Məktub dərc olunmasa da...

post-img

XQ-yə cavab verirlər


Redaksiyaya hər gün paytaxtdan və bölgələrdən müxtəlif mövzu və məzmunlu məktublar daxil olur. Sakinlər hər hansı problemin həlli ilə bağlı çətinliklə üzləşəndə ümid yeri kimi qəzetimizə müraciət edirlər. Biz də həmin məktubları diqqətlə oxuyur, vətəndaşların üzləşdikləri problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət göndəririk. Məqsədimiz insanlara düşdükləri çətin vəziyyətdən çıxmaqda kömək etməkdir. Həmin məktubların bir çoxu qəzetin səhifələrində əksini tapmasa da, qaldırılan problemlər izlənilir, nəzarətə götürülür və həllini tapır. 

Göndərdiyimiz vətəndaş məktublarına aldığımız 2 müsbət cavab bizi də problemi həll olunan oxucularımız qədər sevindirir.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna vətəndaşın ünvanlı dövlət sosial yardım ala bilməməsi ilə bağlı müraciət məktubunu ünvanlamışdıq. XQ-yə fonddan verilən cavabda göstərilir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı müəssəsində  cəza çəkən İsayev Emin Həmzə oğlunun ailəsinə ünvanlı dövlət sosial yardım verilməsinə kömək göstərilməsi ilə bağlı DSMF-yə daxil olmuş  məktuba fondda baxılmışdır: “E.İsayevin həyat yoldaşı Mədinə İsayevanın “Ünvanlı yardım” altsisteminə daxil etdiyi müracəti əsasında, onun ailəsinə 1 mart 2024-cü il tarixindən 1 il müddətinə aylıq 338,58 manat sosial yardım təyin edilmişdir.”

Vətəndaşlar daha çox sosial problemlərlə üzləşdiyindən müraciətlərin əksəriyyətində də bu məsələlərlə qarşılaşırıq. İşlə təminat, yeni təsərrüfat qurmaq və ünvanlı dövlət sosial yardımı ilə bağlı daha bir məktuba – Xaçmaz rayonu, Ağyazı Buduq kəndinin sakini Rauf Pirməmmədovun müraciətinə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab almışıq. Bir məktubda cəmlənmiş 3 məsələ ilə bağlı araşdırma aparılıb.

1-ci məsələ – vətəndaşın işsizliklə əlaqədar müraciəti ilə bağlı Dövlət Məşğulluq Xidmətində aparılan araşdırmanın nəticəsinə uyğun bildirilir ki, R.Pirməmmədov nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmayıb. Vətəndaşa MEİS-də işaxtaran va işsiz kimi qeydiyyata alınması, məşğulluqla bağlı yenidən müraciət etməsi tövsiyə olunub. 

2-ci məsələ – vətəndaşın qızı Zümrüd Pirməmmədovanın maldarlıq təsərrüfatı yaratmaq istəyi ilə bağlı da araşdırma aparılıb və o,  elektron informasiya sistemində öncə işsiz kimi,  sonra özünüməşğulluq proqramı çərçivəsində seçdiyi istiqamət üzrə qeydiyyata alınıb. 

3-cü məsələ – ailənin ünvanlı sosial yardımla əlaqədar müraciəti ilə bağlı isə DSMF-dən cavab almışıq. Araşdırma nəticəsində aydın olub ki, R.Pirməmmədovun MEİS “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi müraciətində “Ərizə-bəyannamə”də ailənin gəlirləri barədə məlumat düzgün göstərilməyib. Ona görə də vətəndaşa yardım verilməsindən imtina edilib və bu barədə ona məlumat göndərilib. R. Pirməmədov hələlik təkrar müraciət etməyib.   

Göründüyü kimi, redaksiyada hər məktuba diqqətlə yanaşılır. Çünki hər müraciətin arxasında canlı insan dayanır. Bəzi müraciətlər zənglə, bəzi şikayətlər əməkdaşların yerində araşırması ilə, bəziləri isə məktubların aid olduğu ünvanlara göndərilməsi ilə həllini tapır.

Zərifə HÜSEYNOVA
XQ

 



Sosial həyat