O, 500 manatı 20 ildə 10 milyon manatlıq varidata çevirmişdi
Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində yoxsul bir ailədə anadan olub. Erkən yaşlarından atasına əkin-biçin işlərində kömək edib. Taxıl daşıyıb, xırman döyüb. O dövrdə əmircanlıların taxıl yerləri, əsasən, Suraxanı torpaqlarında yerləşib.
…XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirləri tərəfindən ucuz qiymətə satın alınıb. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdiriblər. Nəticədə, Suraxanı və Əmircan kənd camaatının torpaqları əllərindən çıxıb. Buna görə də onlar rus tacirlərinin neft mədənlərində işləməyə məcbur olublar. O illərdə Şəmsi Əsədullayev də neft mədənlərində fəhləlik etməyə başlayıb. Gənc Şəmsi öz çalışqanlığı və bacarığı ilə rus tacir Kokorevin rəğbətini qazanıb. Kokorev onu öz yanında işlər müdiri təyin edib.
Şəmsi ildən-ilə, aydan-aya deyil, gündən-günə püxtələşib, səriştəli işçi kimi yetişib. Böyük təcrübə topladıqdan sonra qarşısında yeni yollar açılıb. Şəmsi neft və duz podratçılığı ilə məşğul olmağa başlayıb. Bu sahədə 15 illik fəaliyyəti ərzində xeyli sərmayə əldə edib. Bir müddət sonra özünün kerosin zavodunu qurub. Daha sonra neft sahəsində çalışan bir neçə iş adamı ilə birlikdə yeni şirkət yaradıb. Həmin şirkətin vasitəsilə Rusiya bazarına çıxmağın yeni yollarını axtarıb. O, neftin Xəzər dənizi vasitəsilə daşınması üçün Bakının neft maqnatları arasında ilk dəfə dorlu, yelkənli gəmi alıb.
…Bir müddət əvvəl cüzi vəsaitlə aldığı primitiv üsulla işləyən neftçıxarma idarəsinin bazasında yeni şirkət qurub. Yeni avadanlıqların və texnikanın hesabına həmin kiçik neftçıxarma idarəsi Şəmsi Əsədullayevin adını daşıyan və yeni texnoloji üsullarla işləyən qabaqcıl neftçıxarma şirkətinə çevrilib. Şirkətin gəliri ildən-ilə artıb və maliyyə vəsaiti 20 il ərzində 500 manatdan 10 milyon manata yüksəlib. Beləliklə, milyonçu adını qazanıb.
O, Sabunçu, Suraxanı və Ramanada yerləşən, qiyməti milyon manatlarla ölçülən çox sayda neft buruqları, mexaniki emalatxanalar, neftçıxarma zavodları, eyni zamanda neft və neft məhsulları daşıyan gəmilər alıb.
Demək olar ki, bəxti hər sahədə gətirib. Aldığı torpaq sahələrindən birində neft fontan vurub. Fontan günlərlə, aylarla davam edib. Həmin yataqdan hər gün bir milyon yarım puddan çox neft hasil edilib.
Şəmsinin adı milyonçu kimi məşhurlaşdıqdan sonra təkcə neft sahəsində işləməklə kifayətlənməyib. Onun fəaliyyəti çoxşaxəli olub. Neft mədəninin, neft daşıyan dəniz və çay donanmasının sahibi olmaqla yanaşı, Bakının mərkəzində milli memarlıq üslubunda əzəmətli binalar tikdirib.
Şəmsi Əsədullayevin özünün şəxsi elektrik stansiyası olub. Stansiyanı işlətmək üçün xaricdən mütəxəssislər dəvət edib. Bakının sərnişin limanında küçə çıraqları quraşdırıb.
O dövrlərdə xarici sərmayə ilə yanaşı, yerli sərmayənin payı Şəmsi Əsədullayev kimi Bakı milyonçularının sayəsində artıb. Bakının neftlə zəngin torpaqlarına sərmayə qoyan ilk milyonçularından biri olub. O, torpaqlara yatırım qoymaqla yerli əhalini işlə təmin edib. Onun obyektlərində minlərlə fəhlə çalışıb. Beləliklə, o, həm xalqın qayğısına qalıb, həm də özü milyonlar qazanıb.
Qazandığı milyonlar hesabına müxtəlif təyinatlı tikililər inşa etdirib. Onun bir zamanlar tikdirdiyi binalar bu gün də Ramana kəndinin camaatı arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının evləri” adlanır.
O, Musa Nağıyevlə birlikdə 1896-cı ildə “Böyük Puta” adlı yerdə Məşədi Əbdülrəhmandan böyük torpaq sahəsini satın alıb. Orada özünün neft mədənlərini qurub. Əsədullayevin mədənlərində təkcə 1900-cü ildə 7,3 milyon pud neft çıxarılıb və 11,5 milyon pud neft məhsulları satılıb.
Şəmsi Əsədullayev sonra Moskva və Peterburqda məskən salıb. Bakıdakı obyektlərini isə oğlu Mirzə Əsədullayev idarə edib. Əsədullayevin mədənlərində neft hasilatı artdıqca Volqaboyu sahələrdə bu ailəyə məxsus iri neft çənlərinin sayı artıb. Əsədullayev Xəzəryanı və Volqaboyu şəhərlərə öz gəmiləri ilə neft daşıtdıraraq satdırıb.
Ş.Əsədullayev XX əsrin əvvəllərində artıq Azərbaycanın ən böyük neft maqnatlarından biri olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilib. Çünki o, Rusiyada, İranda, hətta Finlandiyada da Nobel qardaşlarının ciddi rəqibinə çevrilib. Bakıda neftin qiyməti ucuzlaşanda o, nefti ucuz qiymətə alıb, anbarlara doldurub, sonra Rusiyada baha qiymətə satdırıb.
Bakıdakı mülkləri ilə yanaşı, Peterburqda Neva çayının sahilində, “Qış sarayı”nın yanında möhtəşəm bina inşa etdirib. Moskvaya köçdükdən sonra Mariya adlı rus qadınla evlənib. O, Mariya üçün orada füsunkar bir imarət alıb.
Şəmsinin Bakıda ilk həyat yoldaşı azərbaycanlı qadın olub. Həmin qadından iki oğlu (Mirzə, Əli) və üç qızı (Sara, Xədicə və Ağabacı) dünyaya gəlib. Böyük oğlu Mirzə Musa Nağıyevin, kiçik oğlu isə Zeynalabdin Tağıyevin qızı ilə ailə həyatı qurub.
Şəmsi Əsədullayev Azərbaycan elminə, mədəniyyətinə xüsusi qayğı göstərib. Onlarca azərbaycanlı gəncin Almaniya, Fransa, Polşa kimi ölkələrdə, Rusiyanın Kazan, Moskva, Odessa, Peterburq və Xarkov kimi şəhərlərində təhsil almalarına himayədarlıq edib.
Moskvaya köçdükdən sonra da maarifçilik və xeyriyyə işlərini davam etdirib. Kasıb ailələrin uşaqları üçün məktəb açdırıb. Moskvadakı “Kiçik Tatar döngəsi”ndə tikdirdiyi evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Mərkəzinə bağışlayıb.
Şəmsi Əsədullayev 1905-ci ilin avqust ayında ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 1-ci qurultayının iştirakçısı olub. Qurultay 1917-ci ilin may ayında Ş.Əsədullayevin müsəlmanlara bağışladığı binada keçirilib. O, “Nəşri-maarif” cəmiyyətinin üzvü kimi də fəaliyyət göstərib.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra kommunist rejimi Əsədullayevin bütün mülklərini milliləşdirib. Milyonçu Şəmsi Əsədullayev 1913-cü ildə Yaltada vəfat edib və Bakıda dəfn olunub.
Həzi HƏSƏNLİ,
şair-publisist