Modi Hindistana 5 il də rəhbərlik edəcək

post-img

Lakin indi onun müxalifəti daha güclüdür

Hindistanda ölkə hakimiyyətinin “dünya tarixində ən uzun və ən böyük səsvermə” adlandırdığı ümumi seçkilərin nəticələri açıqlanıb. Çərşənbə axşamı gününə olan məlumata görə, səsvermə Hindistanın hakim Bharatiya Janata Partiyasına (BJP) böyük uğur vəd edən exit-poll proqnozlarına zidd olub. Səslərin hesablanması davam edir, lakin məlum olub ki, baş nazir Narendra Modinin tərəfdarları parlamentin aşağı palatasına nəzarəti saxlasalar da, 5 il əvvəlkindən daha az üstünlüyə malikdirlər. Bu, hətta ucuzlaşmağa başlayan birjada da özünü göstərib. Belə proqnoz verilir ki, Modinin üçüncü baş nazirlik dövrü onun ən çətini olacaq.

Çərşənbə axşamı Hindistanda parlamentin 543 yerlik aşağı palatası Lok Sabhanın yenidən seçildiyi ümumi seçkilərin nəticələri “dünyanın ən böyük demokratiyası”nın siyasətinə gözlə­nilməz intriqa gətirib. Belə ki, BJP-nin rəhbərlik etdiyi Milli Demokratik Alyans olan NDA 543 yer­lik parlamentin aşağı palatasında mandatların əksəriyyətini (298 yer) qazanıb. Bu, Narendra Modinin üçüncü müddətinə yeni hökumət qur­mağa imkan verir. Hindistan baş nazirinin Milli Demokratik Alyansdakı əsas müttəfiqləri “Janata Dal” və “Teluqu Desam” artıq üçüncü müddətə onun namizədliyini dəstəkləyəcəklərini və iqtidar partiyası ilə birlikdə hökumət quracaqlarını təs­diqləyiblər.

Bununla belə, daha 5 il müd­dətinə ölkə rəhbərliyində qalan Modi builki seçkilərdə ölkənin ən qocaman siyasi qüvvəsi olan Hindistan Milli Konqresi Parti­yasının rəhbərlik etdiyi İ.N.D.I.A milli və regional partiyaların müxalifət ittifaqının daha inad­kar mübarizəsi ilə üzləşib. Belə ki, I.N.D.I.A-nın 28 partiyasının koalisiyası da palatada iştirakını xeyli artırıb. Rəsmi məlumatla­rın açıqlanması ərəfəsində Hin­distan televiziya kanalları və sosioloji xidmətlərin exit-poll­ları hakim ittifaqın Lok Sabhada 359-371 yer arasında qalib gələ­cəyini proqnozlaşdırırdı. Lakin hakim koalisiyanın əldə etdiyi səs çoxluğu son nəticədə o qədər də təsiredici olmadı. 2019-cu il seçkilərində Modinin partiyası təkbaşına 303 mandat qazanaraq hökuməti təkbaşına formalaşdır­mağı bacarmışdı. 2019-cu il seç­kilərində tarixində ən pis nəticə göstərən, cəmi 52 mandat əldə edən Hindistan Milli Konqres Partiyası bu dəfə Lok Sabhada təmsilçiliyini iki dəfədən çox artırdı. Bununla da müxalifətin İ.N.D.İ.A alyansı ona növbəti rüsvayçılıq vəd edən proqnozları təkzib etməyi bacardı.

Müxalifətin Narendra Modi partiyasına qarşı güclü mübarizə apara bildiyi əsas ştatlardan bi­rinin Hindistanın biznes paytaxtı Mumbayın yerləşdiyi Maha­raştra ştatının olduğu bildirilir. Seçki nəticələrinin hər kəs üçün sürpriz olmasının təsdiqi bazar ertəsi–çərşənbə axşamı birja­nın dalğalanan dinamikası oldu. Bazar ertəsi Hindistan maliyyə bazarı Modinin partiyası üçün böyük bir qələbə gözləntiləri dalğasında rekord artım göstər­di. Lakin çərşənbə axşamı səhər saatlarından etibarən ştatlarda və digər ərazilərdə səslərin hesab­lanmasının nəticələrinə dair ha­kim alyans üçün o qədər də ürəkaçan olmayan məlumatlar real vaxtda gəlməyə başlayandan sonra Hindistan birja indeksləri 6 faizdən çox ucuzlaşdı. Rupi də dollara nisbətdə dəyər itirdi. 

İnamlı qələbə ilə bağlı fər­ziyyələr təsdiqlənmədi. Müxa­lifət daha yaxşı nəticələr qazan­dı. Modinin müxalifətin uğurlu çıxışını gözləmədiyini X sosial şəbəkəsindəki səhifəsində pay­laşdığı məlumat da təsdiqləyir: “Əminliklə deyə bilərəm ki, Hindistan xalqı bu hökumət altında yoxsulların həyatı yax­şılaşdığı üçün hakim Milli De­mokratik Alyans hökumətini ye­nidən seçmək üçün rekord sayda səs verdi. Seçicilər bizim nələrə nail olduğumuzun və işimizin yoxsul, təcrid olunmuş və məz­lum insanların həyatında necə keyfiyyət dəyişikliklərinə səbəb olduğunun siyahısını gördülər”. Modi müxalifət I.N.D.I.A it­tifaqından olan siyasətçiləri “kastapərəst, icma və korrupsi­oner” adlandırır. Amma Modi siyasi təvazökarlığı “unudaraq” NDTV-yə verdiyi son müsahibə­də baş nazir kimi xidmət etmək üçün Tanrı tərəfindən göndəril­diyini bildirir. 

BJP-nin seçki proqramı ha­zırda ÜDM-ə görə dünyanın be­şinci ən böyük iqtisadiyyatı olan Hindistanın üçüncü ən böyük iqtisadiyyata çevriləcəyini proq­nozlaşdırır. Lakin hökumət 10 ildə kifayət qədər iş yeri yarada bilmədi. Apreldə işsizlərin sayı mart ayı ilə müqayisədə artdı. Doğrudur, Modi yeni magistral yollar və hava limanları kimi nəhəng infrastruktur layihələ­ri həyata keçirdi ki, bu da orta təbəqəyə müsbət təsir göstərdi. Lakin Hindistanda böyük əksə­riyyəti təşkil edən yoxsulların həyatında dəyişikliklərə gətirib çıxarmadı. Orta təbəqə gözlədi­yindən az faydalandı. Kasıblar isə faydalardan praktiki olaraq kənarda qaldılar və real vəziy­yətə uyğun da səs verdilər. Modi məscidlərin yerində hindu mə­bədləri ucaltmaqla indusların dini hissləri üzərində populyar­lığını artırmağa çalışsa da, göz­lədiyi güclü dəstəyi ala bilmədi. Son seçkilər göstərdi ki, iş yer­lərinin yaradılması, normal qi­dalanmaq arzusu daha vacibdir.

S.ELAY
XQ

Dünya