UNESCO: İnsanların təbiətə münasibəti kökündən dəyişməlidir

post-img

Təbiətlə, bütün canlılarla münasibətimiz köklü şəkildə dəyişməlidir. Həqiqətən, biz ortaq bir dünya dizayn etməliyik. Bu, Beynəlxalq Bioloji Müxtəliflik Gününün əsas mesajıdır və UNESCO-nun mandatında, həmçinin gündəlik fəaliyyətində öz əksini tapır.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu fikirlər təşkilatın Baş direktoru Odri Azulayın hər il mayın 22-də qeyd edilən Beynəlxalq Bioloji Müxtəliflik Günü ilə əlaqədar müraciətində yer alıb.

Təşkilatın bu mühüm əlamətdar gün münasibətilə müraciətində qeyd olunur ki, biomüxtəliflik planetimizin canlı toxumasıdır. Bu, indi və gələcəkdə insanların rifahının əsasını qoyur və onun sürətli tənəzzülü həm təbiəti, həm də bəşəriyyəti təhdid edir. “UNESCO-nun Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platforması (IPBES) tərəfindən 2019-cu ildə dərc edilmiş Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Qlobal Qiymətləndirmə Hesabatına əsasən, biomüxtəlifliyin itirilməsinin əsas qlobal amilləri iqlim dəyişikliyi, invaziv növlər, təbii resursların həddindən artıq istismarı, çirklənmə və urbanizasiyadır. Qlobal Hesabat yerüstü ekosistemlər üçün 75 faiz təşkil edən biomüxtəlifliyin yox olmasında insan fəaliyyətinin məsuliyyətini nümayiş etdirib. Bu qiymətləndirmə, həmçinin problemin həlli yollarının mövcud olduğunu və hərəkətə keçmək üçün hələ də gec olmadığını göstərib”, -deyə təşkilat vurğulayıb.

Beynəlxalq Biomüxtəliflik Günü əvvəllər hər il dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən Bioloji müxtəliflik üzrə Konvensiya qəbul edilib və mayın 22-si Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib.

Bu əlamətdar günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

Azərbaycan 1992-ci ildə Keniyanın paytaxtı Nayrobidə əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya 2000-ci ildə qoşulub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə qəbul edilib.

Sosial həyat