Teatr və kinomuzda silinməz izlər qoymuş sənətkar

post-img

Rza Təhmasib – 130

Ailədə onu aktyor kimi görmək istəmirdilər. Amma atası Rzanın parlaq istedadını görəndən sonra buna biganə qalmayıb. Dövrünün məşhur taciri kimi tanınan Abbasqulu bəy 1910-cu ildə oğlu Rzanı Tiflis şəhərinə oxumağa göndərib. Gənc Rza Təhmasib Tiflis ədəbi-mədəni həyatı ilə yaxından tanış olub. Orada Azərbaycan teatr həvəskarları dərnəyinin məşğələlərinə davamlı şəkildə gedib. Sənət uğurlarını təhsil alıb kamilləşməsi və gərgin çalışmaları hesabına əldə edib. 

Rza Abbasqulu oğlu Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda ziyalı ailə­sində doğulub. İlk təhsilini də orada alıb. Məktəb illərində rus dilini öyrənməyə bö­yük maraq göstərib. Məktəbdə Nikolay Qoqolun rus dilində səhnələşdirilən “Ölü canlar”ında Çiçikov obrazını məharətlə oynayıb.

Tiflisdə oxuduğu məktəbi 1915-ci ildə müvəffəqiyyətlə bitirdikdən sonra Rza Təhmasib teatr sahəsində işləmək üçün Azərbaycana təyinat alıb. Naxçıvan te­atrında 1920-ci ilədək aktyorluq və rejis­sorluq edib. Daha sonra Azərbaycan Milli Dram teatrında işə başlayıb.

Azərbaycanın teatr və kino sənətinin inkişafında Rza Təhmasibin müstəsna xidmətləri var. O, Azərbaycan teatr və kino sənətinin korifeylərindəndir. Geniş­miqyaslı rejissorluq və aktyorluq fəaliyyə­ti bütöv bir əsrdə sənət tariximizin parlaq səhifələrini təşkil edir. 

Rza Təhmasib səhnədə obrazın trak­tovkasına təbii can yanğısı və ciddi ya­naşması ilə seçilirdi. Sanki, özü də yarat­dığı obrazların taleyini yaşayırdı. Bu, hər aktyora nəsib olmur. Onun sifət ifadələri də obrazın xarakterinin açılmasında bö­yük rol oynayırdı. O, öz yerini daha çox Cəfər Cabbarlının obrazlar qalereyasın­da tapıb. Dəfələrlə böyük dramaturqun əsərlərini tamaşaya qoyub. O cümlədən, Aydın və Dövlət bəy (“Aydın”), Elxan və Əbu Übeyd (“Od gəlini”), Balaş (“Sevil”), Hacı Əhməd (“Almaz”), İmamyar (“Ya­şar”), General-qubernator (“1905-ci ildə”) rollarını böyük məharətlə oynayıb. 

Eyni zamanda Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Əbdürrə­him bəy Haqverdiyevin, Nəcəf bəy Və­zirovun, Mirzə İbrahimovun səhnə üçün yazdıqları əsərlərdə parlaq obrazlar qa­lereyası yaradıb. Kefli İsgəndər və Hacı Həsən ağa (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Keyka­vus (“Səyavuş”), Dəli knyaz (“Knyaz”), Fərhad və Hacı Səməd ağa (“Bəxtsiz cavan”), Pərviz xan (“Köhnə duman”), Fəxrəddin və Rüstəm bəy (“Müsibə­ti-Fəxrəddin”), Süleyman (“Həyat”) kimi səhnə personajlarının ifaçıları sırasında mahir xarakteri ilə fərqlənib. Aktyor kimi teatrın aparıcı sənətkarlarından olan Rza Təhmasibin Milli Dram Teatrında rejissor kimi ilk böyük işi Cəlil Məmmədquluzadə­nin “Ölülər” əsəri olub.

O, 1930-cu ilin axırlarından kino ya­radıcılığı ilə də məşğul olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissor­luq fakültəsini bitirib və elə həmin il də Bakı studiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkib. Bədii kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmi idi.

Ikinci Dünya müharibəsinin odlu-a­lovlu illərində Rza Təhmasib “Səbuhi” fil­minin çəkilişlərinə başlayıb. Film üzərin­də işini 1943-cü ildə tamamlayıb. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hü­seynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkiliblər.

“Arşın mal alan” filmi isə Rza Təhma­sibin ən uğurlu işi olub. Bu filmə görə o, sovetlərin yüksək təltifi olan SSRİ Dövlət mükafatına layiq görülüb.

Qeyd dək ki, onun fəaliyyəti əsasən Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1922–1924-cü illərdə bu teatrda bə­dii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstə­rib. Bununla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bir müddət Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün so­nunadək isə Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Azər­baycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb.

Rza Təhmasibin 86 illik ömründə sənətin inkişafı naminə gördüyü gərgin işlər hələ yetərincə araşdırılmayıb. Ta­nınmış publisist və mətnşünas, mərhum Maarif Teymur Rza Təhmasib haqqında qeydlərində yazır ki, onun şəxsi arxivin­də olan sənədlərin bir hissəsi bugünü­müzə gəlib çıxmayıb. Bunun səbəbini o, belə izah edir: “Təəssüf ki, Rza müəl­limin şəxsi arxivindəki sənədlərin bir hissəsi dövrünün ictimai-siyasi qaran­lıqlarını “işıqlandırmaq” üçün yandırılıb. 1937-ci illərin repressiya qorxusu ondan da yan keçməyib”. İnanırıq ki, hələ bun­dan sonra da daha geniş şəkildə araş­dırılacaq və onun həyat və yaradıcılığı haqqında yeni-yeni tədqiqat əsərləri ya­zılacaq.

Görkəmli sənətkarın əməyi dövləti­miz tərəfindən yüksək qiymətləndirilib. O, ”Azərbaycan Respublikasının Əmək­dar incəsənət xadimi” (17 iyun 1943) və “Xalq artisti” (29 iyun 1964) fəxri adlarına layiq görülüb. Rza Təhmasib 14 fevral 1980-ci ildə Bakıda vəfat edib və 2-ci Fəxri xiyabanda dəfn olunub.

…O, yaddaşlarda yaratdığı parlaq obrazlarla qalıb. Bu gün taleyini teatra, kinoya bağlayan və ömrünün sonunadək sevdiyi sənətinə sadiq qalan Rza Təh­masibin 130 yaşı tamam olur. Ruhu şad olsun…

Həzi HƏSƏNLİ,
şair-publisist



Mədəniyyət