Böyük Qayıdışın daha bir qaranquşu – Kərkicahan

post-img

Qarabağın ilk şəhid qəsəbəsi də dirçəldilən yurd yerləri sırasındadır

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə nəticəsində öz ərazi bütövlüyünü və 2023-cü ildə Qarabağda keçirilmiş birgünlük antiterror tədbirləri sayəsində suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə başladılan genişmiqyaslı bərpa-quruculuq işləri böyük sürətlə davam etdirilir. 

Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır və cari ildə bu məbləğ 4 milyard manat nəzərdə tutulub. 

Həyata keçirilən böyük layihələrin nəticəsi olaraq Qarabağda və Şərqi Zəngəzurda bərpa edilmiş yaşayış məntəqələrinin və daimi yaşamaq üçün bu yerlərə qayıdan məcburi köçkünlərin sayı sürətlə artmaqdadır. Tezliklə “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşa, Xankəndi və Xocalı şəhərləri, həmçinin Xocalı rayonunun Malıbəyli, Xankəndi şəhərinin Kərkicahan qəsəbələrinə də əhalinin köçürülməsinə başlanılacaq.

Bütün bunlar işğalçı Ermənistanın quldur silahlı bandalarının 1991–1993-cü illərdə Qarabağda və Şərqi Zəngəzurda törətdiyi soyqırımı və deportasiya siyasətinin sağ qalmış qurbanlarını hamıdan çox sevindirir, yüz minlərlə insanın doğma yurda qayıtmaq arzusuna davamlı olaraq qapı açır. Separatçı quldurların Xocalı rayonunun Kosalar kəndinə basqını zamanı doğma ocağını 16 yaşında tərk etmiş məcburi köçkün və artıq 48 yaşlı jurnalist olaraq bu qalib və əzəmətli qayıdış üçün yaradılan genişmiqyaslı hazırlıq işlərini yerindəcə izləmək və işıqlandırmaq üçün bugünlərdə Xankəndidə də səfərdə oldum.

Şəhərdə son həftələrdə separatçı xuntanın həyat üçün təhlükə törədən, ürəkbulandıran izləri sürətlə aradan qaldırılır. ANAMA əməkdaşları hərbi sursat və partlayıcı maddələrin zərərsizləşdirilməsi, “Bakı Abadlıq Xidməti” MMC-nin  təmizlik qrupları isə şəhərin sanitar təmizliyi ilə bağlı işləri sürətlə davam etdirir. Şəhərlə tanışlıqdan gəldiyim ümumi qənaət budur ki, burada dinc əhali xuntanın əsarəti altında ağır şəraitdə yaşamış, yalnız qarətçi hərbçilərin və onların əlaltılarının güzəranı xoş keçib. 

Çoxmərtəbəli kommunal evlər və kasıblar yaşayan məhəllələr bərbad vəziyyətdədir. Abad görünən tikililər isə imkanlılara məxsus villalar və obyektlərdir. Xunta rəhbərliyinin əyləşdiyi “baş bina”ya isə 3 onillikdə adi bir rəng də çəkilməyib. Onlar üçün öz qazancları hər şeydən üstün olub. Bunu mərkəzi küçələrdə sıralanmış müasir dizaynlı bank, ticarət və xidmət obyektləri aydın əks etdirir. Xankəndinin Ağdam tərəfindən uzanan baş küçəsi və mərkəzi meydanın sovet dövründə salınmış asfaltının çoxsaylı yamaqları da burada quldur-qarətçilərin at oynatdıqlarından xəbər verir.

İşğaldan əvvəl soydaşlarımızın Qarabağ xanları zamanından yaşadıqları, böyüyüb  Xankəndinin yuxarı hissəsindəki yamacları əhatə edən, şəhəri təzə ərzaq məhsulları ilə təchiz edən Kərkicahan qəsəbəsi isə ötən illərdə yandırılıb, dağıdılıb və xarabazara çevrilib. Xuntanın Qarabağdan rüsvaycasına qaçışından sonra burada da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Separatçıların Xankəndi ətrafından çıxardıqları kərkicahanlılar bu yerlərə ilk qayıdan məcburi köçkün icmalarından olacaq.

Kərkicahan qəsəbəsinin yenidən qurulması və abadlaşdırılması işlərinin icraçısı olan “Bakı Abadlıq Xidməti” MMC-nin layihə rəhbəri Halil Özdendən aldığımız məlumata görə, ilkin mərhələdə 50 fərdi yaşayış evinin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Cari ilin fevral ayından icrasına başlanılan layihə çərçivəsində 3 ev yenidən tikilib, 47 evin isə əsaslı təmiri aparılır. 400-ə yaxın işçinin cəlb edildiyi layihənin avqust ayına kimi yekunlaşdırılması nəzərdə tutulub. H.Özden onu da bildirdi ki, işçilərin seçimi zamanı əsasən yerli kadrlara üstünlük verilir və hazırda burada işləyənlər arasında kərkicahanlılar da az deyil. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidinə daxil olan Kərkicahan qəsəbəsi 28 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qəsəbə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən həmin tarixdən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçib. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra isə qəsəbə Azərbaycan ordusunun tam nəzarətinə keçib. Ərazidə həyat üçün zəruri təminatlar bərpa edilib. 

Hazırda respublikamızın müxtəlif bölgələrində məskunlaşmış kərkicahanlıların ümumi sayı 2500 nəfəri ötüb. Bu ilin avqust ayından etibarən Kərkicahan sakinlərinin doğma yurd həsrətinə son qoyulacaq. Qarabağda ilk deportasiyaya məruz qalmış qəsəbə əhalisi öz evlərinə də ilkin olaraq qayıdanlardan olacaqlar.

Mahir RƏSULOĞLU, 
Xocalı rayonundan məcburi köçkün, yazıçı-jurnalist

Bakı – Xankəndi – Bakı







Sosial həyat