Naftalana mobil pəncərə açıldı

post-img

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə nəfis tərtibatda hazırlanmış “Visit Naftalan” mobil tətbiqinin təqdimatı keçirilib.

Mərasimdə ŞİH-nin məsul əmək­daşları, Gəncə Regional Turizm Mərkəzinin, yerli hotel və müalicə mərkəzlərinin rəhbərləri, turistlər iştirak edib. 

ŞİH başçısının müavini Kəmalə Hüseynova möcüzəli neftə sahib Naf­talanın beynəlxalq müalicə turizmi potensialı barədə məlumat verərək, onun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, üç dildə fəaliyyət göstərən “Visit Nafta­lan” tətbiqinin yaradılması bu sahədə atılan addımlardan biridir. Bu tətbiqin istifadəsi turist məmnunluğu ilə yana­şı əlçatanlığı da təmin edəcəkdir.

Daha sonra tətbiqdən istifadə qay­daları barədə videoçarx nümayiş etdi­rilib, tədbir iştirakçılarını maraqlandı­ran suallar cavablandırılıb.Tədbirdə iştirak edən xarici turistlərə ŞİH-nin xatirə hədiyyələri təqdim olunub.

İnternet istifadəçiləri “Visit Nafta­lan” mobil tətbiqini “Android” və “İOS” əməliyyat sistemi ilə çalışan mobil tele­fonlardan yükləyə bilərlər. Qeyd edək ki,“Visit Naftalan”mobil tətbiqi ilə yana­şı, www.visitnaftalan.az saytı da artıq istifadəçilərin ixtiyarındadır.

H.ZEYNALOĞLU,
XQ-nin bölgə müxbiri 

Naftalan



Sosial həyat