ABŞ-nin rus sülhməramlıları ilə bağlı münasibəti başa düşülən deyil

post-img

Petel, əslində, nələri deyirdi? 

Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxmasına müxtəlif reaksiyalar var. Ancaq onlardan heç biri ABŞ-nin münasibəti kimi deyil. Münasibət necədir, yəqin çoxunuza məlumdur. Hesab edirik ki, məsələ­nin üzərində xüsusi dayanmağa ehtiyac var.

Yada salaq ki, Birləşmiş Ştatların Döv­lət Departamentinin mətbuat katibinin müa­vini Vedant Petel iki gün əvvəl bildirmişdi ki, ölkəsi Qarabağda hərbi əməliyyatlara son qoyan və rus sülhməramlılarının ərazi­də yerləşmələrini təmin edən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzala­dıqları 10 noyabr 2020-ci il tarixli Bəyana­tına tərəfdar deyil. Görəsən, bu cümlə nə deməkdir? Həqiqətən, çox maraqlıdır və əslində, Petelin hansı məqamı qabartmaq istədiyi onun sonrakı fikirlərindən açıq-ay­dın duyulur. Amma əvvəlcə...

Beləliklə, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, rəsmi Vaşinqton Rusi­ya ordusunun Cənubi Qafqaz regionunun daha dinc və sabit olmasına töhfə verdiyi­ni sübuta yetirən heç nə görməyib və ötən ilin payızında Qarabağda baş verən ha­disələri misal çəkib. Onun “hadisələr” de­dikdə, Azərbaycanın konstitusyon qurulu­şunun bərpası naminə reallaşdırdığı lokal xarakterli antiterror tədbirlərini nəzərdə tuduğu aydındır. Bu nəticəyə gəlirik ki, ABŞ Rusiya sülhməramlılarının ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmi­natı prosesinin gerçəkləşməsinə yol ver­məməli olduğu qənaətindədir. Yol veribsə, deməli, dincliyi və sabitliyi qorumayıb və ya qoruya bilməyib. Ən əsası isə “Rusiya özünün nə qədər etibarsız müttəfiq və ya tərəfdaş olduğunu” göstərib. 

Təsəvvür edin ki, Birləşmiş Ştatlar uzun illər ərzində ATƏT-in Minsk qru­punun üç həmsədr ölkəsindən biri olub. Yəni, Azərbaycanla Ermənistan arasın­da vasitəçilik edib. İndi isə Petel, faktiki olaraq, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına yol verilməsinin düzgün olmadığına dair fikir səsləndirir. Yəni, elə bu cümlə rəsmi Vaşinqtonun Qa­rabağ məsələsinə yanaşmasını müəyyən­ləşdirən kifayət qədər ciddi indiqatordur. Əlbəttə, söhbət ədalətsiz yanaşmadan gedir. Axı ortada beynəlxalq hüquq var. O hüquq ki, Qarabağı Azərbaycan torpağı kimi qəbul edir. Üstəlik, Birləşmiş Ştatlar da Azərbaycanın ərazi bütövlüyünü tanı­yır. Bir daha belə nəticəyə gəlirik ki, ABŞ-nin ATƏT-in Minsk qrupundakı fəaliyyəti ermənipərəstlik məqsədi güdən riyakarlıq imiş. Deməli, Petelin əvvəlki fikrində ifa­dəsini tapmış ABŞ-nin üçtərəfli bəyana­tın tərəfi olmadığına dair fikrinin açması budur: sənəddə tərəf kimi Rusiya yox, Birləşmiş Ştatlar təmsilçilik etsəydi, Azər­baycan Qarabağa sahiblənə, yəni özünün konstitusyon quruluşunu bərpasına nail ola bilməyəcəkdi. 

Aydındır ki, rəsmi Vaşinqton hər va­sitə ilə çalışır ki, Rusiyanın əhəmiyyətini heçə endirsin. Bununla bağlı səslənmiş ayrı-ayrı bəyanatları da anlayışla qarşı­laya bilərik. Amma indiki halda Petelin dediklərinə heç cür söz tapmaq olmur. O, ermənipərəst dairələrin çərənləmələ­rindəki “Qarabağın Azərbaycan tərəfin­dən işğalı” ritorikasını təkrarlayır və belə yanaşma həmin dairələrin əndazəyə sığ­mayan hərəkətlərinə dolayısı ilə leqallıq qazandırmaqdır. Üstəlik, nəzərə alaq ki, ABŞ-nin Azərbaycanın Qarabağa sahib­lənməsinə imkan verməməsi deyiminin Ermənistanın təhlükəsizliyinin qayğısına qalmaq məntiqi də var... 

Əlbəttə, heç də o sualı vermək istə­mirik ki, nəyə görə 44 günlük müharibəni ABŞ yox, Rusiya dayandırdı? Nə üçün həmin vaxt Birləşmiş Ştatların söz sahi­binə çevrilmədiyini də mübahisələndirmək fikrindən uzağıq. Hər halda, ölkə hazırkı mövqeyində idisə, Azərbaycanı haqq yo­lundan döndərə bilməzdi. Bu fikrimiz elə qarşılanmasın ki, savaşa son qoyan Ru­siya hadisə və proseslərə səmimi yanaş­mışdı. Moskva da zaman-zaman Qarabağ kartı ilə Ermənistandan tutunmağa, onu yenidən öz orbitinə qaytarmağa cəhdlər göstərmişdi. Ancaq fakt faktlığında qalır: Rusiya Ermənistanı Azərbaycanın əlində tamamilə məhv olmaqdan qurtardı. Şü­bhə yoxdur ki, müharibə uzansaydı, hər iki tərəfdən itkilər çoxalacaqdı. Ona da şübhə yoxdur ki, güclü tərəf olan Azərbay­can öz itkilərinin təzminatı baxımından düşməni son mənzilinədək qovacaqdı. Son mənzil isə bugünkü Ermənistanın paytaxtı, qədim türk yurdu olan İrəvandır. Yaxın tarixin örnəkləri var – SSRİ işğalçı nasist Almaniyasını öz sərhədlərindən uzaqlaşdırdıqdan sonra dayanmadı və onu Berlinədək qovdu. Heç kəs onu işğal­çı kimi tanımadı. Çünki hamı anlayırdı ki, Sovetlər Birliyi dayansa, Almaniyanın güc toplayıb yenidən qəsbkarlığa girişməyə­cəyinə təminat yoxdur. 

Bəli, 2020-ci ildə imzalanmış üçtərəf­li Bəyanat həm də Ermənistanın işğalçı niyyətə düşməməsi üçün təminat idi. An­caq ötən müddətdə baş verənlər göstərdi ki, Qərb dünyası Rusiyanın təminatını istəmir və Ermənistanı avantürizmə çə­kir. Sonuncunun sürətlə silahlandırılması da sözümüzün təsdiqidir. Tam aydındır ki, rəsmi İrəvan 44 günlük müharibədən sonra, necə deyərlər, bir əldə iki qarpız tutmağa çalışmışdı – həm Qərbə doğru istiqamət götürmək, həm də Qarabağı əlində saxlamaq. İkincini bacarmadı, bi­rinci məqsədə gəldikdə isə Ermənistanın sancılar içərisində olduğu aşkardır. Çün­ki Qərb ölkəni anti-Rusiya cəbhəsinə çe­virməklə, avantürizmə sürükləyir. Hazırkı durumda ABŞ Dövlət Departamentinin rəsmisi V.Petelin dedikləri Vaşinqtonun İrəvan üçün özünü daha yaxşı illüziya vədi verən tərəf qismində təqdim etmə­sidir. 

Bütün bunlardan sonra V.Petel deyir ki, Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün Ermənistanın və Azərbaycanın səylərini qətiyyətlə dəstək­ləyir və sülh prosesinin dəstəklənməsinin davamına hazırdır. Ümumən, Qərbin siya­si kuluarlarında Bakı və İrəvan arasındakı münasibətlərdən söz açılarkən, tez-tez “ləyaqətli sülh” ifadəsi işlədilir. Görəsən, “ləyaqətli sülh nə deməkdir? Azərbaycan torpaqlarının işğalı kimi duruma göz yum­maq ləyaqətsizlik deyildi, indi Ermənistanı qorumaq ləyaqət işidir?! Yaxud, erməni avantürizmini qorumaqdırmı ləyaqətli sül­hü təmin etmək?! 

Bəli, V.Petelin Rusiya sülhməramlıla­rının Qarabağdan çıxmalarını şərh edən bəyanatındakı fikirlər ABŞ-nin timsalında, bütövlükdə, Qərb dünyasının nəinki an­ti-Rusiya köklənişinin sərsəm məhsulu­dur, eyni zamanda, bir daha sübut olunur ki, həmin Qərb dünyası Rusiyanı Cənubi Qafqazda persona non-qrata etmək na­minə hər cür ədalətsizliyə və beynəlxalq hüquq pozuntusuna göz yumacaq poten­sialda, istənilən rikayarlığı gerçəkləşdir­mək əzmindədir. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət