Qızıl “7 qıfıl” altında...

post-img

Qızıl torpaqdan sonra ən dəyərli sərvət hesab edilir. Ona görə də vəsaitlərin qızılla saxlanılması dünya ölkələrin­də geniş yayılıb. Bu gün qızıl ehtiyatlarının, demək olar ki, dörddə biri ABŞ-da saxlanılır. Bu ölkənin qiymətli metallar depozitarı dünyada məşhur­dur. 

Hazırda 1936-cı ildə tikil­miş “Fort Nox”un binası çox ciddi qorunur və orada 4 min tondan çox qızıl saxlanılır. Onun təhlükəsizliyini 4 divar (bəziləri yüksək gərginlik al­tında), binanın özü (nüvə zər­bəsinə tab gətirə bilir) və güclü seyflər təmin edir. İçəriyə cəmi bir giriş var. Anbar 22 tonluq polad qapı ilə bağlanılır. Qapı heç kimin bütövlükdə bilmə­diyi bir kodla açılır. Bir neçə nəfər onun müxtəlif hissələrini bilir və eyni anda girişə daxil olur və ayrı-ayrılıqda kodları daxil edir. 

Binanın altını qazmaq da mümkün deyil. Bu məqsədlə onun altında 3 metr qalınlığın­da qranit “yastıq” var. Bundan başqa, “Fort Nox” 30 min əsgər, 300 tank və vertolyotun yer­ləşdiyi eyni adlı hərbi bazanın mərkəzində yerləşir. 

ABŞ-da 48 ölkənin qızılı saxlanılır

ABŞ Federal Ehtiyat Siste­minin anbarında “Fort Nox”da­kından da çox qızıl (təxminən, 7 min ton) var. Vatikan və Bö­yük Britaniya da daxil olmaqla, təxminən, 50 ölkənin mərkəzi bankları qızıl ehtiyatlarını bura­da saxlayır.

Saxlama anbarı Manhetten­də, təqribən, 25 metr dərinlikdə yerləşir. Anbarın özəlliyi ondan ibarətdir ki, mühafizə sistemi qu­rulduğu 1920-ci ildən bəri dəyiş­məyib. Bu o deməkdir ki, kodu sındırmaq və anbarı uzaqdan aç­maq mümkün deyil. Ümumiyyət­lə, avtomatlaşdırma yoxdur, hər şey mexanikləşməyə əsaslanıb. Eyni zamanda burada kameralar, hərəkət sensorları və bəşəriyyətin təhlükəsizlik sahəsində əldə etdi­yi praktiki olaraq hər şey var.

Anbarın yeganə girişi 90 ton­luq metal silindrli qapı ilə bağla­nır. Qızılın saxlandığı otağın giri­şi 140 tonluq beton-metal tağdır, hündürlüyü 2 metr və üç dəmir qapılıdır. Bu giriş günün 24 saatı snayperlə mühafizə olunur.

Bəs Azərbaycanda?..

Ümumdünya Qızıl Şura­sının (World Gold Council) dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesa­batında Azərbaycanın adına rast gəlinmir. Adı çəkilən qurum ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir. Bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Bank kimi monetar və fiskal qurumların ba­lansında olan qızıl ehtiyatlarını birləşdirir. Ölkəmizin Mərkəzi Bankdakı ehtiyatları 2016-cı ilin sentyabrdan satılmağa başlanıb. Ümumdünya Qızıl Şurasının məlumatına görə, sentyabr ayın­da satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr­da 2 ton təşkil edib. Satış 2017-ci ildə də davam edib. Yanvarda 2 ton, fevralda isə 18 ton təşkil edib. Yəni Azərbaycan 6 ay ər­zində Mərkəzi Bankda olan qızıl ehtiyatlarını satıb. Hazırda Azər­baycanın 196,8 kiloqram qızıl, 507,4 kiloqram gümüş ehtiyatı var. 

Ümumdünya Qızıl Şurası­nın hesabatında yalnız Maliyyə Nazirliyi və Mərkəzi Bankın ehtiyatları nəzərə alındığından Azərbaycan Respublikası Döv­lət Neft Fondunun (ARDNF) qızıl investisiyaları barədə məlu­mat yoxdur. Fondun isə kifayət qədər qızıl ehtiyatı var. Qurum bu ilin ilk rübündə 3 tona yaxın qızıl alıb. ARDNF-nin bunun­la bağlı məlumatında bildirilir ki, cari ilin əvvəlinə kimi adı çəkilən qurumun qızıl ehtiya­tı 101,8 ton təşkil etdiyi halda, aprel ayının 1-nə həmin göstə­rici 104,6 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehti­yatını son 3 ayda 2,8 ton və ya 2,8 faiz artırıb.

Qeyd edək ki, bu ilin ilk rü­bündə ARDNF-nin investisiya portfelində qızılın payı 13,2 faiz təşkil edib. Fondun qızıl ehtiyatı əvvəlcə Mərkəzi Bankda yer­ləşdirilib. Sonra isə qızılın ehti­yatda saxlanılması üçün bankın xəzinəsindən hissə-hissə ARD­NF-nin xəzinəsinə köçürülüb. 

Pünhan ƏFƏNDİYEV
XQ

Dünya