Xristian türklər: çuvaşlar

post-img

(I YAZI)

Bu silsilə yazımda, əsasən, dünyanın hər tərəfinə yayılmış xristian türklər barə­də söz açacağam. Birinci yazımı pravos­lav xristian olan Çuvaş xalqı haqqında başlayıram. Çuvaşlar Orta Volqa bölgə­sində, Çuvaşıstan Muxtar Respublikasın­da yaşayan, əhalisinin sayı, təxminən, 2 milyona çatan türkdilli xalqdır. Çuvaşlar pravoslav inanclı 2 türk xalqından biridir. Digər xristian türklər isə qaqauzlardır. 

Çuvaş xalqının qədim tarixi haqqında yetərincə məlumat yoxdur. Yazılı mən­bələrdə faktların azlığı onların mənşəyi ilə bağlı müxtəlif fikirlərin irəli sürülməsinə səbəb olmuşdur. Tarix boyu yurddan-yur­da köç etmiş, başı qeylü-qallar çəkmiş çuvaş xalqı öz tarixi haqqında yazılı mənbələrin it-bata düşməsini özünəməx­sus yumorla qarşılayaraq belə bir məsəl yaratmışdır: “Çǎvaş kěnekine ěne sine”- yəni, “Çuvaşın kitabını inək yedi”. 

Ehtimal olunur ki, çuvaşlar qədim zamanlarda Qara dənizin şimal sahillə­rindən köç edib sıx meşələrdən keçərək indiki torpaqlarında məskunlaşıblar. 

“Çuvaş” etnoniminin mənşəyi və mə­nası ilə bağlı yekdil fikir yoxdur. Bir eh­timala görə, “çuvaş” suvar sözünün şaz türkcəsindən (XIX yüzilliyin rus qaynaq­larında Cağatay türkcəsi Kazan tatarları, noqaylar, çuvaşlar və s. türkdilli xalqla­rın ortaq dili kimi nəzərdə tutulurdu-red) çevrilmiş formasıdır. Digər ehtimala görə, “çuvaş” türk dillərində işlənən “ya­vaş” sözündən törəyib “ləngərli” məna­sını daşıyır. Türkoloq Gerard Klausona görə, “çuvaş” etnonimi “tabğaç” sözü­nün deformasiyaya uğramış forması da ola bilər. Orxan-Yenisey yazılarında adı keçən Tabğaç dövləti bir zamanlar Çinin şimalında, təxminən 386-cı ildə bərqərar olmuşdur. 

Çuvaşlar haqqında məlum olan digər əsas tarixi fakt budur ki, onlar bir türk etnosu olaraq eramızdan əvvəl Orta Asi­yadan Şərqi Avropaya köçən hunların, xəzərlərin, peçeneqlərin və bolqarların arasında yaşayıblar. Çuvaşlar bu gün proto-bolqarların danışdıqları Oğur türk­cəsində (Qərbi Hunca) danışan yeganə xalqdır. Məhz buna görə onların mənşəyi­nin bugünkü İtil bölgəsində məskunlaşan Volqa bolqarlarından gəldiyi düşünülür. Eyni zamanda, XIV əsrdən başlayaraq, bölgədə məskunlaşmış bir çox türk tayfa­ları ilə yanaşı, bəzi yerli fin-uqor xalqları­nın da türkləşərək çuvaşların etnik kimli­yində iştirak etdiyi güman edilir.

1237-ci ildə Volqa-Bulqar dövləti türk-monqol ordusu tərəfindən darmadağın edildi. Sonralar həmin ərazilərdə yaradıl­mış Qızıl Orda dövlətinin sərhədləri indiki Çuvaşıstan ərazisini də əhatə edirdi. XIV əsrdə Qızıl Orda dövləti parçalanmağa başladı və XV əsrdə yaranan Qazan xan­lığının tərkibinə indiki Çuvaşıstan ərazisi də daxil edildi. Daha sonra Qazan xanlığı 1552-ci ildə Rusiya çarı İvan Qroznı tərə­findən ələ keçirildi. 

Çuvaş adına rus mənbələrində ilk dəfə XV əsrin birinci rübündə rast gəlinir. İşğaldan sonra bütün torpaqlarını itirən və ruslara xərac verməyə məcbur olan çuvaş kəndliləri artıq əkinçilik məşğuliyyətinə ara verdilər. Əhalinin bir qismi dolanışıq dalınca Türkiyəyə köçdü. 1650-ci ildə Çu­vaşıstan Moskva knyazlığına birləşdirildi, XVII əsrin sonlarında isə Çuvaşıstan tor­paqları Simbirsk və Kazan quberniyaları arasında bölüşdürüldü.

Qızıl Orda dövlətində yaşayan, əsasən, müsəlman dininə etiqad edən çuvaşlar Rusiyaya birləşdirildikdən sonra tədricən xristianlığı qəbul etdilər. Tatarlar­dan fərqli olaraq, çuvaşların əksəriyyəti xaç suyuna salınaraq vəftiz (tamamilə suya batırılma deməkdir-red) olundular. Həmin dönəmlərdə ruslar yerli türk xalqla­rı arasında xristianlığın təbliğində xüsusilə maraqlı idilər. Rus hökuməti “İncil”i çuvaş dilinə tərcümə etdirmişdi. Xristianlığı yerli xalqın arasında yaymaq üçün missioner­lərə çuvaş dilində səlis danışmaq lazım gəlirdi. Bunun üçün rus hökuməti çuvaş dilinin qrammatikası kitabını (1769-cu il) hazırlatdırdı. Bu zaman Kazan Univer­sitetinin “Şərq dilləri fakültəsi" ümumən türk dilləri sahəsində tədqiqatların apa­rılmasında fəal rol oynayırdı. 1836-cı ildə çuvaş dili ilə bağlı yeni bir kitab – V. P. Vişnevskinin hazırladığı “Çuvaş dili qram­matikası və lüğəti” nəşr olundu.

XX əsrin əvvəllərində Rusiyada baş verən sosialist inqilabı nəticəsində Çuva­şıstanda da çar hökumətinə qarşı üsyan başladı. 1917-ci ilin martında Şupaşkarda çarizmi yıxmaq və müstəqillik əldə etmək məqsədi ilə ilk silahlı dəstələr yaradıldı. 1918-ci ilin mayında milli azadlıq hərəkatı bütün Çuvaşıstana yayıldı. Lakin Rusiya imperiyasının əsarətində olan türk xalqları çar devrildikdən sonra da öz azadlıqlarına qovuşa bilmədilər. 

Bolşeviklər tezliklə hər yerdə nəzarəti ələ keçirdilər. Çuvaşıstanın milli azadlıq mübarizəsi yenildi. 24 iyun 1920-ci ildə Sovet İttifaqının tərkibində Çuvaşıstan Muxtar Vilayəti yaradıldı. 1925-ci ildə isə vilayətin adı dəyişdirilərək Çuvaşıs­tan Muxtar Sovet Sosialist Respublikası (Çuvaşıstan MSSR) adlandırıldı. 1990-cı ildə Sovet İttifaqının dağılmasından sonra Çuvaşıstan Respublikası Rusiya Fede­rasiyasının tərkibində fəaliyyət göstərir. Paytaxtı Şupaşkar (Çeboksarı) olan, əc­dadlarını unutmayan Çuvaşıstanın ən iri rayonlarından birinin adı isə Şumerliyadır. Respublikanın rəsmi dili çuvaş və rus di­lidir. 

Murad KÖHNƏQALA

 

Sosial həyat