“Xan qızı”nın azadlıq arzusu çin oldu

post-img

“Xurşidbanu Natəvan” pyesi Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığında xüsusi yer tutur. Görkəmli ədib bu əsəri yazanda hələ Qarabağımız üzərində qara yellər əsmirdi. Amma məkrli qonşularımızın gizli niyyətlə­ri ara-sıra özünü göstərirdi. Üstəlik, fürsət düşdükcə tarixi şəxsiyyətlərimizə şər, böh­tan atmaqdan da çəkinmirdilər. İncə ruhlu şairə Natəvan haqqında da ağlasığmaz if­tiralar yağdırırdılar. Natəvan təkcə zərif tə­ranələr ötən şairə deyildi, Qarabağın sonun­cu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi idi. İctimai xadim idi. Ona atılan böh­tanlar həm də şərəfli tariximizi şübhə altına almaq demək idi. Belə bir məqamda İlyas müəllim Natəvanın parlaq obrazını Azərbay­can səhnəsinə gətirdi. 

1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilən ta­maşının quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov idi. Tamaşada Natəvan obrazını unu­dulmaz aktrisamız, Xalq artisti Amaliya Pənahova yaratmışdı. “Xurşudbanu Natəvan” Azərbaycan teatr tarixinin ən parlaq səhifələrindən biridir. Ama­liya xanımın Natəvanı bu gün də yaddaşlarda yaşayır və minnətdar duyğularla xatırlanır. Eyni zamanda, bu obraz Amaliya xanımın səhnə fəa­liyyətində mühüm bir mərhələnin başlanğıcı idi. O vaxta qədər lirik-sentimental obrazlarla səhnədə görünən aktrisa ilk dəfə idi ki, tarixi bir şəxsiyyətin obrazını canlandırırdı. Aradan uzun illər keçmə­sinə baxmayaraq bu gün də həmin tamaşa Aka­demik Milli Dram Teatrının müstəsna uğurlarından biri kimi xatırlanır. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının səhnələş­dirdiyi “Xan qızı” tamaşasının yeni quruluş müəllifi də Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşa görkəmli nasir, dramaturq İlyas Əfəndiyevin 110 il­liyi və Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edilib. 

...Abbas Mirzə Şərifzadə adına Aktyorlar Evin­də sözün əsl mənasında anşlaq idi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədr əvəzi, Xalq artisti Hacı İsmayılov, sənətşünaslıq doktoru, Əməkdar İncəsənət xadimi Məryəm Əlizadə və tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov bu ta­maşanın tarixi əhəmiyyəti, İlyas Əfəndiyevin və Amaliya Pənahovanın yaradıcı iş birliyi barədə geniş danışdılar. Hər iki sənətkar ehtiramla anıldı. 

Yeni quruluşda Natəvanın həyatından dra­matik səhnələr yer alıb. Xüsusən, yazıçının sağ­lığında tamaşadan çıxarılmış epizodlar rejissor tərəfindən bərpa edilərək təqdim edilir. Məsələn, qızlar məktəbi ilə bağlı səhnələr tamaşaçı üçün yeni idi. Natəvan babası İbrahimxəlil xanın huma­nistliyindən bəhs edərək ermənilərin Qarabağda yaşamasına icazə verdiyini, bu torpaqlarda bütün millətlərdən olan insanların bərabər hüquqda ri­fah içində yaşadığını xüsusi olaraq vurğulayır. Bir vacib cəhəti də qeyd edək ki, İlyas müəllim pye­si “Xan qızı” adlandırmışdı. Lakin dövrün ideoloji tələbləri nəzərə alınaraq əsər “Xurşudbanu Natə­van” adı ilə təqdim edilmişdi. Bu dəfə əsərin adı da rejissor tərəfindən bərpa edilib. 

Tamaşada şairənin şeirlərinə də geniş yer ve­rilib. Natəvanın qəzəlləri mütəmadi olaraq özünün və digər obrazların dilindən (vəziyyətə uyğun ola­raq) səslənir. Rolları Ülviyyə Rza, Tural Əhməd, İsmayıl Atakişiyev, Əfqan Soltanov, Zülfiyyə Məm­mədova, Toğrul Rza, Əhməd Salahov, Zülfiyyə Qurbanova və başqaları ifa edirlər.

Bakı Bələdiyyə Teatrının istedadlı aktrisala­rından olan Ülviyyə Rza Natəvanın hiss və həyə­canlarını son dərəcə inandırıcı formada təqdim edir. Amaliya xanım kimi qüdrətli aktrisadan sonra Natəvanı oynamaq böyük cəsarət tələb edir. Ülviy­yə xanım bu obraza özünəməxsus cizgilər əlavə edir və biz səhnədə tamamilə fərqli bir Natavanı görürük. Natəvanın dərdi də, həsrəti də, əzabı da, hiddəti də aktrisanın təbii oyununda mükəm­məl ifadə olunur və tamaşaçıda dərin, unudulmaz təəssüratlar oyadır. Aktrisanın oyunu hissin də­rinliyi, fərdi və ictimai ağrıların təcəssümü ilə sə­ciyyələnir. Bir sözlə, Ülviyyə Rza səhnədə bütün varlığı ilə Natavana çevrilməyi bacarıb. 

Tural Əhməd Xasay xanın dramatizmini, sev­gisini, tərəddüdlərini inandırıcı formada tamaşaçı­ya təqdim edir. Tamaşanın dəfələrlə alqışlanması onun uğurlu səhnə həllinin göstəricisidir. Rejisso­run hazırladığı bitkin kompozisiya Natəvanın tale­yini gözlərimiz önündə sərgiləyir. Sonda ekranlar­da böyük sənətkarımız Amaliya xanımın yaratdığı Natəvanı görürük. O unudulmaz səhnə tamaşaçı­ları ehtizaza gətirir. 

“Bu uçurumlu yolların sonunda bizi öz birliyini, öz xoşbəxtliyini tapmış azad Azərbaycan gözləyir!” İlyas Əfəndiyev bu sətirləri böyük inamla yazmışdı və zaman gəldi, həmin sözlər həqiqətə çevrildi. Bu mənada “Xan qızı” tamaşası həm xalqımızın ta­rixi taleyində, həm teatr tariximizdə, həm görkəmli yazıçımızın, həm də Amaliya xanımın və Mərahim müəllimin sənət taleyində mühüm səhifələrdən bi­rinə çevrildi. 

Sonda tamaşanın rejissoru Mərahim Fərzə­libəyov və Xurşidbanu Natəvan obrazının ifaçısı aktrisa Ülviyyə Rza Teatr Xadimləri İttifaqının İlyas Əfəndiyevın adını daşıyan Fəxri fərmanına layiq görüldülər. 

 

Kənan HACI,
yazıçı-publisist

Sosial həyat