ICESCO Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət yayıb

post-img

Hər il iyunun 20-də dünya ictimaiyyəti Ümumdünya Qaçqınlar Gününü qeyd edir. 2024-cü ildə bu əlamətdar gün “Qaçqınların ləyaqətlə qarşılandığı bir dünya üçün” mövzusunda qeyd olunur.

 İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) yaydığı müraciətdə öz ölkələrini tərk etməyə məcbur olan insanlarla həmrəyliyin vacibliyi vurğulanır. Təşkilat qeyd edir ki, onun layihələri qaçqınların arzularını həyata keçirməyə kömək etmək məqsədilə onların təhlükəsizlik, ləyaqət və sosial inklüzivlik hüququ üçün həmrəyliyi və dəstəyi təşviq etməyə yönəlib.

Müraciətdə deyilir: “ICESCO bu fürsətdən istifadə edərək beynəlxalq ictimaiyyəti bütün dünyada bu kateqoriyadan olan insanları dəstəkləmək istiqamətində birgə fəaliyyət göstərməyə çağırır və hər bir qaçqının əsas hüquqlarından istifadə etməsini təmin etmək üçün sosial, iqtisadi və mədəni ölçülərə diqqət yetirməklə daha çox həmrəylik və humanitar səylərə ehtiyac olduğunu vurğulayır. Təşkilat, həmçinin bu həssas qrupların ləyaqətini qorumaq üçün onlara ədalətli və hərtərəfli təhsil və bacarıqlarına uyğun məşğulluq imkanları təqdim etməyə çalışır”.

ICESCO bu kontekstdə İslam dünyasının daxilində və xaricində, xüsusən də kənd və ucqar ərazilərdə əsas sosial və tibbi yardımın təmin edilməsinə yönəlmiş “Tibbi və sosial təhsil karvanları” təşəbbüsünü irəli sürüb. Məsələn, İordaniya Haşimilər Krallığında karvan, səyyar tibbi xidmətlər və icma ilə əlaqə proqramları təşkil etməklə fələstinli qaçqınlara köməklik göstərilib. Karvan həssas qruplara tibbi məsləhətlər, müayinələr, peyvəndlər və əsas dərman preparatları təqdim edib.

Tibbi dəstəkdən əlavə, ICESCO yoxsulluq və qaçqın fenomeninin azaldılmasında təhsilin əsas rolunu vurğulayıb. Təşkilat bununla əlaqədar həssas qruplardan olan tələbələr üçün təqaüd proqramına başlayıb, onlara ali təhsil almaq və daha parlaq gələcək qurmaq arzusunu həyata keçirmək imkanı yaradılıb.

Müraciətin sonunda deyilir: ICESCO Ümumdünya Qaçqınlar Günündə hər kəsin, o cümlədən ən həssas təbəqənin uğur və firavanlıq əldə edə biləcəyi gələcəyin qurulmasına yardım etmək öhdəliyini təsdiq edir və qaçqınların əzablarına son qoymaq, onların dözümlülüyünə və cəsarətinə hörmət etmək üçün birgə səylərə çağırır”.

Sosial həyat