O, İkinci Qarabağ müharibəsində xalqının başını ucaldanlardandır. Vətən müharibəsinin əfsanəvi qəhrəmanlarından sayılır. Sinəsini “Qarabağ”, həmçinin çox sayda digər orden və medallar bəzəyir. Hörmətli oxucu! Redaksiyamızın budəfəki qonağı Daxili Qoşunların xüsusi təyinatlısı, Vətən müharibəsi qazisi, kapitan Vüsal Həsənovdur. Onunla “Xalq TV”-də yayımlanan müsahibədən bəzi məqamları diqqətinizə çatdırırıq.
Onu redaksiyanın dəhlizində qarşıladıq. Uca boyu, məğrur yerişi var. El arasında bir ifadə var: lay divar! Qonağımız da belə əzəmətli idi. Əvvəlcə Kəmalə xanım heyrətlə dilləndi:
– Maşallah olsun! Vətənin belə qamətli, qürurlu igidləri var!
O isə gülümsəyərək sakitcə cavab verdi:
– Maşallah gününüz olsun! Təki, xalqımız, milətimiz daim başı uca yaşasın!
Beləcə, hörmətli qonaqla geniş söhbətə başladıq.
–Sizə cəngavərmi, qəhrəmanmı deyək, redaksiyamıza təşrif buyurduğunuzdan şərəf duyuruq. Oxucularımız çox istərdilər ki, sizi daha yaxından tanısınlar...
–Mən 1982-ci ildə Qarabağda, Füzulinin Mahmudlu kəndində həyata göz açmışam. 1993-cü ilin avqustunda Füzuli rayonu işğal olunanda 4-cü sinifdə oxuyurdum. Yadımdadır, Birinci Qarabağ müharibəsinin ağır günlərində kəndimizə qara tabutlarda şəhidlər gəlirdi. Analar, gəlin və bacılarımız gözü yaşlı idilər. 1993-cü ilin 23 avqustunda isə Füzuli rayonu süqut etdi. Düz 27 il bu ağır yara qəlbimizi didib-parçaladı.
Mən gələcəkdə hansı peşəni seçməli idim? Tale özü mənim üçün seçim etmişdi. Doğma Füzulinin, bütün Qarabağın azad olunması üçün hər an döyüşə hazır olmalı idim. Bu müqəddəs savaş qaçılmaz idi. Mən həmin günü həsrətlə gözləyirdim.
Bu arzu və niyyətlə hərbi xidmətimi başa vurandan sonra Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinə qəbul olundum. Qardaş Türkiyədə 11 aylıq hərbi təlimlərdə iştirak etdim. Nəhayət, o gün gəlib çatdı...
–27 sentyabr gəldi və siz torpağın şərəfi uğrunda döyüşə başladınız...
–Həmin gün sübh tezdən biz artıq cəbhənin Füzuli istiqamətində ağır döyüşlərə başlamışdıq. Çox gərgin və həyəcanlı anlar idi.
Amma söhbətə şəhidlərimizdən başlamaq istərdim. Düşmən səngərlərini yarıb keçərkən bir-birindən igid oğullar qurban verdik. Onların hər birinin xatirəsi mənim üçün çox əzizdir və bütün ömrüm boyu onların heç birini unuda bilmərəm.
Şəhidlər torpağı Vətənə çevirən igidlərdir. Onlar şəhadətləri ilə müqəddəslik zirvəsinə yüksəldilər. Ruhları qarşısında baş əyirəm.
–Vüsal, müharibənin ilk günləri arxa cəbhədə də hamımız çox narahat idik. Savaşın ağırlığı, təbii ki, əsgər və zabitlərimizin üzərinə düşürdü...
–Döyüşün ilk anlarından bəlli oldu ki, qalibiyyət bizim olacaq. Ona görə ki, Azərbaycan Ordusu vahid komandanlıq altında sarsılmaz qələbə əzmi ilə döyüşürdü. Biz Zəfər ruhu ilə silahlanmışdıq. Sinəmizdə Vətən həsrəti, Qarabağ sızıltısı var idi.
Əmr almışdıq. Füzulinin 5 kəndini azad edərək, Əhmədbəyli yolunun açılmasını təmin etməli idik. Şiddətli döyüşlər gedirdi. Düşmən təchizat yolumuzu kəsmişdi. Hərbçilər yaxşı bilirlər ki, bu, döyüş zamanı nə qədər böyük çətinlik yaradır. Lakin biz Əhmədbəyli yolunu açıb, düşməni darmadağın etdik.
–Döyüş dostlarınız bizə deyiblər ki, siz ilk hücumların birində yaralansanız da, döyüş meydanını tərk etməmisiniz...
–Rəhbərliyə bildirdim ki, yaram yüngüldür, döyüş qabiliyyətimi aşağı salmır. Sağ olsunlar, sözümü yerə salmadılar.
Bilirsinizmi, Vətən müharibəsinin əzəməti nədədir? Hətta yaralılar belə döyüş meydanından çıxmaq istəmirdilər, hamı Qələbəni tez bir zamanda görmək istəyirdi. Yemək, su içmək belə yadımızdan çıxmışdı.
Düşünürəm ki, Azərbaycan Ordusunun qəhrəmanlığından tarix boyu yazılmalıdır. Gələcək nəsillər Qarabağ uğrunda müqəddəs döyüşlərin əfsanəyə çevrilməsinin səbəblərini bilməlidirlər.
–Vüsal, sən ata-baba yurdun olan Füzuliyə qələbə bayrağı sancmısan. Bundan böyük xoşbəxtlik ola bilərmi?
–Görünür, Füzuli şəhərinə qələbə bayrağını sancmaq xoşbəxtliyi taleyimə yazılıb. Rayon mərkəzindəki Mərkəzi Poçtun binasından bayrağımızı dalğalandıranda, gözlərim dolmuşdu. Əllərim həyəcandan əsirdi.
Şəhidlərimizin ruhu qarşısında borcumu yerinə yetirirdim. Onlar sanki mənə deyirdilər: Möhkəm dayan, müqəddəs bayrağı sənə etibar etmişik.
Yeri gəlmişkən, Vətən müharibəsində iştirak edən bütün döyüşçülərin çantasında 3 rəngli bayrağımız var idi.
–Hərbi ekspertlər bu qənaətdədirlər ki, məhz Füzuli uğrunda döyüşlərdə düşmənin beli qırılıb. Siz necə düşünürsünüz?
–Həqiqətən, elədir. Ermənilər uzun illər ərzində orada bir neçə müdafiə səddindən ibarət istehkamlar qurmuşdular. Lakin düşmən əsgər və zabitlərimizin qələbə əzmi, iradəsi qarşısında aciz duruma düşdü.
Füzuli istiqamətində parlaq qələbəmizdən sonra ermənilər dərk etməyə başladılar ki, Ali Baş Komandanın növbəti tapşırığı Şuşa istiqamaətində hücum əmri olacaq. Onlar artıq vahilənməyə başlamışdılar. Ümumiyyətlə, Füzuli döyüşlərinə qədər erməni ordusu nizami ordu formasında döyüşürdüsə, bundan sonra düşmən ordusu parçalandı və pərakəndə halda döyüşməyə başladı.
–Bizim cəngavərlər artıq Hadrut istiqamətindən Şuşaya tərəf irəliləməyə başlamışdılar. Siz Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin komandir müavini, qərargah rəisi idiniz. Gücümüzə güc qatan nə oldu?
–Yalnız və yalnız qələbə əzmi! Biz, doğma torpaqlarımız uğrunda vuruşurduq. Bir ölür, min dirilirdik. Qəlbimizdə, beynimzidə yalnız bir hiss, bir arzu vardı: Şuşaya çatmaq və nəyin bahasına olursa-olsun, onu azad etmək!
Çox çətin və mürəkkəb relyefi olan ərazilərdə düşmənin müqavimətini qıra-qıra Şuşa qalasına doğru gedirdik. Daşaltıya çatanda başa düşdüm ki, biz Şuşa üçün darıxdığımız kimi, o da səbirsizliklə bizi gözləyir. Hamımız birlikdə bir daha and içdik: Öldü var, döndü yoxdur! Şuşanı azad etməliyik!
Daşaltı Şuşanın giriş qapısıdır. Burada əsas yüksəkliyi ələ keçirəndən sonra oranın sol tərəfindən, yəni Şuşa–Xankəndi–Laçın yolunun arxa hissəsindən Şuşa istiqamətinə doğru hərəkət etməyə başladıq.
Sizə bir mühüm faktı deyim. Ermənilər Şuşada müharibə aparmaq üçün 3 illik ərzaq, silah-sursat, hərbi texnika ehtiyatı yığmışdılar. Düşmən hesab edirdi ki, Şuşanı əllərində saxlamaları üçün silah-sursatları və ərzaqları uzun müddət kifayət edəcək. Lakin onlar və havadarları bir həqiqəti unutmuşdular: Şuşanın əsl sahibləri var!
–Şuşanın fəthi dünya hərb tarixinin ən uğurlu hərbi əməliyyatlarından biri sayılır. Oradakı sıldırım qayalara dırmaşan cəngavərlərin şücaəti hər kəsi heyrətə gətirir.
– Bu, əsl ölüm-dirim savaşı idi! Bu, türkün qədim və şərəfli tarixində Çanaqqala döyüşü qədər şanlı döyüşdür. Azərbaycanın igid əsgər və zabitləri, həqiqətən, Şuşada əbədi qəhrəmanlıq dastanı yazıblar.
Düşmən Laçın istiqamətindən bizi artilleriya atəşinə tuturdu. Erməni işğalçıları Şuşanı öz əllərində saxlamaq üçün hər cür ağır silahlardan istifadə edirdilər. Noyabrın 2-si və 3-ü artıq Şuşanın tam yaxınlığında idik. Bir çox xüsusi əmr və tapşırıqları uğurla icra etdik, noyabrın 5-i Şuşanın tam yaxınlığında – İsa bulağına yaxın ərazidə dəhlizdən düşüb (orada bir meşə massivi vardı), yolu keçərək Şuşaya doğru getməli idik. Bu zaman düşmənin tank mərmisindən atdığı atəş nəticəsində yaralandım.
...Qələbə xəbərini noyabrın 8-də Füzuli Rayon Mərkəzi Xəstəxanasında eşitdim. Hamı bizi təbrik edirdi. Ağrılarım çox olsa da, qələbə sözünü eşidəndə hər şeyi unutmuşdum.
Bir ona heyfslənirdim ki, kaş qələbəmizə 3 gün qalmış yaralanmazdım, çünki son anadək Şuşada olmaq arzusundaydım.
Mən atamı erkən yaşlarımda itirmişəm. Anam bizi min bir əziyyətlə böyüdüb. Şuşa uğrunda döyüşlərdə ağır yaralandığım üçün bir müddət ailəm ilə əlaqəm olmayıb. Anam həlak olduğumu düşünərək, çox ağır anlar yaşayıb. O təlatümlü günlər onun sağlamlığına ciddi təsir göstərdi. Qələbəmizdən 3 ay sonra, 2021-ci il yanvarın 31-də anamın ürəyi qəfil dayandı. Bu acı itki qəlbimi daim sızladır. Düzdür, övladlarım, həyat yoldaşım, doğmalarım mənə təskinlik verməyə çalışırlar. Görünür, həyat belədir. İnsanın bir gözü güləndə, o biri ağlayır.
–Qəm yemə, Vətən oğlu! Sənin kimi oğullar böyüdən anaların əbədi məkanı cənnətdir! Bu torpağın qeyrətini çəkən oğulların anaları da şəhiddirlər.
–Haqlısınız. Analar müqəddəsdir. Mən bu gün bütün şəhid analarını öz anam bilirəm. Bu xalq, həqiqətən, böyük və yenilməz xalqdır. Biz əl-ələ verib güclü dövlət və ordu yaratmalıyıq. Qoy heç vaxt heç bir düşmən Azərbaycan torpağına göz dikməyə cəsarət etməsin!
–Vüsal, sizin cənab Prezidentlə birlikdə şəkliniz var. Bu barədə də söhbət açmağınızı xahiş edirik...
– 2021-ci il aprelin 12-də möhtərəm Ali Baş Komandan, Prezident İlham Əliyev “Qənimətlər Parkı”nda biz döyüşçülər qarşısında çıxış etdi. İkinci Qarabağ müharibəsində qazandığımız qələbə münasibətilə bizi təbrik etdi. Şəhidlərimizin ruhuna rəhmətlər dilədi, qazilərimizin tezliklə sağalmasını arzuladı. Cənab Prezident bildirdi ki, dövlətimiz şəhid ailələrinə, qazilərə diqqət və qayğısını heç vaxt əsirgəməyəcək. Həmin görüşdə xatirə şəkli çəkdirdik.
2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra suverenliyimizi tam bərpa etdik. Ötən ilin payızında biz hərbçilər Xankəndidə “Qarabağ” futbol komandasının oyununu cənab Prezident və onun ailəsi ilə birgə izlədik.
Həmin oyundan sonra Ali Baş Komandanın gəlib bizimlə söhbət etməsi, birlikdə şəkil çəkdirməsi bizi daha da ruhlandırdı.
Bir daha öyündüm ki, Azərbaycanda dövlət və xalq birliyi polad kimi əyilməzdir, əbədidir. Yaşasın Azərbaycan!
Söhbəti qələmə aldılar:
Kəmalə ABDİNOVA,
Məsaim ABDULLAYEV
XQ