Sel və daşqınlar Pakistana 30 milyard dollar ziyan vurub

post-img

Son günlər Pakistanın Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində baş verən sel və daşqınlar, həmçinin ildırım vurması nəticəsində azı 63 adam həyatını itirib, yaralananların sayı dəqiqləşdirilir. Ölənlər arasında qadınlar, qocalar və uşaqlar da var.

Bu haqda Pakistan Təbii Fəlakətlə Mübarizə İdarəsinin mətbuat katibi Xurşid Anvar ölkə mətbuatına məlumat verib. Onun sözlərinə görə, bu üç əyalət üzrə 1370 ev tam və qismən dağılıb. 

Pakistan mətbuatı yazır ki, iqlim dəyişikliyi ilə bağlı ötən illərə nisbətən bu il daha intensiv yağış yağması müşahidə olunub. Bu ay ölkə üzrə düşən yağışların miqdarı isə normadan artıq – 61 faiz olub. 

Sel və daşqınlar ölkə ərazisində ciddi fəsadlar  törədib, yollar yararsız hala düşüb. Təbii fəlakət zonalarında qəza-xilasetmə işləri davam edir, bu işə yüzlərlə adam və texnika cəlb olunub, əhali təhlükəsiz ərazilərə köçürülüb.

 Xatırladaq ki, 2022-ci ildə baş verən sel və daşqınlar zamanı ölkənin üçdə birini su basıb, 2 min adam təbii fəlakətin qurbanı olub. Həmin il Pakistana 30 milyard dollar həcmində zərər dəyib. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

İslamabad

 

Son xəbərlər