İranın “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, İsfahan əyalətinin Kaxcavaristan şəhərində partlayış baş verib. "ABC News"un məlumatına görə, İsrail İrandakı obyektə raket zərbəsi endirib.
Hücumun hədəfi hələlik məlum deyil, itkilər haqqında da məlumat yoxdur. "Reuters" agentliyi hava hücumundan müdafiə sisteminin İsfahan vilayətində işə düşdüyünü təsdiqləyib. Kaxcavaristandan uzaqda hava limanı və İran Hərbi Hava Qüvvələrinin 8-ci bazası yerləşir.
Agentliyin məlumatına görə, İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb. AFP xəbər verir ki, İran bir neçə şəhər üzərində hava hücumundan müdafiə sistemini işə salıb.
"Fox News" kanalının mənbələrinə görə, İsrail Müdafiə Qüvvələri (IDF) İslam Respublikasının aprelin 14-nə keçən gecə baş verən hücumuna cavab olaraq İran ərazisinə “məhdud” zərbə endirib.
“The New York Times” da İsrailin İranın İsfahan əyalətinə gecə zərbəsi endirməsi barədə yazıb. Hücum edilən ərazidə hava limanı və İran Hərbi Hava Qüvvələrinə məxsus bazanın olduğu bildirilib. Eyni zamanda, İran hakimiyyəti İsfahanda hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini və şübhəli obyektlərə cavab verdiyini bildirib. Onların sözlərinə görə, heç bir ziyan dəyməyib.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İsrail ərazisinə 300-dən çox pilotsuz təyyarə və raket buraxılıb. İran bunu aprelin 1-də Dəməşqdəki konsulluğuna edilən hücuma cavab adlandırıb. İsrail hədəflərin 99%-dən çoxunu məhv etdiyini bildirib. Aprelin 17-də “The Jerusalem Post” qəzeti yazıb ki, İsrail hakimiyyəti İranın zərbəsinə cavab qərarı verib, lakin təfərrüatları açıqlamayıb. İran hücuma məruz qalacağı təqdirdə İsrailin nüvə obyektlərinə hücum edəcəyi ilə hədələyib.
S.ELAY
XQ