Eynulla Mədətli – 70
Alim haqqında yazmaq asan iş deyil. Xüsusiə tarixçi alimlərin yaradıcılıq tarixini elmi təhlil etmək ikiqat çətindir. Çünki tarix elm kimi fərqli interpretasiyaları olan, lakin son dərəcə vacib bir ciddi araşdırma sahəsidir. Buna görə də tarixi araşdıranlar haqqında sanballı söz demək tarixin özü qədər məsuliyyətli və həm də çətin işdir. Lakin əgər tarixçi alimi tanıyırsansa, onun idrakı ilə yanaşı, mənəvi-əxlaqi və bütövlükdə, emosional dünyasını duya bilirsənsə, barəsində söz demək artıq zövq məsələsi olur.
Mən tarix elmləri doktoru Eynulla Mədətlini bir neçə ildir ki, tanıyıram. Biz bir kollektivdə – Fəlsəfə və Sosiologiya İnstitutunda çalışırıq. Eynulla müəllim həm direktorun elmi işlər üzrə müavini, həm də Heydər Əliyev irsini araşdıran şöbənin müdiridir. Həm şöbə, həm də bütöv institut miqyasında hörməti çoxdur. Buna çalışqanlığı, zəkası, vətənsevərliyi, müstəqil dövlətçiliyə bağlılığı, təmkini və qayğıkeşliyi ilə nail olmuşdur. Əməkdaşlar Eynulla müəllimə hətta şəxsi məsələləri ilə bağlı çəkinmədən müraciət edə bilirlər.
Özü haqqında danışmağı xoşlamır. Lakin ümummilli lider Heydər Əliyevlə Naxçıvanda birgə çalışdıqları mərhələdən həvəs və sevgi ilə danışır. Eynulla müəllim Heydər Əliyevin fəaliyyətini konkret faktlarla gözəl tədqim edə bilir. O dərəcədə ki, Ulu öndər haqqında obyektiv təsəvvür yaranır. Tarixçi alim üçün böyük üstünlükdür!
Eynulla müəllim haqqında danışmağı sevdiyi mövzu İran, Pakistan, Əfqanıstan və Ukraynada səfir işləyən müddətdə həmin ölkələrin tarixindən bəhs etməkdir. Burada Azərbaycan diplomatının səfir işlədiyi ölkənin mədəniyyətinə və tarixinə dərin hörməti ilə, xalqımızın tarixini və mədəniyyətini həmin ölkələrdə tanıtmaq, eləcə də, həmin ölkələri azərbaycanlılara anlatmaq həvəsi maraqlı şəkildə birləşir. Təsadüfi deyildir ki, Eynulla Mədətli həm 1996–2001-ci illərdə yüksək diplomatik vəzifədə çalışdığı (Azərbaycanın Təbrizə təyin edilmiş baş konsulu və Azərbaycan səfirliyinin müşaviri) İran, həm də səkkiz il uğurla xidmət etdiyi Pakistanla bağlı maraqlı əsərlərin müəllifidir. Həmin əsərlərdə E.Mədətli İran və Pakistan tarixini ciddi, obyektiv və elmi araşdırmaqla yanaşı, onların dövlətçilik həyatında türklərin oynadığı rolu da mənbələrə və dəqiq faktlara əsaslanaraq təhlil edir. Həm də bu barədə danışanda Eynulla müəllim ölkələr arasında əməkdaşlığın inkişafı ruhuna köklənmiş məsələlərdən bəhs edir.
Bununla bağlı Eynulla müəllimin söhbətlərinə institutda hər kəs maraq və diqqətlə qulaq asır. Etiraf edək ki, biz Eynulla müəllimin təqdimatında İran və Pakistan türklərinin tarixlərində mövcud olmuş bir sıra əhəmiyyətli məqamları öyrənə bilmişik.
Burada bir haşiyə çıxmaq istərdim. Müasir tarixşünaslıqda (məsələn, fransız tarixşünaslığında) şəxsi avtobioqrafiyadan bütöv toplumun tarixinin müəyyən özəlliklərinə nəzər salmaq metoduna söykənərək, Eynulla müəllim haqqında fikir söyləməyə ehtiyac görürəm. Onu kon-kretləşdirim ki, bu halda “bir tarixçi alimin, Azərbaycan ziyalısının və təcrübəli diplomatının avtobioqrafiyası ilə fəaliyyətinin xarakteri arasında hansı əlaqə ola bilər?” sualına cavab axtarmağa çalışıram. Tərcümeyi-halına baxaq.
Eynulla Mədətli (Mədətli Eynulla Yadulla oğlu) 1954-cü il aprelin 18-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Biçənək kəndində anadan olmuşdur. 1975-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun qiyabi aspiranturasını bitirmişdir. 1984-cü ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi (indiki təsnifata görə, fəlsəfə doktoru), 1994-cı ildə isə dosent elmi adı almışdır. 1975–1996-cı illərdə fasilələrlə Şahbuz Rayon Partiya Komitəsində təlimatçı, Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində mühazirəçilər qrupunun rəhbəri, Naxçıvan Vilayət Partiya Komitəsinin İdeologiya şöbəsinin müdiri, Naxçıvan Dövlət Universitetində müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.
18 aprel 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının, eyni zamanda, iqamətgahı İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsinə təyin edilmişdir.
2010-cu ilin iyulun 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Pakistandan geri çağırılaraq Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin edilmişdir. 2015-ciilin iyununda xidmət müddəti bitdiyinə görə səfir vəzifəsindən geri çağırılmışdır.
Bundan sonra Eynulla müəllim yenidən elmi fəaliyyətlə məşğul olmuşdur. Belə ki, 2016-cı ilin yanvarından AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda mənbəşünaslıq və tarixşünaslıq şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2017-ci ilin fevral ayından AMEA Fəlsəfə İnstitutunun, hazırda Fəlsəfə və Sosiologiya İnstitututunun elmi işlər üzrə direktor müavinidir, ictimai əsaslarla “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinə rəhbərlik edir. 2019-cu ildən tarix elmləri doktorudur, fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi vardır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı və 7 nəvəsi vardır.
Burada bir metodoloji reduksiya etmək istərdim. İngilis (məsələn, U.Vordsvortun “Avtobioqrafiya” əsəri) və fransız tarixşünaslarının bir qismi (məsələn, F.Ariesin “Köhnə zamanda uşaq və ailə həyatı” əsəri və s.) ingilis və fransız cəmiyyətləri üçün xarakterik olan bir sıra zadəgan ailəsinin avtobioqrafik həyatında bütövlükdə ölkə tarixinin müəyyən özəllikləri haqqında fikir formalaşdırmağa çalışmışlar. Uğurlu alınmışdır.
Azərbaycan cəmiyyəti üçün xarakterik olan ziyalı ailəsinin avtobioqrafik həyatından bütövlükdə Azərbaycanda ziyalılığın, vətəndaşlığın fəlsəfəsinə baxmaq faydalıdırmı?
Tarixçi alim E.Mədətlinin yuxarıda qısa verdiyimiz avtobioqrafik tarixçəsi bütövlükdə Azərbaycan ziyalılığı aspektində maraqlı faktorları aydınlaşdırır. E.Mədətli Azərbaycanın kəndlərinin birində həyatı zəhmətlə keçmiş bir ailədə dünyaya gəlmişdir. Şübhəsiz, ailə mühiti onu uşaqlıqdan zəhmətə, elmə, təhsilə və Vətənə bağlılığa yönəltmişdir. Eynulla müəllimin dünyaya gəldiyi ailədə milli adət-ənənəyə böyük sayğı olmuşdur. Bu barədə onun, ümumiyyətlə, Biçənək kəndi haqqında danışdıqlarından sezmək mümkündür. Hətta, evə daxil olanda ayaqqabıların çıxarılması (bu yerdə fransız tarixşünası F.Ariesin malikanədə yaşayan zədagən ailəsini təsvir edərkən, hətta, ayaqqabını qapının önünə düzmək qaydasını belə təsvir etməsi yadıma düşür) mədəniyyətindən tutmuş qonşularla münasibətin saxlanmasına qədər bir çox incə məqamlara toxunması bütövlükdə o ailə haqqında təsəvvür yaradır.
E.Mədətlinin ailəsi zəhmətkeşliklə bərabər milli adət-ənənəyə xüsusi diqqət yetirən və eyni zamanda, xalq müdrikliyini mənimsəmiş böyüklər tərəfindən idarə olunmuşdur. Eynulla müəllim zəhmətkeşliklə xalq müdrikliyinin bir-birini tamamladığı çox sayda epizodlar danışa bilər. Deməli, Azərbaycan ziyalısı ailədə mövcud olan ənənəvi zəhmətsevərliklə xalq müdrikliyinin birliyi üzərində yetişə bilər.
Bu tale yolunda indiyə qədər olan müddətdə onun özü ilə bir sıra keyfiyyətləri dəyişmədən “daşıdığını” görürəm. Onları belə təsnif edə bilərəm: hər zaman zəhmətə alışqanlıq, dünyaya gəldiyi məkana sayğını saxlamaq, elmi fəaliyyətə üstünlük, Azərbaycan poeziyasına böyük bağlılıq, Vətənə sevgi və ayrıca, Heydər Əliyevin siyasi liderliyinə və dövləti fəaliyyətinə sadiqlik!
Bu keyfiyyətləri Eynulla müəllimin həyat yolu və malik olduğu şəxsi özəllikləri təsdiq edir. Əsərlərinə baxdıqda yuxarıda vurğuladığımız kimi tariximizə və bütövlükdə türk tarixinə milli təəssübkeşlikdən və dəqiq təhlildən “yoğrulmuş” yanaşmanı görürük. Rəhbərlik etdiyi şöbənin əməkdaşları da həmin istiqamətdə araşdırmalar aparırlar. Eynulla müəllimin şöbəsi hər il Ulu öndərin siyasi irsinə, o cümlədən, azərbaycançılıq məfkurəsinə aid mövzularda fəlsəfi-elmi toplu dərc edir. Artıq sayca 4-cü olan “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” (2023) adlı toplu işıq üzü görmüşdür. Onların hər biri birbaşa Heydər Əliyevin siyasi irsinin müxtəlif aspektlərdə tədqiqinə həsr edilən məqalələrdən ibarətdir.
Tarix elmləri doktoru E.Mədətli monoqrafiyalar yazır və institutda həyata keçirilən müxtəlif elmi tədqiqat layihələrin işlənməsində fəal iştirak edir. O, altı monoqrafiyanın müəllifidir. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar işləyib nəşr etdirdiyi “Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan – Türkiyə birliyinin fəlsəfəsi” əsəri xüsusi maraq doğurur. Son olaraq E. Mədətli “Heydər Əliyev – İlham Əliyev. Müasir Azərbayanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi” (2023-cü il) adlı kolleketiv monoqrafiyanın yazılmasında fəal iştirak etmiş və işin böyük həcmini üzərinə götürmüşdür.
Sonda E.Mədətlinin alim-ziyalı kimi iki özəlliyini də vurğulamaq istərdim. Eynulla müəllim həm aydın izah edə bilir, həm də aktual mövzu formalaşdırmaq istiqamətində konkret ideyalar verir. Eynulla müəllimlə həmmüəllif olduğumuz “Bir millət, iki dövlət: fəlsəfi-tarixi təhlil” (2020) adlı monoqrafiyamız onun ideyasından yaranmışdır. Aydın şəkildə araşdırma mövzusunu formalaşdırmış və mən də tam qəbul etmişəm.
E. Mədətlinin alim-ziyalı kimi digər özəlliyi böyük vətənsevərliyidir! Sözün həqiqi mənasında, Azərbaycançı, dövlətini, xalqını, millətini dərindən sevən tədqiqatçıdır! Bu keyfiyyətini Eynulla müllimin malik olduğu bütün üstün keyifyyətlərin fövqündə görürəm.
Öncə qoyduğum suala bir də yekun olaraq qayıdıram: Azərbaycan ziyalı-alimlərinin avtobioqrafik tarixlərindən cəmiyyətin tarixinə keçid mümkündürmü? Məncə, nəinki mümkündür, hətta çox vacib aktual məsələdir. Çünki Azərbaycan ziyalılarının hər biri ayrıca enerji, bilik, tərbiyə, Vətənə bağlılıq qaynağıdır. O cümlədən, Eynulla Mədətli kimi alimlərin avtobioqrafik tarixləri bizlərə çox şeyləri demirmi?
70 yaşın mübarək Azərbaycan ziyalısı! Hələ uzun illər bir-birimizə işlədiyimiz kollektivdə “Sabahınız xeyir!” deyə bilək!
Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru