Gizli cəbhənin şəhid jurnalisti

post-img

Onu həmişə xatırlayırıq. Amma 3 təqvim günü bizim üçün məhz onun adı ilə bağlıdır...

Həmin günlərdən biri mayın 1-dir - o gün ki, Məhərrəm dünyaya gəlib. Biri aprelin 16-dır - o gün ki, doğum şəha­dətnaməsinə rəsmi olaraq həmin gün yazılıb. Digəri iyunun 4-dür ki, həmin gün Məhərrəmi itirmişik... Biz bu təqvim günlərindən üçünü də qeyd edirik. İkisini xoş və yaddaqalan tarix, birini isə kədərli hadisə kimi...

Məhərrəm İbrahimovu tanıyan hər kəs bilir ki, kədər ona yaraşmırdı - o, həmişə və hər yerdə gülərüz, eyni açıq, deyib-gülən idi. Toy məclislərində şux rəqsləri, dost-tanış məclislərində zarafat və atmacaları ilə yaddaşımızda silinməz izlər qoyan həmkarımızı heç cür susqun və kədərli təsəvvür etmək olmur...

Onu həmişə maraq və intizarla göz­ləyərdik. Gəlişi ilə qaynar bir ortam, xoş ovqat yaradardı. Ona nə kədər yaraşırdı, nə də ölüm...

İyunun 4-ü isə yaddaşımızda qapqa­ra rənglərlə qalıb. O gün... O gün ki, Məhərrəm bir quş kimi uçub əbədiyyətə qovuşdu...

Kəlbəcərin Susuzluq kəndinə ge­dərkən yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisin­də 7 nəfər olan hərbi maşının külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız - AZƏR­TAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı. 

2020-ci ilin noyabrından işğal­dan azad edilmiş bölgələrin yaşayış məntəqələrini dolaşaraq peşə fəaliyyətini yerinə yetirən AZƏRTAC-ın müxbirinin ömür yolu həmin gün qırıldı.

Məhərrəmin 39 yaşında əbədiyyət quşuna dönməsi ürəkləri göynətdi, onu tanıyan və tanımayan hər kəsi sızım-sı­zım sızlatdı. 

Yaxşı ki, Vətən müharibəsindəki qələ­bə sevincini o da yaşadı, amma 2023-cü ilin antiterror əməliyyatından soraq tut­madı, Xankəndidə, Ağdərədə dalğalanan Azərbaycan bayrağını görmədi, Qazaxın dörd kəndinin geri qaytarılmasından xə­bərsiz getdi...

Bunlar adamı göynədir. Kaş görəydi...

Taleyə bax ki, Məhərrəmin minaya düşərək həlak olduğu Kəlbəcər rayonu­nun Susuzluq kəndi ilə dünyaya gəldiyi Krasnoselsk rayonunun Ardanuş kəndi arasında 50 kilometrlik məsafə var. Kimin ağlına gələrdi ki, hər şey belə dövr edə­cək. Kimin ağlına gələrdi ki, Məhərrəm bu səfərdən geri dönməyəcək.

Müşfiqabad qəbiristanlığında dəfn olunan İbrahimovlar ailəsinin bir məzarı da artdı. 

O gündən Uğurla Toğrulın dodaqla­rında “ata” kəlməsi dondu, qardaşları Ək­bər, Əsgər və Ələsgərin arxası, bacıları İradə, Fəridə və Azadənin and yeri, həyat yoldaşı Baharın ümid yeri xatirələrə çev­rildi.

Xatirələr isə heç vaxt ölmür – həmişə canlı, təravətli və təsirli olur. Onu həmişə xatırlayırıq. Amma üç təqvim günü bizim üçün daha çox məhz onun adı ilə bağlı­dır...

Turan TEYMUROV



Sosial həyat