Yeni Kaledoniya: Fransız müstəmləkəçiliyinə qarşı üsyan

post-img

Son illərdə Fransanın nəzarəti altında olan və Sakit okeanda yerləşən Yeni Kaledoniyada Parisin müstəmləkəçilik siyasətindən narazılığın ifadə edildiyi və xalqın hüquqları, habelə muxtariyyətlə bağlı tələblərin irəli sürüldüyü bir sıra etiraz aksiyaları keçirilir. Təbii sərvətlərlə zəngin olan Yeni Kaledoniya və yerli xalqın - kanakların özünəməxsus mədəniyyəti uzun illər Fransanın müstəmləkə hakimiyyətinin əsarətində olub. 2018 və 2020-ci illərdə müstəqillik referendumlarının keçirilməsi də daxil olmaqla dekolonizasiya istiqamətində göstərilən mühüm səylərə baxmayaraq, müstəqillik məsələləri yerli əhali üçün aktual olaraq qalır.

Bu barədə AZƏRTAC-a siyasi icmalçı, telejurnalist Anastasiya Lavrina Yeni Kaledoniyada davam edən etiraz aksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu etirazlar təkcə yerli əhalinin Fransa siyasətindən artan narazılığını əks etdirmir, həm də daha çox özünüidarəetmə, yerli xalqların hüquqlarının müdafiəsi və təbii sərvətlərin fransız şirkətləri ilə birlikdə beynəlxalq korporasiyalar tərəfindən istismarına son qoyulması tələblərini ehtiva edir.

Fransanın Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasəti beynəlxalq ictimaiyyət və bəzi insan hüquqları təşkilatları tərəfindən də tənqid edilib. Onlar Parisi yerli xalqların mədəni və hüquqi xüsusiyyətlərinə yetərincə hörmət etməməkdə, habelə onların Fransadan müstəmləkə asılılığından xilas olmaq istəklərinə məhdud dəstək verməkdə ittiham edirlər.

Agentliyin həmsöhbəti əlavə edib: “Etirazlara cavab olaraq, Fransa hakimiyyəti qayda-qanun yaratmaq üçün Yeni Kaledoniyaya qoşun göndərmək qərarına gəldi və bununla da vəziyyəti daha da pisləşdirdi. Prezident Emmanuel Makronun vədləri şübhə altında qalır, kanakların bəziləri və onların tərəfdarları Fransanın təsiri altında olan Yeni Kaledoniyanın gələcəyi ilə bağlı etirazlarını və narazılıqlarını bildirməyə davam edirlər”.

Ekspert hesab edir ki, Yeni Kaledoniyadakı etirazlar Fransanın müstəmləkəçilik siyasətinə yenidən baxılmasının və bu ərazidə yerli xalqların hüquqlarına hörmət edilməsinin zəruriliyini vurğulayır. Bu məsələ, həmçinin ədalət uğrunda mübarizənin davam etdiyi dünyanın müxtəlif yerlərində dekolonizasiya prosesi ilə bağlı daha geniş problemləri əks etdirir.

Telejurnalist vurğulayıb: “Dünyanın ən böyük müstəmləkəçi dövlətlərindən biri olan Fransanın faciəli hadisələrlə, zülmə və istismara etirazlarla dolu uzun bir müstəmləkəçilik tarixi var. Bütün bunlar müstəmləkə rejiminə qarşı yönəlmiş iğtişaşlara və üsyanlara səbəb olub. Diqqətçəkən nümunələrdən biri də son illərdə siyasi və hərbi dəyişikliklərə məruz qalan Malidir. 2020-ci ildə orada hərbi qüvvələr nəzarəti ələ keçirdi və 2021-ci ildə Fransa “Barxan” əməliyyatı çərçivəsində bu ölkədə hərbi mövcudluğunu azaltdığını elan etdi. Analoji vəziyyət Fransa hərbi bazalarının tənqid və bağlanma tələbləri ilə üzləşdiyi Niger və Burkina-Faso kimi digər ölkələrdə də müşahidə olunur”.

Siyasi icmalçı diqqəti Fransanın müstəmləkəçilik siyasətinin vəhşiliyinin müasir tarixi tədqiqatlarda tez-tez işıqlandırılmasına və müzakirə edilməsinə çəkib. XVI əsrdə başlayan müstəmləkəçilik həmin ölkələrdə sərvətlərin talanmasına, mədəni zəmində zülmə və yerli əhaliyə qarşı zorakılığa səbəb olub. Fransanın Şərqdə və Afrikada müstəmləkələri sistematik insan haqları pozuntuları, qırğınlar, məcburi əmək və digər istismar formaları ilə üzləşib.

A.Lavrina əlavə edib: “Bu siyasət nəticəsində Fransanın bir çox müstəmləkələrində üsyanlar və müstəqillik uğrunda mübarizələr baş qaldırdı. Məsələn, Vyetnam, Əlcəzair, Madaqaskar, Hind-Çin və başqa bölgələrdə müstəmləkə zülmünə qarşı üsyanlar tüğyan edirdi. Bu üsyanlar bəşəriyyətin qəbuledilməz hallar kimi qiymətləndirdiyi istismara, zülmə və hüquqsuzluğa cavab reaksiyası idi. Müstəmləkəçiliyə qarşı üsyanın ən məşhur nümunələrindən biri Müstəqillik müharibəsinə və nəticədə bölgədə Fransanın müstəmləkə gücünün süqutuna səbəb olan Ho Şi Minin başçılıq etdiyi Vyetnam Milli Müstəqillik Hərəkatı oldu. Bu üsyan təkcə Vyetnamın deyil, həmçinin bir çox başqa müstəmləkə xalqlarının azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzinə çevrildi”.

Siyasi icmalçı diqqətə çatdırıb ki, fransız müstəmləkəçiliyi Afrikada, xüsusən Madaqaskarda dərin qanlı izlər qoyub. 1947-ci ildə Fransız işğalına qarşı malaqas xalqının üsyanı son dərəcə vəhşiliklə yatırıldı, orada 100 minədək insan öldürüldü.

Ekspertin fikrincə, Karib dənizində, Haiti və Qvadelupada fransız müstəmləkəçiləri köləlikdən geniş istifadə edərək, yüz minlərlə afrikalını şəkər qamışı plantasiyalarında ağır əməyə məcbur ediblər. Köləlik amansız rəftar və qullara münasibətdə əsas hüquqların olmaması ilə müşayiət olunurdu ki, bu da çoxsaylı üsyanlara və faciələrə gətirib çıxarırdı.

A.Lavrina söhbətin sonunda bildirib: “Azərbaycan XXI əsrdə neokolonializm siyasətinə qarşı çıxış edir. Bakı Qoşulmama Hərəkatına sədrliyi zamanı bu məsələni mütəmadi qaldırıb, bir çox ölkələrin geniş dəstəyini alıb, həmçinin göstərilən səylər güclü dövlətlərin müstəmləkə siyasətinin bütün ağrı-acısını öz üzərində hiss etmiş xalqlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb. Ölkələrin yekun mövqeyi ondan ibarətdir ki, Fransa dünyada sülhün, ədalətin və bərabərliyin bərqərar olması üzrə səylərin çərçivəsinə salınmalıdır. Yeni Kaledoniyada baş verənlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq istəyən Paris, eyni zamanda, Azərbaycanın ünvanına ittihamlar səsləndirib, onun küçələrdəki iğtişaşlarda əli olduğunu iddia edir. Bu iddiaları təsdiqləyən heç bir konkret sübut təqdim olunmayıb. Bütün faktlar həmin bəyanatın siyasi motivli olduğunu göstərir. Bir zamanlar dünyanın ən böyük müstəmləkəçi imperiyalarından biri olan Fransa tədricən öz təsirini itirir. Parisin səylərinə baxmayaraq, onun keçmiş müstəmləkələrinin olduğu regionlarda təsir gücü azalır. Bu, qlobal dekolonizasiya prosesinin bir hissəsi və keçmiş imperiyaların müasir dünyada rolunun yenidən qiymətləndirilməsi deməkdir”.

Siyasət