Özbəkistanda “Səhiyyə- TIHE 2024” 28-ci beynəlxalq sərgi keçirilib.
Sərgidə Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Türkiyə, Çin, Misir, Koreya, Pakistan, Niderland, Çexiya, İsveçrə, Qazaxıstan, Özbəkistan olmaqla dünyanın 21 səhiyyə şirkəti və firması iştirak edib.
Tədbirə Misirdə və Azərbaycanda qeydiyyatdan keçən, ölkəmizdə uğurla fəaliyyət göstərən “EgAz Pharma” şirkəti də qatılıb.
Sərgidə bu ölkələrin istehsalı olan tibb avadanlıqları, əczaçılıq sənayesinin müasir texnologiyaları, bu sahədə həyata keçirilən tikinti layihələri, məhsulların istehsalı avadanlıqları nümayiş etdirilib.
“EgAz Pharma” Şirkətinin həmtəsisçisi Tovuz Hüseynova bildirib ki, firmamız 2006-cı ildə Misirin İskəndəriyyə şəhərində təsis edilib. Əvvəl postsovet ölkələrində Misirdə istehsal olunan dərmanların marketinqi ilə məşğul olurduq. Bu preparatların ümumi sayı minə yaxındır.
O deyib ki, 2022-ci ildən “EgAz Pharma” şirkəti müxtəlif istiqamətli dərmanların istehsalına başlayıb. Hazırda Azərbaycanda bizim şirkətdə istehsal olunan 80-ə yaxın dərman qeydiyyatdan keçib və bazarda populyarlıq qazanıb. Gələcəkdə Azərbaycanda və digər postsovet ölkələrində öz fəaliyyətimizi genişləndirmək niyyətindəyik.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd