Oleander gülü: təhlükə saçan gözəllik

post-img

Planetin subtropik bölgələrində geniş yayılan oleander dekorativ kolu landşaft dizaynında geniş istifadə olunur, eyni zamanda, gözoxşayan çiçəklərinə görə otaq bitkisi kimi də becərilir. Ölkəmizdə isə yarpaqları ilə söyüd ağacına bənzədiyi üçün daha çox “söyüd gülü” adı ilə tanınan bu bitki uzun illərdir ki, Bakının, eləcə də rayonlarımızın küçə və parklarının yaşıllaşdırılmasında geniş istifadə olunur. Amma ev şəraitində ildə bir neçə dəfə çiçək açan oleanderi yataq otağında saxlamaq tövsiyə edilmir. 

Oleander ən çox qərbdə Mərakeş və Portuqaliyada, şərqdə isə Cənubi Çində geniş yayılıb. Keçmiş SSRİ ərazisində Krımın cənubunda, Qafqazın Qara dəniz sahillərində və Orta Asiyanın cənub böl­gələrində becərilib. 

Bitki quraqlığa davamlıdır, lakin ter­mofilikdir, qış temperaturunun mənfi 10° C-ə qədər enməsinə dözə bilir. Aralıq dənizi iqlimində sürətlə böyüyür. Soyuq iqlimlərdə oleander qapalı şəraitdə çəl­lək bitkisi kimi istixanada, eyni zamanda, otaq şəraitində yetişdirilir. Bitkinin çiçək­ləmə vaxtı iqlimdən asılı olaraq may ayı­nın sonlarından başlayaraq oktyabr ayı­na qədər davam edir. 

Mütəxəssislərin fikrincə, oleander bitkisinin bütün hissələri, demək olar ki, zəhərlidir. Bu isə onun tərkibindəki ürək qlikozidlərinin mövcudluğu ilə əlaqələn­dirilir. Oleander şirəsinin qəbul edilməsi əvvəlcə şiddətli qusma və ishala, daha sonra isə ürəyin və mərkəzi sinir siste­minin fəaliyyətində ciddi pozuntulara sə­bəb olur. Bitkini zəhərliliyinə görə tədris müəssisələrinin həyətində və uşaq park və meydançalarında, habelə heyvan sax­lanılan yerlərdə əkib-becərmək tövsiyə edilmir. Oleanderdən zəhərlənmə qarın ağrısı, ürəkbulanma, qusma, qanlı ishal, taxikardiya (sürətli ürək döyüntüsü) kimi simptomlarla nəzərə çarpır, daha sonra qan təzyiqinin düşməsi və ürək dayan­ması ilə nəticələnir. 

Yeri gəlmişkən, oleanderin zəhərli ol­ması barədə məşhur bir rəvayət də söy­lənilir. Nəql edilir ki, Makedoniyalı İsgən­dərin Kiçik Asiya ərazisindən Hindistana doğru yürüşü zamanı ordusu bir ərazidə gecələyir. Əsgərlər oleander budaqlarını sındıraraq şiş düzəldib kabab çəkib yeyir, daha sonra yatırlar. Səhər isə onların küt­ləvi şəkildə zəhərlənərək öldükləri məlum olur. 

Bitkinin tərkibində dərman xammalı hesab edilən qlikozidlər də var. Yarpaq­larından əldə edilən preparatlar əvvəllər məhlul və tabletlər vasitəsilə ürək-damar xəstəliklərinin müalicəsində kardiotonik agent kimi istifadə olunub. Hazırda bir çox ölkələrdə oleander preparatlarının istifadəsi məsləhət görülmür. 

Oleanderin yetişdirilməsinin asan başa gəlməsinə və çiçəklərinin gözəlli­yi ilə fərqlənməsinə baxmayaraq, onun zəhərli olması səbəbindən bir çox ölkədə məktəblərin və digər uşaq müəssisələri­nin yaxınlığında əkilməsi qadağan edilib. 

Ölkəmizdə oleanderin dekorativ ya­şıllaşdırmada geniş istifadə edilməsi küləyə və istiyə davamlılığı ilə əlaqələn­dirilir. Bu baxımdan Abşeron yarımadası­nın iqliminə tam uyğunlaşmış bitki sayılır. Bakı sakini Əsəd Fətullayev redaksiya­mıza ünvanladığı məktubda oleanderin zəhərli bitki olmasına baxmayaraq, pay­taxtımızın küçə və parklarında, o cüm­lədən təhsil müəssisələrinin həyətlərin­də, uşaqların əyləncə meydançalarının kənarında bu gün də əkilib-becərildiyini narahatlıqla bildirir və problemin həllinə kömək məqsədilə Azərbaycan Milli Elm­lər Akademiyasının (AMEA) rəhbərliyinə müraciət etdiyini vurğulayır. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüsey­nova oleanderin, həqiqətən, təhlükəli bitki olduğunu, onun zəhərsiz kollarla əvəzlənməsinin məqsədəuyğunluğunu diqqətə çatdırır. Eyni zamanda, akademi­yanın nəzdindəki qurumlarda bu bitkinin əkilib-becərilməsi ilə məşğul olunmadığı­nı xatırladır. 

Ə.Fətullayevin sözügedən problemlə bağlı məktubuna Bakı Şəhər Yaşıllaş­dırma Təsərrüfatı Birliyində də baxılıb. Qurumdan oleander kollarının keçən əsrin 60-cı illərindən paytaxtın yaşıllaşdı­rılmasında istifadə olunduğu, insanların az istifadə etdikləri ərazilərdə əkilib-be­cərildiyi və bundan indiyədək heç kimin zəhərlənmədiyi bildirilib. Bununla belə, paytaxt yaşıllıqlarına cavabdeh qurum tərəfindən oleander kollarının vətəndaş­ların, əsasən də uşaqların sıx toplaşma­dığı ərazilərdə, magistral yolların kənar­larında əkildiyinə üstünlük verildiyi qeyd edilib. 

Göründüyü kimi, Bakı Şəhər Yaşıl­laşdırma Təsərrüfatı Birliyi məlumatında bu məsələdə “günahsızlığı”nı daha çox iddia edir. Əslində, magistral yolların kə­narlarında olmaqla yanaşı, şəhərin bütün digər ərazilərində də bitkinin gen-bol əkil­diyi açıq-aydın müşahidə olunur... 

Deyirlər ki, zərərin yarısından qayıt­maq da bir xeyirdir. Ona görə də Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi fəaliyyətində bu məsəl-yanaşmaya önəm verib sözügedən dekorativ bitkinin bun­dan sonra paytaxtın park və digər əra­zilərində deyil, yol kənarlarında, necə deyərlər, əldən-ayaqdan uzaq yerlərdə əkilməsinə üstünlük verməlidir. 

XQ

Sosial həyat