Yenə də “motal” əl çəkmir...

post-img

Dəfələrlə məğlub olmuşların xam xəyala qapılmaları təbii haldır 

Erməni mediası nostalji hissi ilə hələ də Qafqaz bölgəsinə müvəkkil edilmiş amerikalı, fransalı diplomatları “ATƏT-in Minsk qrupunun həmsədri” kimi qələmə verməkdə davam edir. Bakının tarixin arxivinə göndərdiyi bu qurumun yenidən “özfəaliyyətə” başlamasını arzulayan Ermənistan cəmiyyətinin “bəlkə də qaytardılar” xülyasından əl çəkmək istəmədiyi göz qabağındadır. 

Misal üçün, hökumətə yaxın “news.am” saytı ABŞ Dövlət katibinin Qafqaz danışıqla­rı üzrə baş müşaviri Luis Bononu izləyicilərə “ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri” kimi təqdim edir. Amma nə həmin Bono, nə də keçmiş həmsədrlərin hər biri özü­nü bu statusda qələmə verir. Onlar keçən əsrdən qalma bu institutun Bakının üç il altı ay bundan əvvəl tarixin arxivinə göndərməsi faktı ilə razı­laşıblar. Təkcə ATƏT-in Minsk qrupunun “sə­yahətbaz” həmsədrlərinin 28 ildə bacarmadığı işi deyil, eyni zamanda, BMT-nin işğalçı Er­mənistana qarşı qəbul etdiyi dörd qətnaməsini beynəlxalq hüquqa tam uyğun şəkildə icra edən Azərbaycan üçün bütün bunlar arxada qalmış mərhələ, oxunub bağlanmış kitabdır. Amma nə edəsən ki, məşhur zərb-məsəlimizin –“İt əl çəkdi, motal əl çəkmədi” kəlamının er­mənilərin ifasında təsdiqini görürük. 

Ermənistanda beyinlərindən keçmişin ab-havasının çəkilmədiyi revanşist-sepa­ratçılar ATƏT-in Minsk qrupu adlı vasitə­çilər-həmsədrlər “ansamblının” fəaliyyətinin yenidən bərpa ediləcəyi xəyalı ilə yaşayırlar. Onlar Bakı üçün arxada qalmış, canını tapşır­mış və morqa göndərilmiş belə bir qurumu, sanki, İrəvan konyakı ilə “diriltməyə” çalı­şırlar. Eynən Mirzə Cəlilin Şeyx Nəsrullahı kimi... 

* * * 

Doğrudur, Azərbaycanın Zəfəri, Ermə­nistanın biabırçı məğlubiyəti başa çatmış 44 günlük müharibədən sonra da Minsk qrupu özünün bölgədə mövcudluğunun ömrünü uzatmaq niyyətini gizlətmirdi. Hətta 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan dörd gün sonra – noyabrın 14-də tərəflərə ünvan­lanan müraciət də yaymışdı. Həmin müra­ciətdə həmsədrlər Ermənistan–Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı “dərin narahatlıqlarını” ifadə etmiş, həmçinin tərəfləri “qızışdırıcı ritorikadan və təxribat xa­rakterli hərəkətlərdən” çəkinməyə, 10 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən “götürdükləri öhdəlik­ləri tam şəkildə yerinə yetirməyə” çağırmış­dılar. 

ATƏT-in Minsk qrupunun keçmiş həm­sədrlərinin Azərbaycana sonuncu səfəri 2020-ci il dekabrın 12-də baş tutub. Azər­baycan Prezidenti İlham Əliyev Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov (o, görüşdə rusiyalı həmsədr İqor Xovayevi əvəz edirdi – red.) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspr­şiki axırıncı dəfə məhz həmin gün qəbul edib. Oxucuda o görüşdə yaşanan ab-hava barədə aydın təsəvvür yaransın deyə Prezident İlham Əliyevin həmsədrlərə xitabən etdiyi çıxışın­dan qısa epizodu diqqətə çatdırırıq: 

“Təəssüflər olsun ki, Minsk qrupu mü­naqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”. 

Çıxışının sonunda cənab Prezident həm­sədrlərə, bir növ, Minsk qrupunun fəaliyyə­tinə xitam verildiyini bildirən vida sözünü dedi: “Bakıya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm: Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat veriləndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var...”. 

Yəni, dövlətimizin başçısı həmsədrlərə diplomatik tərzdə başa saldı ki, 28 illik xid­mətinizə görə sizə “təşəkkür edir və yaxşı yol” diləyirik. Daha sizə ehtiyacımız yoxdur, bundan sonra Bakıya turist kimi təşrif buyura bilərsiniz, amma indi gedin ayrı işlərlə məşğul olun. Vəssalam, şüttamam! 

Erməni mediası “keçmişdə qalanları” bu günün reallığı kimi yazmaqda azaddır. Amma, bizə elə gəlir ki, indi onlar üçün ən doğru siya­si ritorika “ATƏT-in Minsk qrupu”nu Avropa İttifaqı ilə əvəzləməkdir. Nə qədər ki, Aİ və onun Ermənistandakı mülki missiyası hələ gündəmdədir və “retro”ya çevrilməyib, on­lardan gen-bol yararlansınlar. Sonra gec olar... 

İ.HƏSƏNQALA
XQ

Siyasət