Ulu öndər və uğursuzluğu zəfərə çevirən siyasət

post-img

“Xalq qəzeti”nin Goranboyda dəyirmi masa müzakirəsi

Xəbər verdiyimiz kimi, mayın 7-də Goranboy Rayon İcra Hakimiyyəti və “Xalq qəzeti” ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş birgə dəyirmi masa keçirib. “Ulu öndər və uğursuzluğu zəfərə çevirən siyasət” mövzusunda müzakirədən hazırlanmış materialı oxucularımıza təqdim edirik.

Dəyirmi masa ətrafındakı söhbətdən əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi qarşısında ucaldılan Ulu öndərin abidəsi önünə gül dəstələri düzdü, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildirdilər. Sonra mərkəzin foyesində təşkil olunmuş stendər, foto-şəkillərlə tanışlıq oldu. Ümummilli liderin 1978, 1982 və 2002-ci illərdə Goranboya səfərləri ilə bağlı şəkillərə, tarixi sənədlərə və digər materiallara iştirakçılar böyük maraqla baxdılar.

Toplantı Yeni Azərbaycan Partiyası Goranboy Rayon Təşkilatının binasında davam etdirildi. Əvvəlcə  Ulu öndərin və Vətən şəhidlərinin xatirəsi ehtiramla yad edildi. Sonra Ulu öndərin mətbuatımızın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri, jurnalistlərə göstərdiyi diqqət və qayğını əks etdirən film nümayiş etdirildi.

Dəyirmi masanı giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirakçıları salamlayaraq dedi:

– Ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən, müstəqilliyini günbəgün möhkəmləndirən müasir Azərbaycan dövləti Heydər Əliyev ideyalarının təntənəsidir. 

Heydər Əliyev  Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, çağdaş dövlət idarəçiliyi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında intibaha nail olmuşdur. 

Möhkəm siyasi iradə və sarsılmaz əqidəyə sahibi olan Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün bütün imkanlardan bacarıqla istifadə etmişdir. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan sovet imperiyasının süqutunun yaratdığı böhran və xaos, Ermənistanın ölkəmizə hərbi təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. 

Tarixi taleyimizin həll olunduğu fəlakətli bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmışdır. Xilaskar lider bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. 

Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş biliyi və dərin təfəkkürü, düşünülmüş və cəsarətli qərarları ilə 
Heydər Əliyev təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri yüksək səviyyədə həll etmişdir.

Müstəqil dövlətin lideri Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət      quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında  müstəsna xidmətləridir. 

Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması da Ulu öndərin müstəsna töhfəsidir. Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. 

Başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilmişdir. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədiyyət qazandı. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində     bu gün Azərbaycan dünyada müstəqil, tərəqqi edən dövlət kimi tanınır. 

Bölgələrimizi addım-addım gəzən, ayağı dəyən yerləri cənnətə döndərən qüdrətli lider Heydər Əliyev sonuncu dəfə, 2002-ci il sentyabrın 13-də Goranboyda olarkən demişdi: “Xatirimdədir, 1978-ci ildə, 1982-ci ildə mən sizin rayona gəlmişəm, burada geniş müşavirə keçirmişəm. Hətta rayonlararası müşavirələri burada keçirmişəm. Təkcə bu deyil, sizin rayonunuzla mən daim məşğul olmuşam və o illərdə rayonun inkişafı üçün lazım olan tədbirləri görmüşəm”.     

O illərdə rayonda pambıq istehsalı 35 min tona çatmışdı. 1996-cı illə müqayisədə rayonda taxıl istehsalı 15 min ton artmışdı. Məktəblər, tibb müəssisələri yenidən qurulmuşdu. Digər sosial obyektlər istifadəyə verilmişdi. Rayonun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində müharibə zamanı dağıdılmış 1400 yaşayış evinin bərpa edilməsi, 1995-ci ildən tikintisi yarımçıq qalmış 322 evin inşasının başa çatdırılması üçün Neft Fondunun hesabından kifayət qədər vəsaitin ayrılması uğurlu neft siyasətinin bəhrələrindən biri, ÜmummillilLiderin Goranboy rayonuna böyük diqqət və qayğısının təzahürü idi.         

Heydər Əliyev dünya miqyaslı siyasətçi kimi keçmiş sovet dövlətinin də həyatında silinməz izlər qoymuşdur. Düz yarım əsr əvvəl təbii sərvətlərlə zəngin olan Sibir və Uzaq Şərqi birləşdirəcək Baykal–Amur Magistralının tikintisi barədə qərar qəbul edilməsi ittifaqda böyük əks-səda doğurmuşdu. Heydər Əliyev Moskvaya sovet rəhbərliyinə gedəndən sonra əsrin nəhəng tikintisi Baykal–Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri olmuşdu və işlərin gedişini tam nəzarətdə saxlamışdı. Miqyasına görə nəhəng sayılan magistralın tikintisində isə işlərin sürəti qənaətbəxş deyildi. O illərdə Heydər Əliyevin qətiyyəti olmasaydı, Baykal–Amur Magistralının tikintisinin başa çatması müşkül bir məsələyə çevriləcəkdi. Böyük qurucu rəhbər Heydər Əliyevin rəhbərliyi altında 1984-cü ildə Baykal–Amur Magistralı əsasən istifadəyə verildi.

2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi onun bu xidmətlərinin unudulmaması demək oldu.

Heydər Əliyev kimi müdrik şəxsiyyətləri tarix tez-tez yetirmir. Zaman keçdikcə bu nadir şəxsiyyətin əzəmətini qədirbilən xalqımız daha aydın görür və dərk edir. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Tədbirdə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxış edərək demişdir:

- Zamanın, məkanın fövqündə dayanan şəxsiyyətlərin mövcudluğu hər xalqın taleyinə yazılmış xoşbəxtlik ola bilməz. Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir.

Heydər Əliyev böyük zirvədir. Bu zirvə Uca Tanrının bizlərə lütfüdür. Hər sözü, hər davranışı, mimikası, jestləri, təbəssümü, mərhəməti parlaq cizgilərlə özündə birləşdirən nəhənglikdir Heydər Əliyev. O nələrə şahidlik etməyib ki? Dayandığı zirvəni təsvir emək mümkündürmü? Əsla yox. Heyrətamizdir, örnəkdir, tarixdir onun gördükləri və etdikləri. Hətta möcüzədir də.

Bu gün Azərbaycanın dünyadakı mövqeyinə, dəst-xəttinə baxanda bir daha əmin olursan ki, Heydər Əliyev möcüzə yaratmış şəxsiyyətdir, möcüzələr memarıdır. O möcüzələrin ki, azərbaycanlını yenidən dövləti olan xalq statusuna qaldırdı. O möcüzələrin ki, bir toplumu dövlətçilik təfəkkürününə köklədi. Bəli, Heydər Əliyev Azərbaycanı Azərbaycan edəndir. 

Heydər Əliyev şəxsiyyəti məfkurədir, ideyadır, qətiyyətdir, əzmdir, iradədir. Bunun təsdiqi baxımından kifayət qədər təkrarsız və bənzərsiz nümunələr var. Çoxlarınız onlarla tanışsınız. O nümunələr yaşadığımız tarixin də ayrılmaz tərkib hissəsi kimi özünü təsdiqləmiş, vətəndaşlıq hüququ qazanmış təbiətə malikdir. Amma mənə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad olunması münasibətilə xalqa müraciətindəki bu fikirlər daha çox təsir etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün!”

Bəli, Heydər Əliyevin torpaqlarımızın düşmən tapdağından xilas edilməsi yolundakı dönməzliyi, prinsipiallığı nəticəsini verdi. Qarabağ məsələsinin dərinliklərini, siyasi labirintlərini nəzərdən keçirəndə, keçmişdəki aktiv jurnalistlik fəaliyyətim zamanı bu mövzudakı siyasi mükalimələri, müxtəlif şəxslərin söylədiklərini beynimdə saf-çürük edəndə düşünürəm ki, ortada insanı heyrətə gətirən nəticə var. Qürur duyuram, fəxarət hissi keçirirəm ki, xalqımın Heydər Əliyev kimi stereotipləri sındıran, tarixi dəyişdirən, axına qarşı çıxa bilən mərd övladı var.

Qarabağın Azərbaycana qayıtması sıradan hadisə sayıla bilməzdi. Qarabağı və digər işğal edilmiş torpaqlarımızı bizə qovuşduran təpər və cəsarət illərdən bəri aparılmış düşünülmüş siyasətin son dərəcə parlaq akkordu idi. O siyasətin ki, təməlini Heydər Əliyevdən götürmüşdü.

Heydər Əliyev şəxsiyyəti üçün Qarabağ xalqımızın milli davasıydı. Prezident İlham Əliyev məhz bu ideyanı müqəddəs məfkurəyə çevirdi. Bunu bacarması ilə nə qədər fəxr etsə, öyünsə, yenə azdır. Axı ata vəsiyyətini belə dəqiqlik və həssaslıqla yerinə yetirə bilən lider övladlar da tarixdə çox deyil.

Bildiyiniz kimi vaxtilə “Ruh” Jurnalistləri Müdafiə Komitəsi Heydər Əliyevi “Jurnalistlərin dostu” seçib. Bu münasibətlə təşkil olunan mərasimdə Ulu Öndərin dedikləri bu gün də yadımdan çıxmır: “Bu mənim üçün qeyri-adi bir hadisədir. İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar. Mənə 2001-ci ildə Azərbaycanda "Jurnalistlərin dostu" mükafatı verdiklərinə görə "Ruh" Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam”. Siz sadəliyə, eyni zamanda böyüklüyə, müdrikliyə baxın.

Heydər Əliyev jurnalistikaya kifayət qədər açıq idi və jurnalistikanın gücünü son dərəcə aydın dəyərləndirirdi. O, Azərbaycanın media orqanlarının dövlətçilik ruhunda inkişafında mühüm işlər görüb. İstər Naxçıvanda dövlət çevrilişinə cəhd olunanda, istərsə də 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdlər zamanı televiziya vasitəsilə xalqa müraciət edib onları səfərbər olmağa çağırması kifayət qədər ciddi addım idi. Onun xalqa müraciət forması bunun bir göstəricisidir.

Yəqin bilirsiniz, qəzetlərin Azərbaycan Nəşriyyatına borcu yığılıb qalmışdı. Belə bir məqamda Heydər Əliyev media rəhbərləri ilə görüş keçirdi və borclar donduruldu. Yeri gəlmişkən, onu da deyim ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başlayanda isə həmin borclar ümumiyyətlə silindi. Əlbəttə, bu, Ulu öndərin əsasını qoyduğu mediaya dəstək siyasətinin parlaq göstəricisi idi. O siyasətin isə saysız-hesabsız təzahürləri var. Bu baxımdan Prezident Heydər 
Əliyevin 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə bağlı imzaladığı Sərəncam xüsusi vurğulanmalıdır. Sənəd bütün media ictimaiyyətində dərin rəğbət doğurmaqla yanaşı, cəmiyyəti sözün yaxşı mənasında şoka saldı.

Biz hamımız düşünürdük ki, müharibə vəziyyətində olan bir ölkə senzuranı necə ləğv edə bilər?! Bunu yalnız O böyük İnsan edə bilərdi və sonrakı proseslər bir daha göstərdi ki, Heydər Əliyev necə bir uzaqgörən, dahi şəxsiyyət idi.

Əflatun Amaşov çıxışının sonunda “Heydər Əliyevin media dərsləri” kitabını rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə bağışlamışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qədim şəhərin inkişafında Ulu öndərin, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın xidmətlərindən söz açdı:

– Ulu öndər Azərbaycana rəhbərliyi illərində Gəncəyə 12 dəfə səfər edib. Bu səfərlər Gəncənin inkişafına, tərəqqisinə güclü və davamlı təkan verib. Şəhərdə elə bir sahə, obyekt, tikili yoxdur ki, orada Heydər Əliyevin izi, xidməti olmasın. Nəhəng sənaye müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, saysız-hesabsız sosial obyektlər, park və xiyabanlar Gəncəyə yeni nəfəs gətirdi, şəhərin adı ölkənin hüdudlarından kənara çıxdı. Burada tarixi abidələrə də yeni nəfəs verildi, şəhərin elmi potensialı gücləndirildi. Elə Gəncə Elm Mərkəzi də Heydər Əliyevin təşəbbüsü ilə yaradıldı. Bu elm ocağı AMEA-nın Gəncə bölməsi adı ilə öz fəaliyyətini ildən-ilə genişləndirir.

Ulu öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçımız respublikaya rəhbərlik etdiyi 21 il ərzində 21 dəfə Gəncəyə səfər edib.

Hər dəfə də yeni obyektlərin açılışı olub və ya digərlərinin təməli qoyulub. Fərəhli hal odur ki, Prezidentimiz bu tədbirlərin hamısında özü şəxsən iştirak edib. Bu səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalıb. Ölkə rəhbəri hər dəfə qədim diyarın müasirləşdirilməsi istiqamətində aparılan işlərlə maraqlanaraq milli xüsusiyyətləri unutmamağı tövsiyə edib.     

Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da dövlət başçısımızın tövsiyələrinə uyğun qəbul olunub. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumental ünsürlərin əlavə edilməsi qərara alınıb. Beləliklə, həm Prezident İlham Əliyevin, həm də 
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Gəncədə tarixi-memarlıq abidələri yeni bir dövrə qədəm qoyub.

Gəncədəki Heydər Əliyev Park-kompleksini möcüzə adlandıran dövlət başçımız onun da açılışında olub. Yeri gəlmişkən, 400 hektar sahəsi olan bu obyekt dünyanın 5 ən böyük parkından biridir  və gəncəlilər bununla haqlı olaraq fəxr edirlər. İlk çinarın 1979-cu ildə Ulu öndər tərəfindən əkildiyi ərazi indi gəncəlilərin və qonaqların ən böyük istirahət yerinə çevrilib. 

Dövlət başçısı Gəncədə yeni iş yerlərinin yaradılması istiqamətində də böyük tədbirlərin həyata keçirilməsinə nail olub. "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin istifadəyə verilməsi ilə minlərlə adam daimi iş yeri azandı. Bu, Azərbaycanın dinamik inkişafının parlaq göstəricisidir.

(Akademik AMEA Gəncə bölməsi alimlərinin birgə hazırladıqları “Heydər Əliyev və Gəncə” kitabını Goranboy Rayon İcra Hakimiyyətinin kitabxanasına hədiyyə etdi.) 

“Mübariz” rayon qəzetinin redaktoru Xuraman Abbasova isə mövzu ətrafında çıxışında dedi: 

– Müasir Azərbaycan jurnalistikası da öz inkişafını Heydər Əliyev ideyalarından götürür. Çünki medianın inkişafı məsələləri həmişə ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Milli mediamızın bir qərinəlik dövrdə inkişafı daim jurnalistlərin dostu olmuş Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Müasir Azərbaycan jurnalistikası dünya standartları səviyyəsinə yüksəldi. 

Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sosial-iqtisadi problemlərin həlli, söz, fikir azadlığına geniş meydan açılması media sahəsində də əsaslı irəliləyişlərə şərait yaratdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı.

1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman ölkə KİV-nin inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə adlı senzura birdəfəlik ləğv edildi.

1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli lider Heydər Əliyevin azad, demokratik medianın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 

2000-ci ilin martında Ulu öndərin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Mətbuat, Teleradio və İnternet şuraları yaradıldı.

2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Ulu öndər mətbuatın maneəsiz fəaliyyəti, dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlətin peşə səviyyəsinin yüksəldilməsi və  hüquqlarının qorunması üçün bütün zəruri addımlar atdı və tədbirlər həyata keçirmişdir. Qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Yeni qəzetlər, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı. 

Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova müzakirələrə qoşularaq söylədi:

– Belə bir gündə danışmaq mənim üçün qürurvericidir, həm də məsuliyyətlidir. Heydər Əliyev haqqında günlərlə danışsaq da qurtarmaz. Onun Azərbaycan üçün gördüyü xidmətlər misilsizdir. Ulu öndər xalqın təkidi ilə hakimiyyətə gələndə ölkə daxilində xaos, çəkişmələr baş verirdi. Torpaqlarımız işğal olunurdu, sənayedə, təhsildə, elə mətbuatın özündə də problemlər əmələ gəlmişdi. Onun hakimiyyətə gəlişi bütün bunların qarşısını aldı və özbaşnalıqlara son qoyuldu. Torpaqlarımızın işğalı dayandırıldı və tədricən hər bir sahədə dirçəliş başladı. 

Ulu öndər hakimiyyətə gələndən sonra ordu quruculuğuna yetirdiyi diqqətin nəticəsidir ki, indi biz bu salonda qalib Azərbaycan dövlətinin nümayəndələri kimi əyləşmişik. Çünki bunun təməli o dahi şəxsiyyət tərəfindən qoyulub. Kiçik bir epizodu xatırlatmaq istəyirəm: oktyabr ayında andiçmədən sonra ilk görüşünü biz şəhid ailələri ilə keçirdi. İkinci dəfə Prezident seçiləndə də ilk görüşü 1998-ci ildə bizimlə oldu və mənim orada sevimli rəhbərlə maraqlı söhbətim oldu.  

Xalq atası adını şərəflə daşımış Heydər Əliyev heç vaxt şəhid ailələrinə diqqətini, qayğısını əsirgəmədi və insanlarda da belə bir fikir formalaşdı ki, deməli, torpaq, vətən uğrunda canından keçən hər bir kəs dövlət tərəfindən qayğı ilə əhatə olunur.            

Ulu öndər böyük inamla demişdir ki, nə qədər Azərbaycan var, mən də varam. Mən də Azərbaycanda həmişəlik qalacağam. Bəli, o böyük insan həmişəlik Azərbaycandadır, bizim qəlbimizdədir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair  Ələsgər Əlioğlu isə dəyirmi masada söz alaraq dedi:

– Ümummilli lider Heydər Əliyevin söz adamlarına, yaradıcı insanlara qayğısı mətbuat səhifələrinə silinməz izlərlə həkk olunub.  Mən “Xalq qəzeti”nin tarixi ilə bağlı araşdırma apararkən görmüşəm ki, 1969-cu ildən sonra ədəbiyyatımızda və incəsənətimizdə milli ab-hava yaranıb. Böyük rəhbərin yaradıcı adamlara münasibəti bir məktəbdir və bu, mütləq dərindən öyrənilməlidir. Kiçik bir epizod deyim. Yazıçıların qurultayında deyilib ki, Hüseyn Cavidin məzarı Sibirdə qalıb. Ulu öndər  dərhal cavab verib: Siz nə vaxt bu məsələni qaldırmısınız ki, mən də bununla bağlı tədbir görməyim?

Çox keçmədi ki, Heydər Əliyev uzaq Sibirdən, yiyəsiz bir yerdən Hüseyn Cavidin nəşini Azərbaycana gətizdirdi. Bu hadisə mədəni tariximizə qızıl hərflərlə yazılan səhifələrindəndir. Yaradıcı insanlara belə isti münasibəti, qayğını, bu ənənəni Heydər Əliyevdən sonra onun ən layiqli varisi Prezident İlham Əliyev davam etdirir.

“Xalq qəzeti”nin bölgə müxbiri, Əməkdar jurnalist Hamlet Qasımov Ulu öndərin onun çalışdığı qəzetə verdiyi yüksək qiyməti xatırlatdı:

– Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mətbuatın himayədarı, qayğıkeşi olub. Bunu “Xalq qəzeti”nin timsalında da aydın  görmək olur. Mediamızın misilsiz himayədarı ölkənin ən uzunömürlü, anadilli gündəlik ictimai-siyasi nəşrinin 75 illiyi münasibətilə redaksiya kollektivinə gəndərdiyi teleqramda demişdi: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai və mədəni həyatının güzgüsü olmuşdur”.

Dəyirmi masa müzakirəsini çapa hazırladı:
H.Zeynaloğlu
XQ

Goranboy 

 























Sosial həyat