Slovakiya şirkətləri ölkəmizdə həvəslə fəaliyyət qurur

post-img

Azərbaycan və Slovakiya arasında münasibətlər dostluq, əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf edir. İki ölkə arasındakı bu münasibət iqtisadi əməkdaşlıq sahələrində güclənərək son illərdə daha da inkişaf edib. Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib. 1 fevral 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Səfər zamanı Birgə Bəyanat, Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Slovakiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. 20 Aprel 2002-ci ildə isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Slovakiya Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti dəfə əməkdaşlıq haqqında Protokol imzalanıb.

İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib.

Azərbaycan və Slovakiya arasında iqtisadi münasibətlər energetika, ticarət, texnologiya və turizm kimi sahələrdə genişlənməkdədir. Energetika sahəsində Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın səmərəliliyi diqqət çəkir. Azərbaycanın zəngin neft və qaz ehtiyatları, Slovakiya üçün əhəmiyyətli bir sahədir. Bu, enerji ticarəti, boru kəmərlərinin qurulması və enerji infrastrukturunun inkişafı kimi layihələrə imkan yaradır.

Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Azərbaycan qazının Aİ bazarına ixrac edilməsi üçün infrastrukturun yaradılması məqsədilə bir neçə əsas layihə icra olunub. 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlayıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin (ozamankı) Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsi razılaşdırılıb və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına imkan verib. Artıq tam gücü ilə işə düşən Cənub Qaz Dəhlizi məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi töhfə verən mühüm enerji infrastrukturudur. Ölkə başçısının müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.

Bütün bu layihələr Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün əsaslı infrastruktur yaradır və enerji təhlükəsizliyinin artırılmasında əhəmiyyətli addım kimi qiymətləndirilir. Həmçinin bu infrastrukturun yaradılması bölgədə iqtisadi əməkdaşlığı gücləndirmək və strateji tərəfdaşlığı genişləndirməklə yanaşı, regionda sabit və uzunmüddətli enerji təchizatının inkişafını təmin edir.

2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edirdisə bu il bu rəqəmin 12 milyarda qədər artması gözlənilir. 2027-ci ilin sonunadək isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Bu planın olması Azərbaycanın qaz ixracının müsbət perspektivlərinin təzahürüdür. Qaz ixracının artırılması, ölkənin iqtisadi inkişafına və beynəlxalq enerji bazarlarındakı mövcudluğuna olan təsirini daha da artıracaq. Bununla birlikdə bu layihələrin həyata keçirilməsi, infrastrukturun inkişafını və Avropa İttifaqı ilə əlaqələrin daha da güclənməsini təmin edəcək potensialı əks etdirir.

Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Bununla bağlı 2023-cü il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik halqası” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Bu layihə Mərkəzi, Şərqi və Cənubi Avropa regionunda enerji təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edəcək.

Qeyd edək ki, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu memorandumun imzalanması, iki tərəfin energetika sahəsindəki əməkdaşlığını daha da genişləndirməyə və strateji məqsədlərinə nail olmağa, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb.

Dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Prezident İlham Əliyev Avropaya digər enerji körpüsünü də salır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırır ki, istehsal olunacaq enerjinin 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı da hədəfləyir.

İqtisadçı ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, Azərbaycan və Slovakiya arasında münasibətlər davamlı olaraq artmaqdadır. Onun sözlərinə görə, Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir.

“Azərbaycanın 2,6 trilyon kubmetrlik qaz ehtiyatı, eyni zamanda, bu ehtiyatın hasil olunması üçün mövcud potensialı və ixrac olunması üçün Cənub Qaz Dəhlizi kimi bir infrastruktur imkan verir ki, Şərqi Avropa ölkələrinin, o cümlədən də Slovakiyanın qazla təchizatında Azərbaycan öz rolunu oynasın. Bu isə ikitərəfli münasibətləri daha da yüksəldir”, - deyə E.Əmirov vurğulayıb.

Ekspert diqqətə çatdırıb ki, ötən il Bolqarıstanın paytaxtında “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Onun sözlərinə görə, bunu əməkdaşlığın perspektivdə daha da genişlənməsinə əlavə yol xəritəsi kimi adlandırmaq olar.

E.Əmirov bildirib ki, Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsi 2022-ci ildə 52,7 milyon dollar olub. 2023-cü ildə isə bu göstərici daha da artıb. O vurğulayıb ki, iki ölkə arasında illik ticarət dövriyyəsi davamlı olaraq artmaqdadır: “Ən azından Azərbaycanın qaz ixracı iki dəfəyə qədər artıb. Məsələn, 2022-ci ildə ixrac 600 milyon kubmetr idisə, bu rəqəm 2023-cü ildə 1 milyard 250 milyon kubmetr olub. Təbii ki, bu ixrac artdıqca ticarət dövriyyəsində də özünü göstərəcək. Ümumiyyətlə Azərbaycanda yaradılan mövcud investisiya mühiti, o cümlədən Ələt-Araz iqtisadi zonasının öz rezidentləri və qeyri-rezidentləri üçün yaratdığı fürsətlər Slovakiya şirkətlərinin də Azərbaycanda fəaliyyətini stimullaşdırır. Azərbaycan-Slovakiya biznes forumunda da bu məsələ bilavasitə vurğulanıb. Ticarət, energetika, sənaye, nəqliyyat və turizm sahələri üzrə əməkdaşlığı gücləndirməyə əlavə fürsətlər verir. Düşünürəm ki, qeyd edilən bütün istiqamətlərdə iki ölkə arasında münasibətlər artan dinamika ilə davam edəcək. Azərbaycanın Orta Asiyadan əlavə, Avropa istiqamətində də iqtisadi kontekstdəki əlaqələrində genişlənmə prosesi gedir”.

İqtisadiyyat