Samuraylar

post-img

Samuraylar eramızın birinci əsrində xüsusi döyüşçü təbəqəsi olaraq qədim Yaponiyada meydana çıxıblar. Onlar son dərəcə cəsur, dövrün silahlarından mükəmməl istifadə edə bilən elit hərbçi qrupları olub. 

Samuraylıq məktəbi I əsrdə yaranmasına baxmayaraq, onların gücündən əsasən, VII-VIII əsrlərdə daha geniş istifadə edilib. Həmin dövr Yaponiyada feodal-monarxiya dövlətçilik quruluşu öz inkişafının ən yüksək səviyyəsinə çatdığına görə bütün torpaqlar şəxsi mülkiyyətə verilmiş, feodallar əsas söz sahibinə çevirilmişdi. Feodallar arasında tez-tez silahlı toqquşmalar baş verdiyindən onlar özlərinin, eləcə də əmlaklarının təhlükəsizliyi üçün samurayların xidmətindən istifadə etmişlər. 

"Samuray" yaponca "xidmət etmək" anlamına gələn “saberu” sözündəndir. Başqa sözlə, samuray - xidməti döyüşçüdür. Amma samurayların vəzifəsi təkcə döyüşməkdən ibarət deyildi. Onlar həm də ağalarının cangüdəni kimi çalışır, gündəlik işlərində onlara xidmət göstərirdilər. 

Samuray ailəsində gələcək döyüşçülərin, yəni uşaqların tərbiyəsi kiçik yaşlarından şərəf koduna – “buşidoya” uyğun həyata keçirilirdi. Samuraylar öz övladlarına erkən yaşlarında taxta qılınc bağışlayır, bununla da onlarda qılınca hörmət aşılayırdılar. Əxlaq normalarının öyrədilməsində böyük mütəfəkkir Konfutsi təliminə istinad olunurdu. 

Bu təlimə görə, övladlar valideyn­lərini sevməyə, onlara cavab qaytarmamağa, ehtiram göstərməyə borcludur. Uşaqlara təkcə valideyn məhəbbəti deyil, həm də “Döyüşçünün atası” hesab edilən imperatora sədaqət təlqin edilirdi. Bütün bunlarla yanaşı, gələcək samuraylarda müəllimə qarşı da xüsusi ehtiram formalaşdırılırdı. Samuray üçün müəllimin nüfuzu heç də atadan aşağı deyildi. Müəllimin göstərişləri, bir qayda olaraq, mübahisəsiz yerinə yetirilirdi. Bir Samuray aforizmində deyilir: “Mənə həyat verən valideyn, məni həyata hazırlayan isə müəllimdir”.

Ailə tərbiyəsi və ustad (mentor) dərsləri gənc varislərin yetişdirilməsində iki əsas şərt idi. Ustadlar valideynlərə hörmət, ağaya sədaqət və buddistlərin ölümə etinasızlıq təlimi əsasında ideal döyüşçü modelini yaradırdılar. 

Gənclərdə bu cür düşüncə tərzini həm məşhur samurayların hərbi şücaətindən bəhs edən bədii əsərlər tədris etməklə, həm də teatr tamaşaları göstərməklə formalaşdırırdılar. Ustadlar gələcək samurayları mifik vahimələrdən uzaq, cəsarətli yetişdirmək üçün onlara gecələr qəbiristanlıqda, yaxud sirli xarabalıqlarda tənha gecələməyi əmr edirdilər. Təfəkkürlərində ölümü adiləşdirmək məqsədi ilə onları ictimai cəzalara və edamlara baxmağa aparırdılar. Cəza hökmlərinə görə başı kəsilən, əzaları qoparılan, qılıncla şaqqalanan adamlara tamaşa edən gənc samurayların hər biri orada olduğunu təsdiqləmək üçün edam lövhələrinə öz şəxsi işarəsini qoyurdu. 

Dözüm və əzmkarlıq yaratmaq üçün gənc samurayları çox ağır işlər görməyə, gecələr yuxusuz dayanmağa, su altında qalmağa, qışda ayaqyalın gəzməyə, sübh tezdən oyanmağa, günlərlə ac qalmağa məcbur edirdilər. 

Samuraylığa hazırlaşan gənc oğlan və qızlara öz hərəkətlərini, hisslərini nəzarətdə saxlamaq, emosiyalarını idarə etmək, xüsusilə, kədərlənməmək, eləcə də ağlamamaq öyrədilirdi. Bir samuray pritçasında samuraylığa hazırlanan balaca oğlunu kövrəlmiş halda görən anası ona belə deyir: “Xırda şeylərə görə ağlayırsan, bəs, döyüşdə qolun kəsiləndə, yaxud harakiriyə məcbur olanda neyləyəcəksən?”

Beləcə, əsilzadə samurayların övladları hələ erkən yaşlarından şərəf, məsuliyyət və ədalət hissi ilə, reallıqla, nizam-intizamla tərbiyə edilirdi. Bu tərbiyə konkret olaraq, özündə qorxmazlığı, soyuqqanlılığı və dözümlülüyü ehtiva edirdi. Bu cür təlimlərin sayəsində samuraylar ən çətin vəziyyətlərdə belə, düşüncə aydınlığını itirmirdilər.

Gələcək samuraylardan daim məşq etmək, döyüş sənətini təkmilləşdirmək, fiziki güc və çeviklik tələb olunurdu. Onlar qılınc və nizə ilə usta davranmağı, ox atmağı, at çapmağı, döyüş taktikasını mükəmməl bilməli idilər. 

Samuraylara döyüş sənəti ilə yanaşı, ədəbiyyat, fəlsəfə, tarix kimi elmlər də öyrədilirdi.

Hər bir samurayın evində qılıncoynatma, oxçuluq və fiziki məşqlər üçün geniş zallar olurdu. Samurayların təhsili, bir qayda olaraq, 8 yaşında başlayıb, 16 yaşında başa çatırdı. Bu yaş dövrünü başa vurduqdan sonra ona döyüş üçün həqiqi qılınclar verilirdi. Qaydaya görə samuray ömrünün sonuna qədər qılıncdan ayrılmır. 

Samuraylıq məktəbi ümumən, "Buşido" (döyüşçü yolu) fəlsəfəsinə əsaslanır. Bu fəlsəfədə əsas ideya ölüm qorxusuna qalib gəlməkdi. Məhz, bu qorxunu öz daxilində yenən şəxs samuray adını qazana bilirdi. 

İkinci Dünya müharibəsi zamanı Yaponiya dövləti kişilərə müraciət edərək samuray nəvələri olduqlarını xatırlatdı və onları Buşido ruhunu dirçəltməyə çağırdı. 

Beləliklə, ana ideyası Buşido olan kamikadze məktəbi yarandı və Sakit Okeanda Yaponiyaya qarşı hərbi əməliyatlar aparan ABŞ donanmasını məhv edən ilk intiharçı pilotlar meydana gəldi. 

Murad KÖHNƏQALA

 



Sosial həyat