Vaşinqton rus hərbçilərinin Qarabağı tərk etməsindən niyə narahatdır?

post-img

Cənubi Qafqaz regionu ciddi transformasiya dövrünə qədəm qoyub. Postsovet məkanının ən köhnə münaqişəsi adlandırılan Qarabağ problemi artıq tarixə qovuşub. Rusiya sülhməramlı kontingentinin də vaxtından əvvəl Qarabağı tərk etməsi bir tərəfdən Bakı və Moskva arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqlədi, digər tərəfdən regionda münaqişənin artıq tarix olduğunu rəsmiləşdirdi. Amma belə görünür, regionun mahiyyətcə yeni dövrə qədəm qoyması okeanın o tayındakıları razı salmayıb. ABŞ-ın rusiyalı hərbçilərin Qarabağı erkən tərk etməsinə reaksiyası məhz belə deməyə əsas verir.

Yeni əsrdə Qafqaz regionunun geosiyasi həyatında ən böyük hadisə, əlbəttə ki, Qarabağ münaqişəsinin başa çatması oldu. Otuz il aparılan danışıqların nəticəsiz bitməsindən sonra Azərbaycan beynəlxalq hüquq qayda və normalarına uyğun ərazilərini silah gücünə işğaldan azad etdi. 20 sentyabr lokal xarakterli antiterror tədbirlərindən sonra isə ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Qarabağ münaqişəsinin başa çatması Cənubi Qafqaz regionunda status-kvonu dəyişdirdi. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına uyğun Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölgəni erkən tərk etməyə başlaması da regionun yeni dövrə qədəm qoymasını təsdiqlədi. Xatırladaq ki, sülhməramlıların ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Sülhü istəyən hər kəs, əlbəttə ki, bu xəbəri alqışlamalı və bunu regionda formalaşmış yeni reallığın güclənməsinə yönəlmiş vacib amil kimi qiymətləndirməlidir. Çünki sülhməramlı qüvvələrin bölgəni tərk etməsi o deməkdir ki, Qarabağda münaqişə tərəfləri yoxdur və deməli, missiya da başa çatıb. Ancaq prosesi dəstəkləmək, ən azından neytral mövqe sərgiləmək əvəzinə,  tam başqa reaksiya görürük. Xüsusilə də ABŞ-ın sülhməramlıların vaxtından əvvəl Qarabağ bölgəsini tərk etməsinə reaksiyası normal məntiqə uyğun gəlmir. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib ki, Vaşinqton Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görməyib: “Payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”. 

ABŞ-ın qlobal güclü oyunçu olduğunu unutmamışıq. Vaşinqton hər fürsətdə dünyanın təhlükəsizliyini qorumaqda tarixi missiyası olduğunu iddia edərək, müxtəlif regionlarda milli maraqlarını müdafiə etməyə çalışır. Əgər ABŞ beynəlxalq sülhün təmin edilməsində çox maraqlıdırsa, o zaman otuz il Cənubi Qafqaz regionunu təhdid altında saxlayan Qarabağ münaqişəsinin başa çatmasını alqışlamalı və bölgədə sülhün və təhlükəsizliyin daha da güclənməsinə təkan verən prosesi dəstəkləməlidir. Ancaq Vaşinqton tam başqa mövqe sərgilədi. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsini neqativ tərzdə şərh etdi. Belə reaksiya verməklə ABŞ növbəti siyasi riyakarlığını ortaya qoydu. Niyə belə düşünürük? Ona görə ki, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe nümayiş etdirir. Diqqət edin: ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadanı sülhməramlı kontingenti çıxarmağa çağırmış, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlamışdı. Amma Azərbaycana gələndə məsələyə “qara eynək”dən baxır, rəngləri tündləşdirməyə çalşır. 

Əslində, Vaşinqtonun belə davranmasında təəccüblü heç nə yoxdur. ABŞ Ukrayna müharibəsi fonunda Rusiyanı dünyanın strateji regionlarından sıxışdırmağa çalışır. Belə regionlardan biri də Cənubi Qafqazdır. Qarabağ münaqişəsinin həll olunmaması da regionu qlobal geosiyasi güclər arasında rəqabət meydanına çevirmişdi. Ancaq Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistanı darmadağın etməsindən sonra regionda yeni geosiyasi reallıq yarandı. Bu reallıqla barışmayan ABŞ və Fransa davamlı sülh müqaviləsinin imzalanmasına əngəllər yaradır. Aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ–Avropa İttifaqı–Ermənistan sammitinin pərdəarxası məqamları da bunu təsdiqləyir.  Vaşinqtonun Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması ilə bağlı sərgilədiyi mövqe Qərbin postmüharibə reallığının dəyişdirilməsinə yönəlmiş növbəti destruktiv cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycanda münaqişə tərəflərinin olmamasını, yəni Qarabağ münaqişəsinin həll edilməsinin təzyiq rıcaqlarının sıfırlanmasına gətirib çıxardığını anlayan Vaşinqton Rusiyanın bostanına daş atır, onun “etibarsız müttəfiq” olduğunu iddia edir və bununla İrəvana mesaj göndərir ki, Ermənistanın yeni “təhlükəsizlik çətiri” məhz ABŞ-dır.

Aydındır ki, ABŞ öz geosiyasi məqsədlərini güdür, amma razılaşın ki, milli maraqların digər dövlətlərin həyati maraqlarının nəzərə alınmaması hesabına təmin edilməsi siyasi riyakarlıqdır. Əgər ABŞ Rusiyanı “etibarsız müttəfiq” adlandırırsa, bəs 2023-cü il sentyabrın 17-də Moskva ilə niyə masa arxasına keçib separat danışıqlar aparmışdı? Xatırladaq ki, 2023-cü ilin antiterror tədbirlərindən bir neçə gün əvvəl – sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ–Rusiya–Aİ görüşü keçirilmişdi. Həmin görüş Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas olmuşdu. ABŞ-ı danışıqlarda Qafqaz üzrə baş müşavir Lui Bono, Avropa İttifaqını regional nümayəndəsi Toivo Klaar, Rusiyadan isə prezident Vladimir Putinin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil etmişdi. ABŞ Dövlət Departamentinin rəsmisi görüşlə bağlı şərh verməkdən imtina edərək bunu özəl diplomatik müzakirə adlandırmışdı.

Bəs görüşdə nə müzakirə olunmuşdu? Bəzi məlumatlara görə, görüşdə Rusiya sülhməramlılarına beynəlxalq mandatın verilməsi, Qərb sülhməramlılarının da Qarabağa buraxılması təklif olunmuşdu. Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmaması üçün öz sülhməramlılarının bölgəyə BMT mandatı altında daxil olmasını və ruslarla birlikdə ermənilərlə azərbaycanlılar arasında dayanmaq təklifini irəli sürmüşdü. Azərbaycan və Türkiyə dövlət başçılarının qəti etirazları sayəsində görüş nəticəsiz başa çatmışdı. Ancaq bu görüş ABŞ və Qərbin Azərbaycanın öz suverernliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərmişdi. 

Azərbaycan artıq Qərbin ikili standartlarından təəccüblənmir. Böyük ölkələrin, xüsusilə də ABŞ kimi ölkələrin geosiyasi maraqları naminə sülh prosesini tormozlamağa çalışması da artıq yenilik deyil. Bütün bu destruktiv mövqelərə və pərdəarxası oyunlara baxmayaraq, Azərbaycan öz yolu ilə inamla addımlayır və Bakı milli maraqlarını qorumaqla yanaşı, regional sülhün bərqərar olunmasına və çoxtərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verməkdə davam edəcək.

S.ELAY 
XQ

 

Siyasət