Zatulinin ermənipərəstliyi, xəlvəti anti-Rusiya demarşı və xəyanət motivi

post-img

Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin yenə sakitliyi pozub. Onun Rusiya sülhməramlılarının Qarabağdan çıxmaları məsələsində nələrdən söz açdığı, hansı cəfəngiyyatı dilə gətirdiyi barədə söz açacağıq. Hələlik isə bildirək ki, Zatulin ötən həftə də eyni mövzuda danışmışdı. Hərçənd, həmin vaxt sülhməramlılarla əlaqədar məsələ gündəmdə deyildi. O bildirmişdi ki, erməni əhalisinin Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu üçün heç bir səbəb yoxdur. Əlbəttə, rusiyalı parlamentari başqa məqamları da vurğulamışdı... 

***

Bəli, ermənipərəst deputat sakitliyi boş yerə pozmur. O, birbaşa “sifariş” yerinə yetirir. Söhbət nədən gedir? Əlbəttə ki, Rusiyadakı erməni lobbi və diaspor təşkilatlarının “sifarişlərinin” icrasından. Görünür, erməni lobbisi rəsmi Moskvanı aşağılamaq yolunu tutur. Yəni, dolayısı ilə demək istəyirlər ki, Rusiya Qarabağla bağlı heç bir təsir gücünə malik deyil. 

Qeyd edək ki, istər Ermənistan hakimiyyəti, istərsə də onun xaricdəki havadarları Azərbaycanın ötən ilin sentyabrında reallaşdırdığı lokal xarakterli antiterror tədbirlərindən əvvəl Rusiya sülhməramlılarının fəaliyyətsizliyindən söz açırdılar. Antiterror tədbirləri sonrası isə erməni əhalinin bölgədən çıxması bu ritorikanı xeyli gücləndirdi. Nəzərə alaq ki, mövcud ritorika Qərbin anti-Rusiya fəaliyyətinin başlıca seqmentini təşkil edir. 

Onu da bildirək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyət müddəti 2025-ci ildə bitirdi. Yəni, prinsip etibarilə həmin vaxtadək rus hərbçiləri bölgədə qala bilərdilər. Ermənistan sözügedən bəyanatı heçə sayaraq, sənədin tərəfi olmaqdan imtina edib. Belə olan halda rəsmi İrəvanın rus sülhməramlı kontingentinin Qarabağda mövcudluğuna dair razılıq verib-verməmək səlahiyyəti, faktiki olaraq, əhəmiyyətini itirmişdi. Azərbaycan isə bəyanata bu gün də sadiqdir və rəsmi qaydada açıqlandığı kimi, Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinə dair qərarı Moskva və Bakı birlikdə qəbul edib. 

***

Qərbin anti-Rusiya köklənişinə gəlincə, mövcud istiqamətdəki təbliğatın mühüm icraçılarından sayılan Ermənistanın hakimiyyət nümayəndələri zaman-zaman Moskvanı Qarabağ ermənilərinin təhlükəsizliklərini təmin etməməkdə, yaxud edə bilməməkdə günahlandırıblar. Üstəlik, onlar mövzuya yeni rəng çalarları qataraq, vurğulayıblar ki, ümumən Kreml Ermənistanın təhlükəsizliyinin təminatı baxımından etibarlı tərəfdaş deyil.

Belə bir durumda Zatulin ötən həftə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin lazımsızlığına dair fikir formalaşdırmaqla, nəinki erməni dostlarının Moskvanı aşağılamaq niyyətlərini gerçəkləşdirmiş, habelə Qərbin maraq dairəsində olan məsələni qabartmışdı. Bu yerdə diqqət yetirək və görək ki, ABŞ hakimiyyəti Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxmasına necə münasibət bildirib. 

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Petel ənənəvi brifinqdə deyib ki, Birləşmiş Ştatlar Rusiya ordusunun Cənubi Qafqaz regionunun daha dinc və sabit olmasına töhfə verdiyini təsdiqləyən heç nə görməyib. Cənab Petel fikrini əsaslandırmaq üçün ötən ilin payızında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədilə reallaşdırdığı lokal xarakterli antiterror tədbirlərinə diqqət çəkib. Təsəvvür edin ki, o, həmin tədbirlərə görə Rusiyanı etibarsız müttəfiq və ya tərəfdaş kimi qələmə verib. 

Hər halda, belə bir fikri bildirdikdən sonra V.Petelin Birləşmiş Ştatların davamlı və ləyaqətli sülhə nail olmaq üçün Ermənistanın və Azərbaycanın səylərini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırması riyakarlıqdan başqa bir şey deyil. Yəni, sözümüz ondadır ki, Rusiya Dövlət Dumasında mühüm vəzifə tutan biri, yəni Zatulin də təxminən eyni mövqedədir. Məsələ barədə rəsmi Moskvaın düşünməsi vacibdir. Düşünsün ki, Rusiya üçün erməni kitabının tamamilə sıradan çıxmağa doğru yön aldığı indiki dövrdə zatulinlər ölkəyə lazımdırlarmı? Biz öz tərəfimizdən bu suala yazının sonunda cavab verəcəyik...

***

Təsəvvür edin, Moskvanın Cənubi Qafqazdan tamamilə sıxışdırılmasına hesablanmış “oyun” gedir, belə təəssürat formalaşır ki, Zatulin indi də Qərbin maraqları naminə hərəkətə keçib. Əlbəttə, bu cür əqidəsizdən hər şey gözləmək mümkündür. Çünki, o, həmişə, necə deyərlər, öz əlinə oynayıb. Çalışıb ki, ayı xidməti ilə Rusiyadakı erməni lobbi və diaspor təşkilatlarından aldığı maliyyənin qarşılığını ödəsin. 

Bəli, K.Zatulin əvvəlki ampluasına sadiqdir. O, ötən həftə bildirmişdi ki, Azərbaycan rus qoşunlarının çıxarılması məsələsini qaldırmayıb. Ona görə ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin: “Bu gün Qarabağda sülhməramlıların varlığı Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından, sual yaranır: Bizim sülhməramlılarımızın orada nə işi var? Hesab edirəm ki, Azərbaycan rəhbərliyi hələ də onların geri çəkilməsinə dair sualları ona görə qaldırmayıb ki, bu, məğlubiyyət, güzəşt, hərbçilərimizin Rusiya Federasiyasından kənarda olmasının vurduğu ziyan kimi qəbul olunmasın. Əslində, sülhməramlılarımızın Qarabağdakı mövcudluğunun səbəbləri azdır”.

Əlbəttə, ermənipərəst deputat “Gazeta.ru”ya müsahibəsində yuxarıda qeyd etdiyimiz əsl məqsədini pərdələməyi yaddan çıxarmamışdı. O, rus hərbçilərinin Qarabağda qalmalarının nəyə görə vacib olduğundan dəm vurmuşdu. Maraqlıdır ki, Zatulinin mövcud xüsusda qaldırdığı iddia elə rəsmi İrəvanın və xaricdəki havadarlarının gündəmindəki tezislər idi. Deputat bildirmişdi ki, guya, Rusiya sülhməramlılarının Qarabağda olmaları bölgə ermənilərinin evlərinin dağıdılmaması üçündür. Ən əsası isə sən demə, ruslar oradakı erməni mədəni irsinin məhvinin qarşısını alırlarmış: “Mən sülhməramlılarımızın, məsələn, erməni əhalisi tərəfindən tərk edilmiş evlərə, tarix və mədəniyyət abidələrinə heç nəyin baş verməməsini təmin etmək üçün yerləşdirməyi məqsədəuyğun görürəm”, – deyən deputatın özündən səbəb uydurduğu ortadadır. 

***

Deyəsən, “Qazeta.ru” Zatulinin sevimli sərsəmləmə platformasıdır. Ötən həftə olduğu kimi, o, yenə də bu media orqanınına açıqlama verib və deyib ki, guya, Azərbaycan Qarabağda ermənilərin mövcudluğunun izlərini silməyi planlaşdırır və buna görə rus sülhməramlılarının orada qalmaları hər iki tərəf üçün münaqişəyə səbəb olacaqdı. İndi necə başa düşək? Belə çıxır ki, Rusiya “Qarabağda ermənilərin mövcudluğunun izlərini silməkdə” Azərbaycanla ortaqdır?

Ancaq Zatulinin sərsəmləmələri bununla bitmir. Diqqət yetirək, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin bölgəyə qayıdışı məsələsini bir kənara qoyub. Daha doğrusu, məsələdən tamam fərqli tərzdə, yəni avantürist məqsədlər naminə bəhrələnir və bu bəhrələnmədə anti-Rusiya ovqatı aşkar duyulur. Rusiyalı deputat isə bildirir ki, erməni əhalisinin müəyyən hissəsinin Qarabağa qaytarılması perspektivindən “yapışmaq olar”. Necə, Zatulinin mövcud istiqamətdə danışdıqları nağıldan başqa bir şey deyil – Azərbaycan xoş niyyət göstərməlidir və sair bu kimi fikirlər. Görəsən, hansı xoş niyyətdən söhbət gedir? O niyyəti, ölkəmiz dəfələrlə göstərib, amma rəsmi İrəvan Qarabağ ermənilərinin Azərbaycan yurisdiksiyasında yaşamasına razılıq verməyib...

*** 

Əlbəttə, Zatulinin söylədiklərində hamıya aşkar olan müəyyən həqiqət payı da var. Məsələn, o deyir ki, sülhməramlıların çıxarılmasından sonra Qarabağda yeni müharibənin başlanması üçün heç bir əsas yoxdur. Bəs müharibə necə ola bilər? Deputat bildirir ki, Ermənistanda hakimiyyət dəyişikliyi yaşansa, “yenilər” ölkə ərazisini və erməni milli maraqlarını təslim etməkdən əl çəksələr, müharibə  durumu yarana bilər. Göründüyü kimi, Zatulin rus sülhməramlılarının Qarabağdan çıxarılmasını erməni milli identikliyinin qorunması baxımından yolverilməz sayır. Belə yanaşma, heç şübhəsiz, qızışdırıcı mahiyyət də daşıyır. 

***

Ermənipərəst rusiyalı parlamentarinin fikirlərindəki növbəti qızışdırıcı motiv isə budur: rəsmi İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və həmin andan bölgədə baş verən hər şey Ermənistanın iştirakı olmadan Rusiya ilə Azərbaycan arasında müzakirə mövzusuna çevrildi. Nəticədə Bakı 2023-cü ilin sentyabrında ərazini ələ keçirdi, nəticədə erməni əhalisi oradan çıxdı. Zatulinin belə yanaşması Ermənistan rəhbərliyinin “Rusiya Qarabağı Azərbaycana təhvil verdi” tezisinə çox bənzəyir. Deməli, tam aydındır ki, o, öz ölkəsinə deyil, erməni lobbi və diaspor təşkilatlarına xidmət edir. 

Bəli, bir daha bildirək ki, K.Zatulin özünün ermənipərəst dəst-xəttinə “sadiqdir”. O qədər sadiqdir ki, Rusiyanın dövlət maraqları onun üçün heç nədir. Görəsən, deputat bu maraqların Ermənistan hakimiyyəti tərəfindən təhdid edildiyinin fərqində deyil?  

Sonda diqqətə çatdıracağımızı bildirdiyimiz bir məqamın üzərində gediş edək. Zatulinlər vaxtılə Rusiya üçün lazım idilər. Ölkədəki bəzi dairələr onların köməyi ilə anti-Azərbaycan fəaliyyət gerçəkləşdirirdilər. Hazırkı məqamda isə rəsmi Moskva, loru dildə desək, kimin kim olduğunu anlamağa başlayıb. Deməli, Zatulin və onun kimi üfunət qoxuyan siyasi iyrənclərin tarixin zibilliyinə atılmasının vaxtı çatıb. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət