Azərbaycanın sərbəst güləşçiləri Bakıda doğma divarlar arasında təşkil edilən Avropa Olimpiya Təsnifat Turnirini maksimum nəticə ilə başa vurublar.
İndiyədək Paris Olimpiadasına sərbəst güləş üzrə cəmi 1 lisenziya qazanan komandamız qitənin ən iddialı idmançılarının mübarizə apardığı bu nüfuzlu yarışda 5 vəsiqəyə sahib olub. Bununla da, sərbəst güləş üzrə Azərbaycan yığması “Paris-2024”də tam heyətlə – 6 çəki dərəcəsində təmsil olunmaq hüququ qazanan ilk ölkə olub. Bundan əvvəl Maqomedxan Maqomedov (97 kq) Paris Oyunlarında iştirak üçün vəsiqəyə sahib olmuşdu. İndiyədək cəmi 28 ölkənin təmsilçiləri Paris Oyunlarında iştirak üçün lisenziya əldə edə biliblər.
Bakıdakı yarışda Olimpiadaya lisenziya qazanan üçqat dünya çempionu Hacı Əliyevin (65 kq) aktivində Olimpiya Oyunlarının bürünc və gümüş medalı var. Bu dəfə o, qızıl medal üçün oyunlara yola düşəcək. “XQ”yə açıqlamasında təcrübəli pəhləvan əsas hədəfin baş mükafat olduğunu bildirib.
Digər lisenziyaçımız Turan Bayramov (74 kq) yarışın Bakıda keçirilməsinin ona əlavə stimul verdiyini deyib. Ötən il dünya çempionatında son saniyələrdə məğlub olaraq lisenziyanı əldən verən güləşçi budəfəki şansdan yararlana bilib. Avropa çempionatının mükafatçısı “Paris-2024”də uğurla çıxış etmək üçün var gücü ilə hazırlaşacağını vurğulayıb.
125 kiloqram çəki dərəcəsində Giorgi Meşvildişvilinin də çıxışı uğurlu alınıb. Yarımfinalda Alen Xubulov (Bolqarıstan) üzərində qələbə qazanan 31 yaşlı güləşçi Paris Olimpiadasına özü üçün “yaşıl işıq” yandırıb. Ağırçəkili pəhləvan açıqlamasında qeyd edib ki, komanda, federasiya, məşqçi korpusu qarşısında məsuliyyətlə yanaşı, doğma divarlar arasında azarkeş dəstəyi də onları qələbəyə kökləyib. Yarışda lisenziya qazanmış digər güləşçilər Osman Nurmaqomedov (86 kq), eləcə də Əliabbas Rzazadə (57 kq) komanda yoldaşları kimi, indi əsas hazırlığın Paris Olimpiadasına yönəldəcəklərini bildiriblər.
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov jurnalistlərə müsahibəsində belə bir nəticəyə görə qürur hissi keçirdiklərini bildirib:
– Ümidləri doğrultduq. Uşaqlar güclərindən maksimum şəkildə istifadə etdilər. Şadam ki, qarşıya qoyduğumuz vəzifənin öhdəsindən layiqincə gəldik.
Yarışda mübarizə aparan 5 idmançının hər birinin olimpiadaya lisenziya qazanmasından məmnun olduğunu söyləyən baş məşqçi qeyd edib ki, indi əsas məqsəd oyunlara yaxşı hazırlaşmaqdır.
Qeyd edək ki, Tokio Olimpiadasında Azərbaycanı 5 sərbəst güləşçi təmsil edib. Onlardan yalnız Hacı Əliyev gümüş medal qazanıb.
Avropa Olimpiya Təsnifat Turnirində, həm yunan-Roma, həm də qadın güləşi üzrə yığmalarımız qənaətbəxş nəticələr qazana bilməyiblər. İlk görüşlərdə yaxşı təsir bağışlayan qadın yığmasının lideri Mariya Stadnikin (50 kq) lisenziyanın bir addımlığında büdrəməsi, son saniyələrdə məğlub olmasını heç kim gözləmirdi. Dördqat Olimpiya mükafatçısı həlledici qarşılaşmada ukraynalı Oksana Livaça uduzaraq mübarizəni dayandırdı. Daha əvvəl isə yığmanın digər üzvləri Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) da təsnifat mərhələsində məğlub olmuşdular. Onu da xatırladaq ki, qadın güləşində hələlik lisenziyamız yoxdur.
Qaldı yunan-Roma güləşi. İndiyədək dördilliyin baş yarışına cəmi 2 lisenziya əldə edən “klassiklərimiz” də Bakıdakı şansdan yetərincə yararlana bilməyiblər. Amma millimiz Parisə Olimpiadasında iştirak edəcək heyətin tərkibini artırmaq şansını hələ itirməyib. Onlar üçün son şans İstanbuldakı Dünya Olimpiya Təsnifat Turniri olacaq. Yunan-Roma güləşçilərimiz də bütün çəkilərdə Olimpiadada təmsil olunmaq üçün mayın 9-dan 12-dək qardaş ölkədə keçiriləcək yarışda güclərindən maksimum istifadə etməlidirlər. Onu da xatırladaq ki, ötən Olimpiya Oyunlarında “klassiklərimiz” 2 nəfərlə təmsil olunmuşdular və yekunda Rafiq Hüseynov (77 kq) bürünc medal qazanmışdı. Daha bir “bürünc”ü Mariya Stadnik komandamızın aktivinə əlavə etmişdi.
L.AZAD
XQ