Umayra Tağıyeva: Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı çətinliklərlə üzləşir

post-img

“Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur. Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır”.

Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

Nazir müavini bildirib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir: “Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu öz çıxışlarında bildirib. Xəzər problemi ətrafında beş ölkəni birləşdirən və 2006-cı ildən qüvvəyə minən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Tehran Konvensiyası birgə fəaliyyət üçün regional platformadır. Xəzəryanı ölkələr dənizin çirklənməsinin qarşısının alınması və ona nəzarət, eləcə də onun ətraf mühitinin mühafizəsi və bərpası üçün zəruri tədbirlərin görülməsi, Xəzər dənizinin ehtiyatlarından onun ətraf mühitinə xələl gətirmədən istifadə edilməsi və Konvensiyanın məqsədinə nail olmaq üçün öz aralarında və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək üzrə ümumi öhdəlik daşıyırlar. Ölkələr arasında Xəzərin mühafizəsi sahəsində bir sıra razılaşmalar da mövcuddur. Onlardan “Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında”, “Aktau”, “Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında”, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Biomüxtəlifliyin mühafizəsi haqqında”, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” protokollarını nümunə göstərmək olar”.

Sosial həyat