Xalqımız paylaşmağı, yardım etməyi sevir

post-img

Ramazan ayında könülləri sevindirmək, ehtiyacı olanlara dəstək olmaq, iftar süfrələri vermək, həm  Allah tərəfindən xoş qəbul edilir, həm də neçə-neçə insanın üzünün gülməsinə səbəb olur. Hər bir imkanlı insan çalışır ki, bu müqəddəs ayda daha çox savab qazansın. Şəhid ailələrinə baş çəkmək, qaziləri yoluxmaq, onların problemlərinə yardımçı olmaq bəyənilən və təqdir edilən əməllərdəndir. 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai birliyinin sədri Arzu Bağırova da təşkilatın üzvləri ilə bu Ramazan ayında belə xeyirxah tədbirlər təşkil edib, yardımları, hədiyyələri ilə neçə-neçə  ailəni sevindirib.

Arzu Bağırova XQ-yə bildirib:

– Cənab Prezidentimiz İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə həyata keçirilən dövlət dəstəyinə uyğun olaraq, iş adamları, sahibkarlar üçün əlverişli şəffaf və işüzar mühit formalaşdırılmışdır. Bunun nəticəsidir ki, Masallı rayonunda  da “Arkivan Transport” LLC Beynəlxalq yükdaşıma şirkəti fəaliyyət göstərir.

“Arkivan Transport” LLC də Masallı rayonun sosial-iqtisadi mühitində dinamik inkişafın növbəti bir göstəricisidir. Şirkətin rəhbəri Abdulla Abdullayev Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrini və qazilərimizi işə cəlb edib və onlara şirkət tərəfindən sosial dəstək göstərilir.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və “Könül dostları” tərəfindən Ramazan ayı ərəfəsində şəhid ailələri, həmçinin qazi və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. İctimai birliyin sədri Arzu Bagırovanın təşəbbüsü ilə yardımlar “Arkivan Transport” LLC - də çalışan şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə çatdırılıb.

Qeyd edək ki, yardım aksiyası Arzu Bagirova başda olmaqla, təşkilatın sədr müavini Gülər Kazımova, koordinatoru Nilufər Lətif və  onların “Könül dostları” – Əkbər Qoşalı, Fikrət Əliyev, Əliş Hüseynov,  Məlahət Qəhrəmanova, Afaq Ismayılzadə, Vəsilə Abulova, Nəcibə Axundova, Zərifə Arzumanovanın birgə dəstəyi ilə həyata keçirilib. 

Təşkilatın sədri “Arkivan Transport” LLC -də çalışan işçilərlə söhbətində qeyd edib ki, 6 ildir fəaliyyət göstərən RHİM İB ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

Beləliklə, qarşıdan gələn Ramazan bayramı ərəfəsində daha bir xeyirxah aksiya baş tutub.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat