Bu gün İlaxır çərşənbədir

post-img

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu.

Hər kəs şalın bir bacadan soxurdu,

Ay, nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq. 

Gəldik çatdıq o günə ki, Məhəmmədhüseyn Şəhriyar adət-ənənəmizi “Heydərbabaya salam” poemasında məhz bu cür təsvir etmişdi. Bu gün qeyd edilən sonuncu – Torpaq çərşənbəsi xalq arasında “İlaxır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə–suri” kimi də adlanır. Artıq torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır. 

İlaxır çərşənbədə xoş ovqatlı ayinlər həyata keçirilir. Bu çərşənbə ilə bağlı olan adətlər illərdir ki, yaşanır və xalq öz milli Novruz bayramını bö­yük əhval-ruhiyyə ilə qeyd edir. 

Qulaq falına çıxmaq, qapılara papaq atmaq, küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid adətlərdəndir. Bu günə el arasında həm də niy­yət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Ailədə könül açan sözlər danışarlar ki, qu­laq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönməsin. Bu gündə qorxanların başından su töküb qorxuluğunu alarlar, şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayı­na görə şam yandırarlar. Axır çərşənbə gecə­si tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü lam­paları ertədən yandırarlar.

Cavanlar fala baxarlar. Qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salar­lar. Niyyət tutub üzüyü suyun üstündən keçirər­lər. İnanca görə, üzüyün qabın kənarına dəydi­yi say yaşda üzük sahibi gəlin gedəcək. Gecə ürəkdə niyyət tutub yatırlar. Gecəyarısı güzgüyə baxan, guya, gələcək nişanlısını görür. 

İlaxır çərşənbədə insanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər. Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından tökülməsi, insanın sağlam ruh­la, saf qəlblə bayrama qovuşmaq istəyidir. Bay­ram süfrəsində balığın olması bərəkət rəmzi he­sab edilir. Bişmiş və ya qurudulmuş bütöv balığın bir tərəfinə su, digər tərəfinə isə düyü qoyar, arzu tutarlar. İnanarlar ki, arzular tezliklə çin olacaq.

Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta, bir də baharın gəlişi­ni əks etdirən səmənidir. Evimizin xeyir-bərəkəti, bol ruzili, gur yanan ocaqlı olması diləyilə İlaxır çərşənbəmiz mübarək olsun!

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat