Dünyanın “neft-qaz” nəbzi Azərbaycanda döyünəcək

post-img

Bu gün Azərbaycan paytaxtında regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi öz işinə başlayır. Özündə üç mötəbər tədbiri birləşdirən Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”), 12-ci Xəzər Beynəlxalq Energetika və “Yaşıl Enerji” Sərgisi (“Caspian Power”), eləcə də 29-cu Bakı Enerji Forumu keçiriləcək. 

Azərbaycan Respublikasının Energetika Nazirliyinin dəstəyi və SOCAR-ın baş tərəf­daşlığı ilə keçirilən Enerji Həftəsi çərçivəsin­də “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Ener­ji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi builki 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına genişlənib. Onla­rın isə əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirak­çılardır. “Əsrin müqaviləsi”nin imzalanması­nın və “Caspian Oil&Gas” sərgisinin 30-cu ildönümündə keçirilən növbəti Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Məlum olduğu kimi, Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında da əks olunacaq. Ənənəvi enerji resursları sə­nayesini inkişaf etməkdə olan “yaşıl enerji” is­tiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. 

Yeri gəlmişkən, BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbayca­na həvalə edilməsi ölkəmizin dünyada bey­nəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsində Azərbaycanın enerji sektorundakı rolu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələr bir daha nəzərdən keçiriləcək. 

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolu­nan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təklif­lər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energe­tikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş etdiriləcək. 

Sərgi çərçivəsində, həmçinin bir sıra ses­siyalar və panel müzakirələri də baş tutacaq­dır. Sərgi günlərində “Stereotipləri qıraraq: Enerji həllərinin formatlaşdırılması”, “Yeni texnologiyalar və rəqəmsallaşma”, “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan popul­yarlığı”, “Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Enerji sənayesində süni intellekt pionerlə­ri”, “Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları” və digər mövzularda panel müzakirələri keçiriləcək.

Həftə çərçivəsində təşkil ediləcək Bakı Enerji Forumunda isə ənənəvi enerji sahələri ilə yanaşı, “yaşıl enerji” məsələləri də ətraflı müzakirə mövzusu olacaq. Belə ki, 600-dən çox nümayəndənin qatıldığı forumda “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Da­vamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəm­sallaşdırma”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzularda məruzələr ediləcək, geniş fikir mübadiləsi aparılacaq. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub. Bununla yanaşı, eko­loji problemlər və onların Yer kürəsi üçün ya­ratdığı təhlükələrin qarşısının alınması yolları, eləcə də “yaşıl enerji” kimi mövzular da Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. 

Sərginin əsas təşkilatçılarından olan “Iteca Caspian” şirkətinin məlumatına görə, tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” prinsi­pinə sadiq olaraq Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadəni minimum səviy­yəyə qədər azaltmaq məqsədilə əsas elektron vasitələrə üstünlük veriləcək. Eyni zamanda, beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Bundan başqa, Bakı Enerji Forumu çər­çivəsində “MiniBoss” məktəbinin tələbələri­nin “Ecoleaf” adlı startapı nümayiş olunacaq. Startapın ideyası başlıq hissəsində toxum olan qələmlər və tərkibində bitki toxumu olan qeyd dəftərləridir. Forumda iştirak edən nümayən­dələrə də bu ekoloji təmiz məhsullar təqdim olunacaq.

İqtisadiyyat