ahəngdar inkişafının təmin edilməsidir.
Zərifə BƏŞİRQIZI
XQ