Böyüyən nəslin ruhunu bəsləyən, bilgisini artıran və zövqünü inkişaf etdirən zəruri sahələrdən biri də bədii ədəbiyyatdır. Haqqında sönbət açmaq istədiyimiz Ələsgər Əlioğlu da uşaq ədəbiyyatı sahəsində məhsuldar “külüng vuran”lardan biridir.
Bakının hay-küyündən uzaq, ədəbi mühitdən aralı, əyalətdə yaşayıb-yaradan bu istedadlı qələm adamının imzası ilə hələ 80-ci illərdən tanışam. O vaxt gənc yazıçıların respublika ədəbi birliyinin “Bahar çiçəkləri” almanaxında şeirlərimiz çap olunmuşdu. Ələsgər Əlioğlunun qələm təcrübələri, həqiqətən də, bahar çiçəklərini xatırladırdı, munis uşaq kimi idi.
Onun şeirləri haqqında görkəmli söz ustalarımız – Xalq şairləri Osman Sarıvəlli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, tənqidçilər Bəkir Nəbiyev, Mürşüd Məmmədov və digərləri isti ürəklə yüksək fikirlər yazıblar.
...Özünün də qeyd etdiyi kimi, şeir onun ömründən keçib gedən bir çaya bənzəyir. Hələ 13–14 yaşlarından bu çayın havası ilə nəfəs almağa başlayıb. Əlinə qələm aldığı gündən atası – el şairi Cinli Əlinin qoşma, gəraylı və divaniləri üstündə köklənib. Sonralar isə daha çox uşaqlar üçün şeir və hekayələr yazmağa başlayıb. Bu da uşaqlara olan sevgisindən irəli gəlir. O, uşaqlar üçün şeir və hekayələr yazarkən, sanki öz uşaqlıq illərinə qayıdır. Elə bil özü də yenidən dönüb uşaq olur. Ona elə gəlir ki, ən gözəl dünya elə uşaqların dünyasıdır.
Uzun illərdir onun əsərləri “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan”, “Göyərçin”, “Günəş” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “Kaspi”, “525-ci qəzet”, “Savalan” və s. qəzetlərdə vaxtaşırı dərc olunur. Bir sıra əsərləri müxtəlif antologiyalara daxil edilib, ədəbi ensiklopedik kitablarda haqqında geniş məlumat verilib. 20-dən çox kitabı işıq üzü görüb. “Xortumsuz fil”, “Yeraltı keçid”, “Göydə uçan qurbağa”, “Ağacın balası”,”Sərnişin qarışqalar”, “Quşların yelləncəyi”, “Kəpənəkli bant”, “Bələdçi ağaclar”, “Yaz qalayan ocaqlar” və s. kitablarında toplanan şeirlər uşaq poeziyamızın dəyərli nümunələri sırasındadır. Əsərləri alban, rus, belarus, özbək və s. dillərə tərcümə olunub.
Şair Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. O, 1974-cü ildə Gəncə Dövlər Pedaqoji Universitetini (keçmiş Gəncə Pedaqoji İnstitutu) bitirib. Uzun müddət müəllimlik edib. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olduğu üçün onların saf dünyasına daha yaxından bələd olub.
Çərkəz baba çeşməyi
Çeşmədə itirmişdi.
Çərkəz babanı evə
Çəliyi gətirmişdi...
Bütün şeirləri belə maraqlı, cəlbedici misralarla, söz tabloları ilə doludur. Balacaların öz dilində, sadə, yığcam, necə deyərlər, rahat yazır. Şairin süjetli şeirləri diqqəti daha çox çəkir, daha tez yadda qalır. Uşaq müşahidələri də özünəməxsusluğu ilə seçilir. Məsələn:
Qartək ağ çiçək açıb,
Bağçamızdakı alça.
Turqut gülür: “Yaz qışı
Dırmaşdırıb ağaca!..”
Uşaqların sevimli şairi Ələsgər Əlioğlunun bir sıra əsərləri ibtidai sinif dərsliklərinə, sinifdənxaric oxu və elmi-metodik kitablara daxil edilib. Həyat və yaradıcılığı ali məktəblər üçün hazırlanmış “Uşaq ədəbiyyatı” dərsliyində yer alıb.
Ələsgər Əlioğlu doğma Goranboyun ictimai-siyasi həyatını, ədəbi-bədii, elmi-publisistik, ensiklopedik məlumatlarını özündə əks etdirən “Gülüstan” toplusunun və “Həqiqət meridianlarında” qəzetinin təsisçisi və baş redaktorudur. O, 1983-cü idən Goranboy rayon Mədəniyyət şöbəsində (indiki mədəniyyət mərkəzində) fəaliyyət göstərən “Əli Nəzmi” ədəbi birliyinin sədridir. Tərtibçiliyi və redaktorluğu ilə yerli yazarların əsərlərindən ibarət “Goranboyun söz dünyası” toplusu işıq üzü görüb. Şairin gərgin və səmərəli axtarışları nəticəsində “Goranboy bayatıları” və “Goranboy lətifələri”, “Goranboy ölkə mətbuatında” kitabları rayon ictimaiyyətinin böyük marağına səbəb olub. O, müxtəlif mövzulu 500-dən artıq kitabın redaktoru olub.
2021-ci ilin oktyabr ayında Türkiyədə “Uluslararası cocuq və gənclik ədəbiyyatı simpoziumu” keçirilib. Orada oxunan məruzələr İstanbulda "Akademi Ajans Matbaa”da çap olunub. Ələsgər Əlioğlunun yaradıcılığına həsr olunmuş "...Ədəbiyyat ortamında yaradıcı cocuq ədəbiyyatı araşdırmacı Ələsgər Əlioğlunun əsərləri örnəyində” yazı da ingilis, türk və Azərbaycan dilində həmin topluya daxil edilib.
Goranboyda, doğma Xanqərvənd kəndində yaşayan 70 yaşlı şair Ələsgər Əlioğlu ömrünün müdriklik çağındadır. Bu yaşda da qələmini yerə qoymayıb, yazır, oxuyur. Könlü uşaqlar üçün darıxanda yenə onlara şeirlər ərmağan edir. Ələsgərin ruhunda kənd-kəsək saflığı var. O, kənd həyatını yaxşı bilir. Ona görə uşaq şeirləri də poetik detallar və kənd həyatının rəngarəngliyi ilə zəngindir.
Şairin qəhrəman ordumuzun Zəfər yürüşü, qələbə paytaxtımız Şuşa, Əsgəran qalası haqqında yazdığı və uşaqların vətənpərvərlik tərbiyəsində mühüm rolu olan son şeirləri də olduqca maraqlıdır. “Dəmir yumruq” şeirində mövzunu gözəl mənalandırıb:
Turqut deyir: – Ay baba,
Mənim sənə sözüm var.
“Dəmir yumruq” deyirlər,
Dəmirdən yumruq olar?!
Deyirəm: – Olar, bala,
Gəl, unutma bir an da,
Dəmirdən yumruq olar,
Düşmən azğınlaşanda!..
“Şuşa yolları” şeirində isə yazıb:
Bu yollar möhürlənmiş
yollarıdır.
Vətənin Qələbəyə
Uzanan qollarıdır!
Həzi HƏSƏNLİ,
şair-publisist