Avropa Parlamentinin üzvü məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub

post-img

Avropa Parlmanetinin ispaniyalı üzvü Xaviyer Nart ölkəmizə səfəri çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsindəki keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Zəngilan” şəhərciyində olub. Azərbaycan Respublikası Milli Məclisinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələrinin müşayiət etdiyi qonaq burada sakinlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. 

Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, məcburi köçkünlərin üzləşdiyi çətinliklər, onlara göstərilən dövlət qayğısı haqqında avropalı deputata ətraflı məlumat verilib. Bildirilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət və həssaslıqla yanaşır, onlara hərtərəfli kömək edir. Hazırda məcburi köçkünlərin işğaldan azad edilmiş ətrazilərdə yeni salınan və bərpa edilən daimi yaşayış yerlərinə qayıdışının başlandığı, həmin yerlərdə layiqli həyat şəraitinin yaradılması üçün məqsədyönlü iş aparıldığı qeyd olunub. 

Avropalı qonaq Zəngilan rayon 33 nömrəli tam orta məktəbin yuxarı sinif şagirləri ilə görüşüb,  onlara özünün jurnalist və siyasi fəaliyyəti haqqında danışıb, təhsil və fərdi inkişafla bağlı tövsiyələr verib. “Şəfəq” uşaq bağçasında isə məcburi köçkün ailələrdən olan balacalar qonağa nağıl qəhrəmanları haqqında yığcam səhnəcik təqdim ediblər.

Xaviyer Nart 44 günlük Vətən müharibəsinin ən gənc şəhidlərindən olan İsmayıl Davud oğlu Mehdiyevin ailə üzvləri ilə də görüşüb. Ona şəhidin bioqrafiyası, döyüş şücaəti barədə məlumat verilib. Bildirilib ki, məcburi köçkünlüyün mərhumiyyətlərini görmüş İsmayıl doğma yurdun azad edilməsi üçün canını fəda edib. Avropalı qonaq şəhid ailəsinə başsağlı verib, bölgədə sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. 

Xaviyer Nart məcburi köçkünlərlə görüş üçün yaradılan şəraitə görə minnətdarlıq edib, görüşlərdən razı qaldığını bildirib.

Avropalı deputatın işğaldan azad edilmiş ərazilərdə yaradılan bərpa-quruculuq işləri ilə tanış olmaq üçün Şuşaya səfər etməsi nəzərdə tutulur.  













Sosial həyat