Ləzgi çörəyinin ətri...

post-img

Mayor Xəyyam Səmədovun xatirəsinə 

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecəni ermənilər də heç zaman unutmayacaq, biz də. Həmin gecədə düşmən bütün xəyallarının üstündən xətt çəkmiş, qondarma dövlətini buraxaraq torpağımızdan qaçıb getmişdi. Biz isə həmin unudulmaz “23 saatlıq sutka”da ölkəmizin bütün ərazisində dövlət suverenliyimizi bərpa etmişdik. Bu əməliyyat Qəbələnin Mirzəbəyli kəndində də heç zaman unudulmayacaq. Çünki rayonun və kəndin sayılıb-seçilən gənclərindən olan mayor Xəyyam Mirazim oğlu Səmədov məhz o tarixdə şəhid olmuşdu. 

Onun haqqında danışanlar olduqca sadə bir tərcümeyi-haldan söz açırlar: “Səmədov Xəyyam Mirazim oğlu 16 yanvar 1986-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Rayonun Mirzəbəyli kənd orta məktəbində, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Xəyyam Səmədov  Silahlı Qüvvələrimiz tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub”. Vəssalam!

Biz isə əlavə edirik ki,  Xəyyam Səmədov  Azərbaycan  Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli  sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. 

...“Mirzəbəyli kənd qəbiristanlığı”, “Mirazimin evi” ifadələrini eşidəndə xəyalımdan nələr keçmədi, İlahi?

... Mən yetmişinci illərdə kənddə işləyəndə az qala bütün evlərdə çörək kəsmişdim.  “Ləzgi məhəlləsi” deyilən birinci briqadada isə “çörəkli evlər” daha çox idi. Molla Yusif dayı, Qulu dayı, Uzun Həmid, Firudin Sərkərov, Qasım kişi, Qubad Balakişiyev (onun oğlu Birinci Qarabağ müharibəsində şəhid olmuşdu) və Xanat dayı (o, bizə “ya stxa!” (ay qardaş) deyə müraciət edirdi) zəhmət adamlarına çörək verməyi də, onların evində çörək kəsməyi də savab adlandırırdılar. Siyahıdakı son beş nəfər ləzgi idi.

Qərəz, Xanat dayının oğlu Mirazimin evində ehsan... hətta eşitmək də ağırdır. Ancaq bu məqamda Bəxtiyar Vahabzadənin sözləri yadıma düşür: “Şəhidlərin Vətənə, xalqa, torpağa yüksək səviyyədə xidmət etdiyini hamı yaza bilər. Amma onların valideynlərinə bəxş etdikləri  başucalığının səviyyəsini heç bir şair, yazıçı   lazımınca ifadə edə bilməz”. Başın həmişə uca olsun, MİRAZİM!

Doxsanıncı illərdə kəndimizin ilk iki şəhidinin biri bizim əmimiz oğlu İlham Kərimov, digəri isə ləzgi Müşfiq Balakişiyev idi. İndi Xəyyam da şəhid oldu. Üstəlik, kəndimizin tanınan ağsaqqallarından olmuş Sosialist Əməyi Qəhrəmanı Əşrəf Əlimirzəyevin Bakıda doğulub böyümüş nəvəsi, ölümündən sonra Prezidentin sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş İqbal Babayev də  ləzgi idi.

Mənim şəhidin xatirəsi üçün qələmə aldığım bu kiçik yazıda ləzgi ifadəsini dönə– dönə işlətməyim təsadüfi deyil. Çünki okeanın o tayındakı bədxahlarımız – ermənilərin pulu ilə fəaliyyət göstərən bəzi ABŞ rəsmiləri Qarabağdan köçən erməniləri yada salaraq yazırlar ki, guya Azərbaycanda azsaylı xalqların hüquqları qorunmur. Amma bütün dünya bilir ki, ölkəmizdəki ləzgilər, avarlar, talışlar, ukraynalılar, ruslar, kürdlər, yəhudilər... Azərbaycanı ana Vətən kimi sevir və qoruyurlar. Elə dövlət də o xalqların hamısını azərbaycanlı kimi sevir və qoruyur.

O ki qaldı, yazının sərlövhəsinə, Mirazimin evi, ehsan ifadələrini oxuyanda rəhmətlik Xanat dayının bizə – kəndin “Qovaq dibi” deyilən ərazisində işləyən kolxozçulara  gətirdiyi qoyun pendiri ilə “Ləzgi çörəyi”nin ətri yadıma düşdü. Çörəyin ətri 40-45 il yadda qalarmış. Allah rəhmət eləsin! Şəhid mayorun ruhu inciməsin, mənim fikrimcə, onun bütün uğurlarının təməlində Xanat dayının halallığı və Mirazimin vətənsevərliyi dayanır.

... Rayona gedəndə avtobusda bir nəfər məndən soruşdu: 

– Qəbələyə qonaq gedirsiniz? 

– Yox, qəbələliyəm. 

– Hansı kənddənsiniz? 

– Mirzəbəylidən.

– Mayor Səmədovun kəndindən? 

Canımdan gözləmədiyim bir soyuq sızıltı keçsə də, fəxr elədim. Məni – 72 yaşlı ağsaqqal adamı bu rəqəmin tən yarısı qədər yaşamış  bir gəncin adıyla tanıdılar. Allah rəhmət eləsin!

İttifaq MİRZƏBƏYLİ

 

Sosial həyat