Xəzərin süni adaları cənnəti xatırladacaq...

post-img

Milli Məclisdə müzakirə edilən “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində Xəzər dənizinin respublikamıza aid hissəsində süni torpaq sahələrinin yaradılması ilə bağlı prioritet istiqamətlər önə çəkilir, ilk növbədə, müəyyənləşdirilən müraciət qaydası diqqətə çatdırılır. Sənəddə bu məqsədlə aidiyyəti dövlət qurumları, hüquqi və fiziki şəxslərin müvafiq icra hakimiyyəti orqanına  müraciətinin zəruriliyi vurğulanır,  eyni zamanda süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu, torpaq sahəsinin yerləşdiyi yer və onun ölçüsü, süni torpaq sahəsinin yaradılması məqsədi, üzərində inşa ediləcək tikinti obyektlərinin təyinatı, habelə tikinti obyektlərinin inşası ilə bağlı işlərin yekunlaşma müddətinin göstərilməsi  nəzərdə tutulur.  

Müraciətə süni torpaq sahəsində nəzərdə tutulan tikinti məqsədilə  “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq müfəssəl planların hazırlanması üçün layihəçinin hazırladığı süni torpaq sahəsinin baş planı və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi əlavə edilməlidir. 

Ekspertlərin sözlərinə görə, dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən yaşayış binalarının inşası son dövrlərdə dünyada geniş vüsət alıb. Bununla əlaqədar olaraq sənəddə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması məsələsinin aktuallığı və müvafiq qanun layihəsinin hazırlanması zərurəti qeyd olunub. 

Yeri gəlmişkən, qanun layihəsində Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir. Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və bu istiqamətdə görüləcək işlərlə əlaqədar ümumi tələblər, aidiyyəti dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin bu məsələ ilə bağlı müraciətlərinə baxılması qaydaları da yer alır. Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, eyni zamanda süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.

Mütəxəssislər bildirirlər ki, “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi təsdiqləndikdən sonra ölkəmizdə Xəzərin Azərbaycan hissəsində süni torpaq sahələrinin yaradılması təcrübəsi var. Keçmiş SSRİ dövründə estekadaların Neft daşları qəsəbəsində yaradılması bunun bariz ifadəsidir. 

Bu məsələ ilə bağlı bir məqamı da xatırlatmaq istərdik. Belə ki, qanun layihəsinin Milli Məclisdə müzakirəsi vaxtı üzgüçülüyə maneə yaradan süni torpaqların yaradılmasının qadağan olunduğu bir halda bununla əlaqədar hansı meyarların müəyyənləşdiriləcəyi, süni torpaq sahələrinin salınması zamanı Baş planın necə hazırlanacağı sualları da hələlik cavabsızdır. Çünki süni istifadə hallarına burada da rast gəlinə bilər. Bundan başqa süni torpaq sahələrinin salınması üçün nəzərdə tutulan 3-6 illik müddətin müəyyənləşdiriməsinin hansı əsaslara söykəndiyi də düşündürücü məqamdır. Bununla belə süni torpaq sahələrinin icarəyə götürülməsi zamanı icarə haqlarının müvafiq icra hakimiyyəti orqanına ödənilməsi zamanı hansı əsasların müəyyənləşdiriləcəyi də maraq doğurur.   

Xəzər dənizində tikilən obyektlər ekologiyanın tələblərinə də cavab verməlidir. Əks halda, bu zaman ciddi  ekoloji problemlər yaşana bilər. Dənizdə və sahildə obyekt tikintisi bir-birindən ayrılmalıdır. Ümumiyyətlə, dənizdə süni torpaq sahələrinin yaradılması və sahil xətti boyunca torpaq sahələrinin qorunması fərqli yanaşma ilə tənzimlənməlidir. Yəqin ki, Qaradağ rayonunda böyük bir obyektin inşasını hamı yaxşı xatırlayır. Orada həmin tikintinin yarımçıq saxlanılması səbəbləri ilə əlaqədar mətbuatda geniş müzakirələr aparılması da  Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasının məsuliyyətli bir məsələ olmasından xəbər verir. 

Ekspertlərin fikrincə, Xəzər dənizində süni torpaq sahələrinin yaradılması iqtisadi baxımdan sərfəlidir, turizmin inkişafına mühüm   təkan verə bilər. Amma burada müəyyən məhdudiyyətlər var. Məsələn, pulsuz çimərliklərə toxunulmamalıdır. Yaradılacaq süni ərazilər üçün torpağın haradan götürülməsi də diqqətçəkən məqamdır. Belə ki, əgər  qumu-çınqılın dəniz kənarından götürülməsi nəzərdə tutulursa, bu,  ciddi ekoloji problemlər yarada bilər. Layihəni belə bir şəkildə icrasının müəyyən çətinliklər törədəcəyi heç bir şübhə doğurmur. Çünki   məsələyə laqeyd yanaşılması, başqa sözlə, diqqətdən kənar saxlanılması Xəzər dənizinin ekologiyasını zərbə altında qoyar.  

Xəzər dənizində yaradılan süni torpaq sahələrinin beynəlxalq standartlara və baş verə biləcək zəlzələlərə davamlılığı məsələsi də qanun layihəsində öz əksini tapmalıdır. Yeri gəlmişkən, layihənin müzakirəsində çıxış edən deputatlar  Xəzər dənizində süni adaların yaradılması ilə bağlı qanun layihəsinin yüksək səviyyədə hazırlandığını və onun maddələrində beynəlxalq praktikanın da nəzərə alındığını diqqətə çatdırıblar.   

Onu da qeyd edək ki, dənizdə süni torpaq sahələrinin yaradılması mövzusu yeni deyil. Məsələn, Niderlandda torpaqların xeyli hissəsi süni şəkildə yaradılıb. Həmçinin Dubayda  süni adalar bu gün də qurulur. Süni adaların tikintisi torpaq çatışmazlığı baxımından mükkəmməl bir ideyadır. Çünki  Dubayda torpaq sahəsi çox bahadır, xüsusilə də sahillərdə. Varlı iş adamları süni adalar yaradaraq bahalı evlər və otellər tikirlər.

Xatırladaq ki, ilk kiçik süni adalar Şotlandiya və İrlandiyadakı dayaz çaylarda və göllərdə salınıb. Sonralar  Sakit okeanın Karilin adalarında da  belə adalar qrupu - arxipelaq tikilib. Yelpik formasında süni ada isə Yaponiyada yaradılıb. Rusiyada Tısbağa adlı ilk süni ada isə 1702-ci ildə salınıb. 

İndi Xəzər dənizində də belə adaların tikilməsinə başlanılır. Mütəxəssislərin fikrincə, Azərbaycanda bu təşəbbüsün reallaşması imkanları daha əlverişlidir. Çünki Xəzərdə istifadə olunmamış çox sayda ada var.  

Dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur. Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Yaponiyada süni adalar  nəqliyyat məqsədilə tikilir.  Süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə Azərbaycanda yeni imkanlara yol açacaq.  

Rəşad İSMAYILOV,  
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri 

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi barədə bəhs edərkən, ilk növbədə, vurğulamaq istərdim ki,  dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən turizm sektorunun inkişafı son dövrlərdə dünyada geniş vüsət alıb. Bununla əlaqədar olaraq Xəzər dənizinin ölkəmizə aid hissəsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılmasının aktuallığı müvafiq qanun layihəsinin hazırlanması zərurəti yaradıb.

Qanun layihəsində  süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin salınmasına dair ümumi tələblər, qaydalar öz əksini tapıb. Bununla yanaşı, süni torpaq sahəsinin tikilməsi məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunub.

Qanun layihəsində ölkəmizin cənub və şimal bölgələri üçün adaların salınması nəzərdə tutulur. Bu adaların Nardaranda da yaradılması planları var. Müraciətlərin  hələlik az olmasına baxmayaraq iqtisadi risklər çoxdur. Məhdudiyyətlərlə yanaşı, qanunvericilik sahibarkar üçün maksimum şərait yaradır. 

Süni torpaq sahələrinin yaradılması ilə bağlı layihələr Azərbaycanın yeni siması olacaq. Dünyada belə təcrübələr var. Xəzərdə də belə təşəbbüslərin gerçəkləşməsi üçün imkanlar yaradılır. Amma  bu layihələrin kütləvi olması da inandırıcı görünmür.  

Quruda olduğu kimi, Xəzərdə də yaradılacaq süni adalarda həyata keçiriləcək tikinti işləri qanun çərçivəsində, Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılacaq, bu təşəbbüsün gerçəkləşməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ciddi nəzarət ediləcək. Sənədə əsasən, mülkiyyət hüquqlarının qorunması da diqqətdə saxlanılacaq. Qanunvericiliklə qoruqların ərazisi dövlət mülkiyyətidir. Bizim yanaşmamız belədir ki, sahilboyu zolaq kimi, süni ada da dövlət mülkiyyəti kimi mühafizə olunacaq.  

Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikintiyə icazə alınması üçün 2 ildən çox olmayaraq süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin inşası üçün isə 3 ildən az, lakin 6 ildən çox olmayan müddət müəyyən edilir. Sənədə əsasən, qanunla nəzərdə tutulan müddətlər sifarişçinin əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən 2 ildən çox olmamaqla uzadıla bilər.

Nəzərdə tutulmuş müddətdə süni torpaq sahəsinin yaradılması başa çatmadıqda, sifarişçinin icazə hüququna xitam verilir. Qanun layihəsi təkcə Bakıya şamil olunmur. Süni adalar Nabranda, Lənkəranda və digər yerlərdə də yaradıla bilər.

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı Baş Plan hazırlanacaq. Mümkün bütün risklər sığortalanacaq. Bu  məsələ ilə bağlı Azərbaycanın tanıtım layihələri olacaq. Sahibkarlar-investorlar  üçün də əlverişli  imkanlar yaradılacaq.  Şübhəsiz ki, təhlükəsizliklə bağlı məsələlər də diqqətdə saxlanılacaq. 

Dəniz sahilinə yaxın və yaxud bitişik ərazilərdə tikintiyə Nazirlər Kabineti icazə verəcək. Nardaran sahilində süni torpaq sahələrinin yaradılması ilə bağlı planlar var. Bu layihələr Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, onun tanıtımına da böyük təsir edəcək və ölkəmizin yeni simasını təqdim edəcək.

Bakının sahilboyu zolağında indiyədək geniş turizm infrastrukturları yaradılıb. bu Bu istiqamətdə layihələri davam etdirilir, yeni yollar salınır, su xətləri çəkilir. Qanun layihəsi süni torpaq yaratmanın spesifikasını əks etdirir. Şəhərsalma Məcələsinə əsasən, tikinti layihələrinin ekoloji və digər fəsadları araşdırılır.

Xəzər dənizi akvatoriyasında tikinti işlərinin aparılması ilə bağlı mövcud ənənələrdən də danışmaq istərdim. Belə ki, dənizdə tökmə torpaq üzərində tikintinin aparılması ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də müəyyən işlər görüləcək, mülkiyyət məsələlərinin tənzimlənməsi, şəhərsalma, ərazi planlaşdırılması, tikinti inzibatçılığı ilə bağlı məsələlər də diqqətdə saxlanılacaq.

Sonda bildirim ki, “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyənləşdirir. Bu qanunun qəbulu iqtisadiyyatın gücləndirilməsini, tikinti sahəsinin inkişafını, yeni iş yerlərinin yaradılmasını şərtləndirir.

Vaqif BAYRAMOV
XQ

 



Sosial həyat