Xankəndində erməni separatçılarının tabutuna vurduğunuz son mismarın səsi Parisdə, Strasburqda, Brüsseldə, Vaşinqtonda, Nyu-Yorkda, Dehlidə, Afinada... da eşidildi!
Epistolyar qələmlə
Möhtərəm Prezidentim,
Zati-alilərinizi Ali Baş sərkərdəliyinizlə tarixi Zəfər duyğularını yaşadığımız əvəzsiz fərəhli çağlarda xalqımızın birmənalı yekdil rəyi, iradəsinin ifadəsi olaraq yenidən Azərbaycanımızın Prezidenti seçilməyiniz münasibəti ilə ürəkdən, səmimiyyətlə təbrik edirəm.
Bu seçim müstəqillik illərimizdə ilk dəfə ölkəmizin hər guşəsində, otuz il işğal altında qalmış ana torpaqlarımızın hər kəndində, qəsəbəsində, şəhərində keçirildiyi üçün yaddaşlara həkk olub gələn əsrlərin sahillərində də ürəklərdə yaşayacaqdır!
Qırx dörd günlük Ana Vətən Müharibəmizdə yaşadığımız möhtəşəm Zəfər Ulu Tariximizin azı son 250 ilində qazandığımız ən böyük qələbəmizdir. Son 250 ildə bundan möhtəşəm Zəfərimiz olmayıb. Əksinə – bu uzun əsrlər boyunca yalnız Ana Vətənimizin ayrılmaz guşələrini parça-parça itirmişik. Nəhayət, Ali Baş Sərkərdəliyinizlə Möhtəşəm Zəfərimizi yaşadıq! Bu – tariximizdə həmişə yaşayacaq möhtəşəm hadisə Ulu Öndərimizin ideyalarının ən böyük təntənələrindəndir. Zati-alilərinizin həm ölkə Prezidentimiz, həm də Ali Baş Sərkərdəmiz kimi yüksək peşəkar, ölçülü-biçili, dəqiq, müdrik strateji siyasətinin bəhrəsidir. İndi dünyanın inkişaf etmiş ölkələrində ən yüksək səviyyəli müharibə, hücum -müdafiə, döyüş-sursat biliciləri - mütəxəssisləri tarixdə görünməmiş Ana Vətən Müharibəmizin Zəfəri üzərində baş sındırırlar.
Hələ Sovetlər Birliyi dönəmində “erməni xəstəliyinin davası-dərmanı yox” yazmışdım. Təbabətdə həqiqətən belə əlacsız xəstəlik mövcuddur. Ancaq ondan dəhşətlisi “erməni xəstəliyinin” ictimailəşdirilməsi, siyasiləşdirilməsi, qəsbkarlığa, işğalçılığa çevrilməsidir. Hələ ötən əsrin səksəninci illərinin sonlarında Sovetlər Birliyi Parlamentinin deputatı, erməni təcavüzünün önündə gedən şeypurçalanı Qalina Staravoytova mətbuatda açıq bəyan edirdi ki, “erməni xəstəliyi”nə tutulub. Ancaq bu xəstəliyə tutulduğunu gizlədən, müalicəsi ilə məşğul olmayan çoxları, məsələn – Mixail Qorbaçov Qalina Staravoytovadan daha təhlükəli idi. Mixail Stavropol ölkəsində doğulmuşdu, böyümüşdü. Erməni lobbisinin təsirli olduğu bu bölgənin sakini Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büro üzvü, sonra isə Baş Katibi və… nəhayət - nəhəng imperiyanın birinci və sonuncu Prezidenti seçiləndə ermənilər bayram içindəydilər. Deyirdilər: “Həmyerlimiz” seçildi”!. Onda erməni qanı olduğunu söyləyənlər də vardı. Həqiqətdir? Demək istəmirəm. Amma erməni xəstəliyinə tutulduğu şübhəsizdir!
Mixail “yaxşı” anlayırdı: Heydər Əliyev Siyasi Büroda ola-ola erməni separatizmi baş qaldıra, 20 Yanvar, 26 Fevral soyqırımları, Qarabağdan, Qərbi Azərbaycandan amansız deportasiyalar baş verə bilməzdi – ona görə ilk növbədə Siyasi Bürodan istefasına nail olmalı idi. Bəs Azərbaycan rəhbərliyinə kimi gətirməli? Komsomol həmkarı, əslində pioner baş dəstə rəhbərini xatırladan Vəzirovu. Komsomoldan onu yaxşı tanıyırdı, səriştəsizliyinə, anti-milli xüsusiyyətlərinə bələd idi. Bəs 20 Yanvar müsibətinin ertəsi günü Vəzirov “Zaporojets” avtomobilində hava limanına qaçandan, oradan da Moskvaya uçandan sonra onun anti-Azərbaycan fəaliyyətini kim davam etdirə bilərdi? Mixailin fikrincə, Ayazdan “yaxşısı” ola bilməzdi. Arvadı Raisa Maksim qızı Altayda doğulub boya-başa çatsa da, hətta aborigen türk kökənli olduğu deyilsə də ABŞ ermənisindən bahalı hədiyyə alması nəhəng İmperiyanın “imperatoritsası” olduğu vaxtlarda da təkzib olunmadı…
Dünya sanki Xalqımızın son yüz illiklərdə üzləşdirildiyi soyqırımlarından, deportasiyalardan, müsibətlərdən “xəbərsiz”di. Qırx dörd günlük Ana Vətən Müharibəmizdə, 23 saatlıq antiterror əməliyyatınızda “dəmir yumruğunuz” və polad iradəniz erməni xəstəliyinin əbədi əlacı oldu!
Onlar axır ki, düşünməlidirlər - başlarının üstündə dəmir yumruq, xalqımızın öndə gedən polad iradəsi var. Özünüzün bəyan etdiyimiz kimi: “Xankəndində qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi”. O mismar eyni zamanda ictimailəşmiş, siyasiləşmiş, yüz illər uzunu fəlakətlər törədən erməni xəstəliyinin tabutuna vurduğunuz son mismar idi! O mismar həm də, “dənizdən-dənizə” xülyasının, konkret olaraq – qardaş Türkiyənin şərqinə, mehriban qonşumuz Gürcüstanın cənubuna ərazi iddialarının tabutunu da əbədi qapadı. Sonra dirçəltdiyiniz Ana Şuşadan Dünyaya üz tutdunuz: “Heç kim bizə diktə edə bilməz! Bizim daxili işlərimizə müdaxilə edə bilməz!”. Xankəndində erməni separatizminin tabutuna çaldığınız o son mismarın mənzilli səsi və Şuşa bəyanatınız Parisdə, Strasburqda, Brüsseldə, Vaşinqtonda, Nyu-Yorkda, Dehlidə, Afinada ... da eşidildi! Oralarda da erməni xəstəliyinə yoluxanlar var - əvvəlcə tir-tir əsdilər, sonra deyəsən – yavaş-yavaş dərin fikrə dalmağa başladılar. Allah şəfalarını versin. Təbabətdəki erməni xəstəliyi isə həmişə onlarla qalacaq - xəstəlik erməni xislətinin təzahürüdür.
Mən Ulu Öndərim Heydər Əliyevin bilavasitə rəhbərliyi altında çalışdığım üçün həmişə qürur və iftixar hissləri yaşayıram. Ulu Öndərimi hər dəfə dinləməklə inanırdım, bir daha əmin olurdum ki, torpaqlarımız işğaldan azad olunacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir. İşğal olunmuş rayonlarımızın məcburi köçkünlərinin nümayəndələri ilə keçirilən görüşlərdə bu inamın bir daha şahidi olurduq. Sonralar həmin görüşlərin materiallarını bir sanballı kitab şəklində nəşr etdik. Həmin kitabın adı belə idi: “Biz öz yurdumuza qayıdacağıq!”
“Xoşbəxtəm ki, Ata vəsiyyətini yerinə yetirdim!” - müdrik, aforizm deyiminizi icazənizlə öz dilimlə - öz kiçik “redaktəmdə” təqdim etmək istəyirəm: “Biz hamımız, bütün Xalqımız hədsiz xoşbəxtik ki, Zati-aliləriniz Ulu Öndərimizin Vəsiyyətini ləyaqətlə, şərəflə, qəhrəmanlıqla yerinə yetirdi!”
Prezident seçkiləri öncəsi mətbuatda inamla bəyan etmişdim: “Siyasi vəzifələrdə və diplomatik fəaliyyətimdə Müstəqil Dövlətlər Birliyinə daxil olan və bölgənin digər dövlətlərinin çox ali liderləri ilə görüşmüşəm, onları dinləmişəm, təmasda olmuşam. Qətiyyətlə bildirirəm: yalnız ölkəmizdə deyil, bu böyük coğrafi məkanda Onun alternativi yoxdur! Ona görə də yaxınlaşan seçkilərdə mütləq qələbəsi şəksizdir!” Düşmənlərimiz tərəfindən də təkzibolunmaz bu həqiqət 7 Fevralda mütləq, parlaq təsdiqini bəyan etdi.
“…2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Qubadlıdayıq, Hadrutdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndindəyik! Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək. Yolumuz açıq olsun!...”- bəyan etdiniz. “… İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq...” !
2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, bu il isə Xankəndində Novruz Bayramı tonqalını qaladınız. Əminəm ki, Zati-alilərinizin Prezidentliyi dönəmində Qərbi Azərbaycandan didərgin salınmış yüz minlərlə soydaşlarımız Novruz şənliklərini doğma yurdlarında- Zəngəzurda, Dərələyəzdə, Vedibasarda, Zəngibasarda, Dərəçiçəkdə, İrəvanda, Göycədə, Qaraqoyunluda, Həmamlıda, Baranada, Cəlaloğluda… keçirəcəklər!
Zati-aliləriniz kimi əvəzsiz Dövlət Başçımız - qədirbilən, mərd xalqımızın ətrafında sıx birləşdiyi Prezidentimizin, Ali Baş Sərkərdəmizin rəhbərliyi ilə yolumuz, İnşallah – bundan sonra daim açıq olacaq, itirdiklərimizi geri qaytaracağıq!
Bu sətirlər 24 apreldə yazılır. Dünyaya yayılmış erməni yalanının 109-cu ilində. Tarixi Zəfərimizdən sonra bu erməni ağ yalanını guya həqiqət kimi qəbul etmiş ölkələr də nəhayət, ayılmalı, ağ yalana deyil, sadə, ağappaq həqiqətə inanmalıdırlar: türk xalqları Ulu Tarixin heç bir mərhələsində soyqırımı törətməyiblər, əksinə, ermənilər türkləri, azərbaycanlıları dəfələrlə soyqırımlarına, deportasiyalara, etnik təmizləmə müsibətlərinə məruz qoyublar. Bu həqiqətləri - 109 ilin ağ yalanını dünyada ən dərindən, ən müfəssəl bilənlər ermənilərin özləridir!
Qazaxın otuz ildən çox işğal altında qalan kəndləri bir güllə atılmadan anasına qaytarıldı – bu da son mismarın sədalarındandır! O Səda hələ çox səslənəcək – gələn əsrlərdə də!
Həqiqət nazilər, nazilər … ancaq qırılmaz. Bu sətirləri yazanda başqa bir deyim də yadıma düşdü: bəzən həqiqətin bütövlükdə aşkarlamasının da Zamana ehtiyacı olur. Əlbəttə, təəssüf ki!!! Amma belə hallar da olur. “Yenidənqırma” deyilən həyata, həqiqətlərə, tarixə qərəzli yanaşmalar zamanında (o illərin özündə də mən bu üzdəniraq siyasəti mətbuatda “yenidənqırma” saymışam) ən yeni tariximizdə yaxşı, ya pis nə olmuşdusa hamısının üstündən ağına-bozuna baxmadan xətt çəkirdilər. O sırada Baykal-Amur Yolunun tikintisinə də! O irtica illərinin özündə mətbuatda yazılarımın birində heyrətlə soruşmuşdum: “Yol çəkilməsinə də etiraz edərlər? Yol çəkənləri də qınayarlar?”
Ancaq “yenidənqırma”, “aşkarlıq” əxlaqsızlığı bunu tələb edirdi və Azərbaycanda Moskvaya – Qorbaçova, İrəvana – daşnaklara çoxlu züy tutanlar vardı.
Ulu Öndərimi nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxan antimilli “mirzələr” yalanları, böhtanları bitəndə Baykal-Amur Yolunun hədər yerə çəkilməsindən - o qədər vəsait xərclənməsindən arınmadan yazırdılar. O illərdə Qorbaçovsayağı “yenidənqırmaya”, 20 Yanvara, Ermənistanın təcavüzünə, didərginlərə, “aşkarlığa” qələmə aldığım və mətbuatda çap olunmuş, kitablarımda nəşr edilmiş çoxsaylı şeirlərim, publisist yazılarım, müsahibələrim var. 1990-cı ildə yazılmış “Aşkarlıq” şeirindən misralar düşür yadıma:
“Aşkarlıq”
Siz... eyyy...
paslı güllələri
təptəzəcə zurna sayıb
züy tutanlar,
Dədəsinin,
babasının,
nənəsinin ahlarını
unudanlar,
Hünəriniz varsa əgər -
Bu topların,
Bu tankların
qabağına çıxın indi,
Beşcə addım aralıdan
özünüzə baxın indi,
Qulaq verin o dünənki sözünüzə -
tüpürün öz üzünüzə.
Görün necə
Gözlərimiz önündəcə
Hürə-hürə it oldular.
Birə, gənə, bit oldular
açıq-aşkar.
Ac canavar taxt başında,
qabağında -
neçə qurban,
neçə şikar
açıq-aşkar.
Bayquş daha sığammadı
kürsülərə,
ekranlara
açıq-aşkar.
Təzə heykəl qoyacaqlar
böhtanlara,
yalanlara
açıq-aşkar.
Görün necə
Gözlərimiz önündəcə
Güvə dönüb oldu dəvə
açıq-aşkar.
İçinizdə zərrə qədər haqq qalırsa,
Aşkarlıqda üzr istəyin -
Rəhmət deyin Brejnevə
açıq-aşkar.
Sənə güllə atmadı ki?
Öz evindən,
öz yurdundan
Qorxunc ölümlərlə qovub,
Ocağını,
Torpağını
düşməninə satmadı ki?
Müsəlmanla - pak insanla
halal, təmiz
duz-çörəyi əzizlədi,
Kremlini daşnaklardan təmizlədi.
Ağır daşdı uzaqlara qaçıb gedən
başkəsənlər ordusunun başında da,
Məramından çəkilmədi
Həyatının bəyaz rəngli qışında da!
Düzdü, yaman qocalmışdı,
Səngərlərin içi ilə,
Sərt illərin köçü ilə
addım-addım
O pilləyə ucalmışdı!
Çevrəsində - əyanları,
altında öz taxtı idi,
Altmışından o yana da -
çevik, ötkəm,
Axırlarda orden-medal,
şöhrət sevən vaxtı idi...
Yol gəlmişdi
daş-qayalı,
dağlı -düzlü,
Zil qaranlıq, sərt gecəli,
boz gündüzlü.
Hər yaşılın öz çağı var -
bir gün solur,
Məmməd Araz söyləmişkən -
“Böyüklərin faciəsi böyük olur...”
Nə boş vədlər paylayırdı,
Nə də yalan,
Göz yaşıyla ayrılırdı
dostlarımdan...
Göylər sakit, təmiz idi... açıq-aşkar!
Diyarlara,
ölkələrə ulduz-ulduz
səpələnmiş dostlarımız
əziz idi açıq-aşkar.
Yağı düşmən baş götürüb
cəhənnəmə əkilmişdi açıq-aşkar,
Bədxahlıqlar,
paxıllıqlar
öz qınına çəkilmişdi
açıq-aşkar.
Gecəyarı deyə-deyə,
gülə-gülə
qayıdırdıq işdən evə
açıq-aşkar,
İndi min yol
rəhmət deyin Brejnevə
açıq-aşkar.
O illərin nəydi adı? -
Nə biləydik?
Ev tikirdik, yol salırdıq,
Gecələr də iş başında -
ciddi, ayıq!
Hər ötən gün fərəh dolu
yorğunluqdu,
Sonra... səksən beşin aprelində
bir gündəcə
Neçə ilə
ad uydurduq:
“durğunluqdu...”
Xam torpaqdan kosmosacan
yolları bəs kim çəkmişdi?
Torpağımı kim becərib,
kim əkmişdi?
Tarixə də belə qəbir,
ölüm olar açıq-aşkar?
Gələcəyə belə böhtan,
belə yalan,
zülüm olar açıq-aşkar?
Deyir: sən sus,
mən çağlayım,
gur-gur əsim açıq-aşkar,
İmperiya lingi ilə
yerdən üzüm ayağmı,
Öz başını öz baltanla
dibdən kəsim açıq-aşkar.
Çempion ol cahan üzrə
həm lallıqda,
həm korluqda
həm karlıqda...
Adın çıxsın gen dünyaya ... “aşkarlıqda”!
1990.
Öncə dediyim kimi, yenidənqırmanın törətdiyi fəlakətlər o illərdə mənim poeziya, publisistika yaradıcılığımın əsas mövzusu olub. Onların sayı çoxdu. “Doxsan birinci il” şeirini xatırlamaya bilmirəm:
Doxsan birinci il kəsdi qapımı,
Doxsanıncı ilin harayındayam.
Özüm qandalladım köhlən atımı...
İndi əli yalın, pay-piyadayam.
Yarıldı min yerdən sinəsi Yerin,
Tale də, ömür də qaldı yarıda.
Elə bilirəm ki, fəlakətlərin
Səbəbi də mənəm, günahkarı da!
Tanrı! Dərgahında bir misra olum,
Könül! Allahından sən hünər istə!
Saçım da qalmadı bir əlçim yolum,
Səpim Şəhidlərin məzarı üstə.
Bu necə gecədir, bu necə səhər?
Bu necə gəlişdi, necə gedişdi?
Millətdən, hümmətdən sağlıq deyənlər,
Millət də, hümmət də zindana düşdü.
Bağlandı qolların yazıq həqiqət,
Soydular dərini başdan-ayağa.
Dəyişdi ruhunu Ana təbiət...
Sənə min rəhmət, ey “Durğunluq” Ağa!
Sənə də min rəhmət, Leonid kişi!
Zəhmət də, urzu da varmış baxtında.
Ötənlə, keçənlə olmadı işin,
Şah kimi dolandın şahlıq taxtında.
Nə milli xəyanət, nə də sui-qəsd...
Sözünü hər yerdə kəsəcə dedin.
Özün yerli-dibli xalis xaçpərəst,
Fəqət müsəlmanla müsəlman idin!
...İşığı qamçılar hər addımda şər,
Toplar da tuşlanar İslama sarı,
Sizə də zamanın gülləsi dəyər,
“Səlib yürüşü”nün davamçıları.
Elə günə düşdüm - bir həyanım yox,
Qoca dərdimin də bağrı qanadı,
İtirənim min-min... Axtaranım yox,
Tanımaq olurmu doğmanı, yadı?
Tanrı! Dərgahında bir misra olum,
Könül! Allahından sən hünər istə!
Saçım da qalmadı, bir əlçim yolum,
Səpim Şəhidlərin məzarı üstə.
Dekabr, 1990.
Bu yaxınlarda Moskvada Baykal-Amur Yolunun çəkilişinin əlli illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri. Keçən Əsrin Tikintisi adlandırılan o əvəzsiz yolun inşasında Sovetlər Birliyinin demək olar - bütün on beş müttəfiq respublikası iştirak etmişdir. Ancaq Prezident Vladimr Putin yarıməsrlik yubileyə yalnız Zati-alilərinizi dəvət etmişdi. Yolun tikintisində iştirak edən mütəxəssislərin, inşaatçıların Ulu Öndərimiz haqda söylədikləri xoş sözləri dinlədikcə ürəyimiz dağa dönürdü. Mən o vaxtlar da belə düşünürdüm – bu yubiley tədbirindən sonra isə tamamilə əmin oldum: Onsuz o nəhəng tikintini başa çatdırmaq mümkün deyildi!. Məhz qeyri-adi yüksək təşkilatçılıq qabiliyyətini, işgüzarlığını, insanlarla səmimi işləmək məharətini nəzərə alıb əsrin ən böyük qəzası Çernobıl partlayışı baş verəndə Onun məzuniyyətdən geri qayıdıb fəlakətin aradan qaldırılmasını xahiş etdilər. Səbəb? Siyasi Büroda Onun alternativi yox idi!
Möhtərəm Prezidentim,
İyrimi doqquz il Ulu Öndərimin və Zati-alilərinizin rəhbərliyi altında siyasi, diplomatik vəzifələrdə çalışdığım dövrdə mənim səmərəli işim üçün yaratdığınız ideal şəraiti həmişə minnətdarlıqla bəyan etməklə yanaşı, bu yazımda yalnız siyasi, diplomatik fəaliyyətim üçün deyil, həm də Ulu Öndərimin və Zati-alilərinizin məni rəhbər vəzifələr tutmuş, anti-milli, siyasi riyakarların təxribatlarından birmənalı qoruduğunuzla bağlı həqiqətləri qısaca, ümumi şəkildə olsa da, açmaya bilmərəm. Məni anti-milli ünsürlərin riyakar böhtanlarından, qara ləkələrindən ardıcıl qorudunuz, fəaliyyətimi dövlət səviyyəsində dəyərləndirdiniz. Ölkəmizin ali mükafatları - “Şərəf” ordeni, İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı” ilə təltif etdiniz. Üç dəfə yeni təyinatlarım barədə Sərəncam imzaladınız.
İftixarla xatırladığım bir məqamı da deməyə bilmərəm. Hələ 1978-ci ildə, 34 yaşımda olanda İrəvanda yaşaya-yaşaya, işləyə-işləyə Ulu Öndərimin rəhbərlik etdiyi Mərkəzi Komitənin Bürosunun qərarı ilə onda Ölkəmizin ən yüksək mükafatı - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundum. Ulu Öndərim sərt sovet rejimində də respublikadan kənarda yaşayan, ermənilərin millətçi kimi qələmə verdikləri, o vaxtlar gənc sayılan yazıçının mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın inkişafında fəaliyyətini belə yüksək dəyərləndirirdi! Başqa bir heç vaxt unudulmaz bir məqam: 2002-ci ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Sərəncamı ilə mənə “Ləyaqət” ordeni verildi. Ulu Öndərim məni dəvət edib təbrik etdi, söylədi ki, bu orden Gürcüstanın yüksək mükafatıdır. Xeyli çəkən görüşümüzdə qonşu ölkədə ictimai-siyasi proseslərdən, soydaşlarımızın hüquqlarının qorunması məsələlərindən, iki respublika arasında əməkdaşlığın inkişafı perspektivlərindən müfəssəl danışdıq. Bu sahələrlə bağlı tapşırıqlarını, tövsiyyələrini verdi. Başqa heç nə demədi. Bir ay sonra növbəti dəfə Gürcüstanda səfərdə olanda, Eduard Ambros oğluna yüksək mükafat üçün təşəkkür etdim. Prezidentin cavab sözü olduğu kimi yadımdadır: “Mən Sərəncamı imzalayandan öncə Heydər Əlirza oğluna telefon açdım - Sizi soruşdum, qərar layihəmi bildirdim. Çox yüksək fikirlər söylədi. Mən də Sizə təşəkkür edirəm”.
Bu uzun dövrdə xarici ölkələrin – məsələn, “Qırğız Respublikası Hökumətinin Fəxri Fərmanı”, “Dağıstan Respublikasının Fəxri Fərmanı”… və beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülməyim də Ulu Öndərimin və Zati-alilərimizin mənə yaratdığınız fəaliyyət şəraitinin nəticəsidir.
Yüksək vəzifəli neçə siyasi riyakar Ulu Öndərimə mənim haqqımda fasiləsiz olaraq uydurmalar, böhtanlar deyirdilər. Onları açmıram. Ancaq məni heyrətləndirən o idi ki, uzun illərdə bir dəfə də olsun – Ulu Öndərim soruşmadı: deyilənlər nə məsələdir, ya bunlar səndən nə istəyirlər? Bircə dəfə də olsun - soruşmadı və heç işarə də etmədi. İllər ötəndən sonra mən bu barədə heyrətlə Zati-alilərinizə məruzə etdim, onu da söylədim: “Bilirəm - Zati-alilərinizə də həmişə mənim haqqımda xoş söz demirlər". Sözünüz o siyasi riyakarlara sillə kimi yaddaşıma həkk olundu: “Qoy desinlər. Mən elə deyilənlərə inanmıram!”.
Belə obyektiv, qayğılı münasibət yalnız mənə, ya az sayda insanlara aid olsaydı indi xatırlamazdım. Bu sətirləri yaza-yaza uzun illər Ulu Öndərimin və Zati-alilərimizin rəhbərliyi altında işlədiyim illərdəki dəqiq müşahidələrimə əsaslanıb indicə qeyd etdiyim ünsürlərdən qoruduğunuz neçə-neçə yaradıcı ziyalının, alimin, ictimai-siyasi xadimin, rəsmi vəzifəli şəxslərin… adlarını inamla çəkə bilərəm. Belə obyektivlik, qayğı, diqqət də Ulu Öndərimdən qalandır, Onun əvəzsiz ənənəsinin mükəmməl davamıdır.
Özünüzün bəyan etdiyiniz kimi – hər bir vətəndaşın, hər bir azərbaycanlının Prezidentisiniz. Həqiqətdir – hər bir vətəndaşımızı, hər bir azərbaycanlını qoruyursunuz!
Tanrı Sizi qorusun!
Dərin ehtramla,
Hidayət ORUCOV,
Azərbaycan Respublikasının Birinci Dərəcəli Dövlət Müşaviri,
Fövqəladə və Səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi
24 aprel, 2024-cü il.