Xivənin “min bir gecə” aləmi

post-img

Xeyvək quyusu ətrafında möcüzəli şəhər

Xivə şəhəri Özbəkistanın qədim yaşayış məskənlərindən biridir. Onun, təxminən, 2500 yaşı olduğu ehtimal edilir. Xivəyə gələn hər kəs, sanki, “Min bir gecə” nağıllarındakı sehirli aləmə düşür. Bəli, burada hündür divarların arxasında gizli qapıları olan gil labirint şəhər gizlənir.

Əfsanəyə görə, Xivənin əsasını Nuh peyğəmbərin oğlu Sim qoyub. Belə nəql edirlər ki, bir dəfə səhra­da səyahət edərkən Sim yuxuya gedir. Yuxuda od görür və dəhşətli susuzluq hiss edir. Yuxudan hövlnak ayılan Sim səhrada quyu qazmağa başlayır. Suya çatanda qışqırır: “Xey vak! Xey vak!” Bu, “Nə yaxşı!” deməkdir. Beləcə, həmin “Xey vak!” ifadəsindən şəhərin adı formalaş­mağa başlayır: Xeyvə, Xivə...

Əvvəlcə bir quyu ətrafında tikilən kiçik Xivə zaman keçdikcə böyük bir şəhərə çevrilir. Böyük İpək Yolu ilə hərəkət edən tacirlər burada dünyanın ən təmiz suyundan içir və məmnuniyyətlə deyirdilər: “Oxxay!” 

Zaman-zaman hakim sülalələr dəyişir, şəhər ərəblər və səlcuqlar tərəfindən tutulur. 1220-ci ildə Xi­vəni Çingiz xanın qoşunları dağı­dıb, şəhər yer üzündən silinir. Lakin susuz səhrada saf suyun məskəni olan şəhər yenidən dirçəlir, təzədən qurulur və artıq 1598-ci ildə Xivə Xarəzmin paytaxtı olur. 

Orta əsrlərdə Xivə xanlığının əsası qoyulur və şəhər müsəlman Şərqində ən böyük dini mərkəzlər­dən birinə çevrilir. XVIII–XIX əsrlər­də burada çoxlu saray, məscid və mədrəsələr ucaldılır. 1873-cü ildə ciddi müqavimətə baxmayaraq, Xivə xanlığı Rusiya imperiyasının himayəsi altına düşür. 1918-ci ildə Qızıl Ordu hissələri Xivə xanının hakimiyyətini devirir. 1924-cü ildən Xivə isə Özbəkistan SSR-in, 1991-ci ildən isə müstəqil Özbəkistanın adi şəhəri olur.

Xivə eynən bizim Bakı kimi iki şəhərdən ibarətdir: İçan-Kala (İçə­rişəhər) və Disan-Kala (Qalanın çölündə olan şəhər). Xivə abidələ­rinin çoxu içərişəhərdə, karvanların rahatlığı üçün dörd əsas istiqamətə yönəlmiş dörd qapısı olan İçan-Qa­lada cəmləşmişdir. Lakin Xivə­nin görməli yerləri bununla bitmir. İçan-Qalanın Kalta Minor, İslam Xoca Minarəsi, Cümə məscidi və Xivənin hamisi, qəhrəman və şair Pəhləvan Mahmud Məqbərəsi kimi tarixi abidələri mövcuddur. 

Kalta Minor qədim Şərqdə ən möhtəşəm tikililərdən biri kimi ta­nınmışdır. Onun 14 metrlik özü­lü minarənin hipotetik hündürlüyü haqqında təəssürat yaradır. Tarixi mənbələrdə qeyd edilir ki, minarənin tikintisi Məhəmməd Əmin Xanın ölü­mündən sonra dayandırılıb və onun varislərinin inşaat işlərini başa çat­dırmaq üçün pulu olmayıb. Bu barə­də bəzi əfsanələr və rəvayətlər də var. Əfsanələrdən birinə görə Kalta Minorun memarı Buxara hökmdar­larına tikinti başa çatdıqdan sonra onun şəhərində bundan da hündür minarə tikməyi vəd etmişdi. Buna görə də memar 26 metr hündürlü­yündəki yarımçıq tikilidən yerə atı­lıb. Yeri gəlmişkən, Kalta Minor Orta Asiyada tamamilə keramik plitələrlə bəzədilmiş yeganə minarədir.

İçan-Kala isə 10 metr hündürlü­yündə döyüş divarlarının arxasında dar küçələrin labirintində məscidlər, mədrəsələr və minarələrin qərar tut­duğu əzəmətli bir qaladır. Səyyahlar deyirlər ki, yolun Xivəyə düşübsə, deməli keçmişə düşmüsən. Yerli əhali yüz illər əvvəl olduğu kimi, tən­dirlərdə çörək bişirir, məşhur ipək xalçalar toxuyur və gözəl gil qablar düzəldirlər. Xivənin dar küçələrində bu gün də çamaşırlar qurudulur, tən­bəl pişiklər isə isti daşların üstündə uzanıb mürgüləyirlər. Şəhər həm də ağac üzərində oyma işləri ilə məş­hurdur. Şəhərin qonaqları adətən buradan suvenirsiz qayıtmırlar. 

Maraqlıdır ki, həmin əfsanəvi Xeyvak quyusu hələ də yaşayır və kölgəli şəhər həyətlərinin birində gizlənir. Şəhərdə hər addımda att­raksionlar var. Çoxlarına giriş pul­suzdur, ancaq qapılarda duran yerli ağsaqqallar qonaqlardan pul istəyir­lər. Xivədə hər adam üçün bir həyat hekayəti var. Baron Münhauzenin dediyi kimi: “Gülümsəyin, cənablar! Gülümsəyin və eşitmədiyinizi və ya başa düşmədiyinizi iddia edin. Eyni zamanda, hərəkətə davam edin, inanın, mütləq sizdən əl çəkəcək­lər!”

Xivə gün batanda və gecələr çox gözəl olur, ecazkar işıqlandır­ma və Ay işığı İçan-Qalanı nağıllar aləminə çevirir. Gecələr İçan-Kala­da və onun ətrafında gəzmək bizim İşərişəhərdəki kimi tamamilə təh­lükəsizdir. İçan-Qalada 300-ə yaxın ailə yaşayır.

Buranın mətbəxi də özünəməx­susluğu ilə seçilir. Özbəkistanın di­gər şəhərləri ilə müqayisədə Xivənin yeməkləri daha yüngül hesab olu­nur. Plov bu yerlərin də şah yemək­lərindəndir. “Tuxum-barak” isə qəl­yanaltı kimi verilir - bu, içinə yumurta vurulmuş küftə kimi bir yeməkdir. Yerli mətbəxin möcüzəsi isə şüyüd aşıdır. Qədimdən Xivədə hazırlanan parlaq yaşıl əriştəyə lağman deyilir. Yumurta və unla qarışdırılmış xır­da doğranmış şüyüd xəmirə xüsusi rəng verir. Əriştəyə tərəvəz və ətli sous tökülür, süzmə isə lağmanla verilir. Bütün bunlar birlikdə inanıl­maz dərəcədə dadlıdır və yedikcə həzz alırsan. 

İlqar RÜSTƏMOV
XQ



Sosial həyat