Sertifikasiya: Bilikli müəllimə zaval yoxdur

post-img

Elm və Təhsil Nazirliyi iyunun 6-da təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün məlumatlandırıcı sessiya keçirdi. STEAM İnnovasiya Mərkəzində keçirilən sessiyada nazirliyin səlahiyyətli şəxsləri müəllimlərin sertifikatlaşdırılması ilə bağlı son proseslərə aydınlıq gətirdilər.

Tədbiri açan Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şö­bəsinin müdiri Səbuhi Rzazadə dedi ki, keçən il sertifikasiya göstəricisi zəif olan 743 müəl­limin əmək müqaviləsinə xitam verildi. Bu il 2023-cü ildə uğur qazanmayan, təxminən, 8 mindən çox müəllimə yenidən şans veriləcək. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışında bildirdi ki, bu gün ölkədə sertifika­siya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır: “Belə müəllimlərin sayı 8 minə yaxındır. Bu il ke­çiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəx­sin tam statuslu müəllim sırasına qoşulması nəzərdə tutulur. Bundan əlavə, 60 yaşdan yuxarı 600 nəfərə yaxın müəllim sertifikasi­yada könüllü iştirak etmək istəyir”.

Agentliyin direktoru açıqlamasında qeyd etdi ki, bu mərhələdə uğur qazana bil­məyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir. Onun sözlərinə görə, gənc namizədlərin müsabiqədə uğurlu nəticə göstərməsindən aydın olur ki, burada prob­lem öyrətmə metodu ilə bağlıdır.

E.Bağırov xatırlatdı ki, iyunun 8-də 8 minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq: “Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına ina­nırıq”.

MÜTDA-nın ümumi təhsilin təşkili şö­bəsinin müdir müavini Nurlan İsmayılbəyli isə bildirdi ki, məktəblərin 4-cü və 6-cı sinif­lərində keçirilən monitorinqlərin nəticələri sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərin şagirdlərinin göstəricilərinə tə­sirinin müsbət olduğunu deməyə əsas verir. Onun sözlərinə görə, sertifikasiya imtahan­larında uğur qazanan və yüksək bal toplayan müəllimlərin göstəriciləri nəzərə alınmaqla direktor və direktor müavini olmaq üçün əsas yaradacaq. Bunun üçün direktorların işə gö­türülməsi ilə bağlı yeni yanaşma hazırlanır.

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nə­zakət Mehdiyeva test imtahanı mərhələsin­də sualların məzmununda heç bir fərqin ol­madığını bildirdi və qeyd etdi ki, müsahibə mərhələsində kəsilən müəllimlərin öyrətmə üsulu qaneedici olmur. Keçən il 30-a yaxın müəllim müsahibə mərhələsindən keçə bil­məyib.

Rizvan FİKRƏTOĞLU
XQ



Sosial həyat