Brüssel görüşü: gizlinlər üzə çıxır

post-img

Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşün üzərindən sirr pərdəsi qalxır. Məlum olur ki, görüş zamanı Ermənistana hərbi dəstəyin göstərilməsi məsələsi də müzakirə olunub.

Bu, əslində, gözlənilən idi. Çünki görüşdən iki gün əvvəl – aprelin 3-də ABŞ Dövlət katibinin Prezident İlham Əliyevə zəng etdiyi zaman dövlətimizin başçısı bildirmişdi ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Hayastanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Prezident anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulamışdı. ABŞ Dövlət katibi isə görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirmişdi.

Həmçinin, aprelin 4-də Avropa Komissiyasının rəhbəri xanım Lyayenin dövlətimizin başçısına zəngində də üçtərəfli görüş məsələsi qaldırılmışdı. 
Cənab İlham Əliyev ABŞ Dövlət katibi ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə etmiş və regional inklüzivliyin vacibliyini bildirmişdi.

Ancaq indi görüşün, əslində, Ermənistana hərbi dəstək məqsədilə keçirildiyi üzə çıxır. Məlum olur ki, üçtərəfli görüşdə İrəvanın Avroatlantik məkana inteqrasiyası məqsədilə bağlı qapılar arxasında imzalanan çoxsaylı siyasi, iqtisadi və humanitar sahələrə dair sənədlər arasında hərbi əməkdaşlığı nəzərdə tutan saziş də imzalanıbmış. Bu çərçivədə ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. Həmin məqam Ermənistanla ABŞ arasında hərbi əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsindən xəbər verir. Strateji Müdafiə İcmalının və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən nəzərdən keçirilməsini özündə ehtiva edir. Hərbi doktrinada bu cür dəyişikliklər ABŞ-nin aktiv maliyyə və texniki dəstəyi ilə müşayiət olunacaq ki, bu da Qərbin Cənubi Qafqazda sabitliyə təsir edən proseslərdə fəal iştirak etmək istəyini təsdiqləyir. Deməli, görüşdə açıqlanan 65 milyon dollar aysberqin görünən tərəfidir.

Vaşinqtonla yeni sazişlər kontekstində Ermənistanın müxtəlif proqramlar çərçivəsində Qərblə əməkdaşlığı əhəmiyyətli dərəcədə intensivləşəcək. Bu, təkcə NATO ilə hərbi əlaqələrin dərinləşdirilməsi deyil, həm də Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət və hazırlıq səviyyəsinin yüksəldilməsi deməkdir. Artan əməkdaşlığa NATO təlimlərində daha çox iştirak, qabaqcıl texnologiyaların əldə edilməsi və təcrübə mübadiləsi daxil ola bilər ki, bu da öz növbəsində Ermənistanın hərbi potensialını gücləndirməyə kömək edir. Birləşmiş Ştatların İrəvana hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə, sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımi yardım göstərməsi də yeni sazişdə nəzərdə tutulan məqamlardandır.

Avropa İttifaqının isə Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketini qəbul edəcəyi məlum olub. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. O, həmçinin əməliyyat səmərəliliyini artıracaq, Aİ və NATO standartlarına uyğunlaşmanı sürətləndirəcək və Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək. Yardım paketi, həmçinin Hayastan ordusunun Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır. Məlumata görə, Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Avropa İttifaqında konsensus əldə olunub. Aİ və Ermənistan mütəmadi olaraq müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr də aparacaq. Aİ Ermənistana Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun, o cümlədən mühəndis istehkamlarının yaradılmasında da yardım edəcək.

Əlbəttə, ölkələrin bir-biri ilə əməkdaşlığı, o cümlədən hərbi sazişlər imzalaması onların suveren hüququdur. Amma nəzərə almaq lazımdır ki, burada söhbət beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətdən deyil, əksinə, ona hörmətsizlik nümayiş etdirən, qonşu ölkənin BMT tərəfindən tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistandan gedir. Xatırlatmaq yerinə düşər ki, Hayastan Azərbaycana qarşı konstitusiyasında təsbit olunmuş ərazi iddialarından hələ də əl çəkməyib. Bu ölkənin Azərbaycana qarşı işğalçı niyyətlərini əsas qanunundan çıxarmadan gücləndirilməsinə çalışılması keçmiş münaqişəni qızışdırmağa və sülh prosesini pozmağa bərabərdir. Aİ-nin Azərbaycanla şərti, yəni hələ delimitasiya və demarkasiya olunmamış sərhədin tamhüquqlu cəbhə xəttinə çevrilməsində, o cümlədən mühəndis istehkamlarının inşasında və çoxsaylı atəş mövqelərinin yaradılmasında Ermənistana yardımını İrəvanı yeni müharibəyə sürükləməkdən başqa cür qiymətləndirmək çətindir.

Onu da qeyd edək ki, bir neçə gün öncə ABŞ-nin İrəvandakı səfiri Kristina Kvin səfirlikdə Ermənistan müdafiə nazirliyi ilə fəal əməkdaşlıq edəcək hərbi müşavirin də çalışacağını bəyan edib. Diplomat, həmçinin bəyan edib ki, Ermənistan Birləşmiş Ştatlardan zirehli təcili yardım maşınları istəyib və böyük ehtimalla tezliklə onları alacaq. Hərçənd, girişdə qeyd etdiyimiz kimi Brüssel görüşü ərəfəsində ABŞ və Aİ müxtəlif səviyyələrdə rəsmi Bakını əmin etməyə çalışırdılar ki, əməkdaşlıqda hərbi komponent yoxdur.

İndi isə onlar açıqlanan sənədləri təkzib etmək yolu tutublar. Dövlət Departamentinin mətbuat xidmətinin Brüsseldə keçirilmiş üçtərəfli görüşdə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı AZƏRTAC-ın ABŞ bürosunun sorğusuna cavabı belə deməyə əsas yaradır. “Bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələləri gündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı və Ermənistanla birlikdə qəbul etdiyimiz press-relizə yönəltmək istərdik. Avropa İttifaqı və Ermənistanla birlikdə keçirilmş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib” – deyə Dövlət Departamentinin mətbuat xidmətinin sorğuya cavabında qeyd olunub.

Mediada yayılmış sənədlə bağlı Moskvanın mövqeyi də özünü çox gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Brüssel görüşündə Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin ABŞ–Aİ–NATO mütəxəssisləri ilə əvəz edilməsi planının razılaşdırılmasına dair yayılan məlumatlara münasibət bildirib. Deyib ki, ölkəsi Brüssel danışıqları barədə mətbuata sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir. Diplomat bildirib ki, İrəvan daha əvvəl Qərb ölkələri ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı yönəlmədiyinə əmin edib: “Bu faktorları nəzərə alaraq, Ermənistan hakimiyyətindən yayılan məlumatlara aydın reaksiya, idealda isə bunun inkar edilməsini gözləyirik. Bütün hallarda söz rəsmi İrəvanındır”.

Xanım Zaxarova qeyd edib ki, qərblilər Cənubi Qafqazdakı qonşuları arasında qarşıdurma yaratmağa çalışırlar və Ermənistana yalnız yeni böyük yanğını alovlandırmaq istədikləri alət rolu verilir: “Brüsseldəki görüş zamanı, həqiqətən də, İrəvana Rusiya bazasının və 
sərhədçilərinin Qərb mütəxəssisləri ilə dəyişdirilməsi, eləcə də Ermənistan Respublikasında kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların qoyulduğu ortaya çıxsa, Moskva təəccüblənməyəcək”.

Mövzu ilə bağlı “XQ”yə şərh verən politoloq Yeganə Hacıyeva bildirdi ki, iştirakçılar görüşdən sonra kifayət qədər məlumat veriblər. Ancaq onların nə deməsindən, mediada hansı məlumatların getməsindən asılı olmayaraq, bu qənaətə gəlmək olur ki, burada söhbət təkcə iqtisadi, yaxud demokratiya məsələlərindən getmir: “Silah-sursatın özünün verilməsi şərt deyil. İqtisadi dəstək görüntüsü yaradaraq, bu ad altında da Ermənistana hərbi və hərbi-texniki dəstəyin verilməsi tamamilə mümkün idi. Hərbi-texniki dəstək üçün maliyyənin verilməsi elə hərbi dəstəyin verilməsi anlamına gəlirdi ki, hazırda biz bunun şahidiyik”.

Y.Hacıyeva qeyd etdi ki, digər məqam Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin görüşdən sonrakı açıqlamasıdır: “Səfir görüşdən dərhal sonra bildirdi ki, hamının əldə etməyə çalışdığı anti-dron ssitemləri Ermənistana veriləcək. Bu da Brüssel görüşünün nəticəsi kimi qiymətləndirilə bilər və o anlama gəlirdi ki, görüşdə hərbi-texniki məsələlər müzakirə olunub. Eyni zamanda, Aİ komissarı Jozep Borrelin verdiyi açıqlamanı nəzərə alsaq, görüşdə Ermənistana ciddi hərbi dəstəyin göstərilməsi ilə bağlı qərar verildiyini demək mümkündür”.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov isə qəzetimizə açıqlamasında bildirdi ki, Blinken okeanın o tayından min kilometrlərlə yolu Ermənistana 65 milyon ayrılacağını elan etmək üçün gəlməmişdi: “Güman etmək olardı ki, görüşdə İrəvana hərbi və təhlükəsizlik sahəsində müəyyən vədlər veriləcək və ya bununla bağlı sənəd imzalanacaq. Əgər Ermənistana təkcə iqtisadi yardım ayrılacaqdısa, bununla bağlı görüşü qapalı keçirməyə ehtiyac yox idi. Biz isə Brüsseldə qapalı görüşün keçirilməsinin şahidi olduq. Bu, birinci məqamdır. İkinci məqam ondan ibarətdir ki, Qərb “erməni məsələsi” adı altında Cənubi Qafqazda müəyyən məqsədlərini həyata keçirmək istəyir. Ancaq mən əminəm ki, ABŞ-də vəziyyətin fərqində olan və bununla razılaşmayan kifayət qədər insan var. Onlar 2024-cü ilin noyabrından sonra tamamilə fərqli siyasət yürüdəcəklər və Azərbaycanla ənənəvi müttəfiqlik münasibətlərini davam etdirəcəklər”.

Z.Məmmədov qeyd etdi ki, açıqlanan sənəd İrəvanı müharibəyə təhrik etməyə xidmət edir. Müsahibimiz öz fikirlərini bununla əsaslandırdı ki, Ermənistana müdafiə və hücum xarakterli silahların verilməsi İrəvanın gələcəkdə ölkəmizə müharibə elan etməsinə gətirib çıxara bilər.

Onu da bildirək ki, Brüssel görüşü ilə bağlı Ermənistan cəmiyyətində də birmənalı mövqe yoxdur. Hayastanın “Birlikdə” hərəkatının koordinatoru Aram Sarkisyan Ermənistan üçün ümumi təhlükəsizlik sisteminin qurulmasında Vaşinqton və Brüsselin iştirakı ilə bağlı mətbuata sızan informasiyalara hakimiyyətin hələ də cavab vermədiyindən narazılıq edib. O, jurnalistlərə açıqlamasında ABŞ və Aİ ilə razılaşmaların erməni xalqından gizli saxlanıldığını, rəsmi bəyanatlarda bu barədə bir kəlmə belə olmadığını bildirib. “Ermənistan hakimiyyəti son dərəcə təhlükəli oyun aparır. Region geosiyasi “Bermud üçbucağı”na çevriləcək. Brüsseldəki razılaşmalar İran və Rusiyaya qarşı yönəlib. Bunu həm Tehran, həm də Moskva birbaşa və ya dolayısı ilə açıqlayır”, – deyən Sarkisyan Paşinyan iqtidarının eyni vaxtda iki stulda oturmağa çalışmasının haylara baha başa gələcəyini vurğulayıb.

Səxavət HƏMİD 
XQ

 





Siyasət