Bəşərin həyat simfoniyası

post-img

Dünya durduqca onun musiqilərini həmişə eşidəcəklər. Həmin musiqiləri dünyaya gətirən bəstəkarın özünün eşitməklə bağlı problemləri olsa da..

Həmin əbədiyaşar musiqilərin böyük bir qismi muəllifin qulağının kar olmasından sonra yazılsa da...

O, yağış damlalarının, titrək yarpaqların, pıçıldaşan xəzəllərin bəstələdiyi və heç kimin eşitmədiyi simfoniyaları nota köçürüb. Təəssüf ki, bu notların musiqi versiyasını eşitmək dahi bəstəkara nəsib olmayıb...

1770-ci ildə Almaniyanın Bonn şəhərində dünyaya göz açan Lüdviq van Bethoven musiqi tarixində özünə əbədi iz qoyan bəstəkarlardan biridir. Onun babası da saray musiqiçisi, peşəkar ifaçı olub. ­Atası İohan xorda oxusa da, tüfeyli həyat keçirib. Atası ailənin üçüncü övladı olan Lüdviqə piano və skripkada çalmağı öyrətmişdi, lakin o, skripkaya deyil, pianoya daha çox maraq göstərirdi.

17 yaşı olanda məşhur bəstəkar Motsart Vyanada onun improvizasiyalarına qulaq asaraq çox bəyənib. Lakin Lüdviq anasının vəfatı ilə əlaqədar geri qayıdıb. 1792-ci ildə o, ikinci dəfə Vyanaya üz tutub və ömrünün sonunadək həmin şəhərdə yaşayıb.

Bethoven 1798-ci ildə qulaqlarında küy olmasından şikayətlənir, yüksək səs tonlarını ayırd edə bilmirdi.1802-ci ildə bəstəkar Hayligenştadta istirahətə yollansa da, bu, ona kömək etmir. Lüdviq özünə qəsd edərək həyatla vidalaşmaq istəyib, lakin az sonra fikrindən daşınıb. Qardaşlarına vəsiyyət məzmunlu məktublar yazıb: "Yanımda dayanan birinin uzaqdan fleyta səsini eşitməsi, mənimsə heç nəyi eşitməməyim çox çətindir. Kimsə uzaqdan çobanın oxumasını duyur, mənsə səsləri ayırd edə bilmirəm, bu, çox ağırdır".

O, öz karlığını məharətlə gizlədə bilirdi, hətta söhbət zamanı qeyri-adekvat cavab verirdi. Əslində isə, xəstəliyi çox ciddi idi, bəstəkar tinitdən (daxili qulağın iltihabı) əziyyət çəkirdi. Maraqlıdır ki, Bethoven bütün simfoniyalarını eşitməni itirəndən sonra bəstələyib.

Bəstəkar sətəlcəm və qarın yatalağı kimi xəstəliklərə də tutulmuşdu. 1826-cı ildə Qneyxendorfda istirahətdən qayıdandan sonra səhhəti daha da pisləşdi, qaraciyərindəki sirroz ağrılarından yataqdan qalxa bilmirdi. Bir il sonra 9 simfoniya, piano üçün 5, skripka üçün 1, piano və skripka üçün 1 konsert, 32 piano sonatası və 1 opera müəllifi olan böyük bəstəkar vəfat edərək Vahrinq qəbiristanlığında dəfn edilib. Onun dəfn mərasimində 30 minə yaxın insan iştirak edib. 1888-ci ildə isə onun nəşi Vyana Mərkəzi Məzarlığında onu çox sevən həmkarı Şubertin yanında torpağa tapşırılıb.

Süleyman QARADAĞLI

 

Sosial həyat