İndicə Nəriman Axundzadə sol ayağı ilə topu “Braqa”nın qapısından keçirəcək və Ağdam komandasının gənc hücumçusunun bu tarixi qolu “Tofiq Bəhramov” stadionunun tribunalarında, bütün Bakıda, Azərbaycanda toy-bayrama çevriləcək, uşaqdan böyüyədək hamımızın sevinci yerə-göyə sığmayacaq.
Məhz bu qol ölkə çempionumuza çox ağır “Portuqaliya səddi”ni aşıb, UEFA Avropa Liqası turnirinin pley-off mərhələsini uğurla başa vurmaq, “Qarabağ”ın zəfər salnaməsinə daha bir parlaq səhifə yazmaq imkanı verdi. Hətta həmin qızıl qol sayəsində Azərbaycanın futbol ictimaiyyəti həmişə fəxarətlə xatırlayacağı “Bayer” (Leverkuzen, Almaniya) ilə həyəcan dolu iki səkkizdəbir final görüşünə də şahidlik etdi.
Masallı şəhər 11 illik İncəsənət məktəbinin 2-ci sinif şagirdi Zəhra Əsgərli də çox sağ olsun ki, “Qarabağ”ın həmin möhtəşəm zəfər anına öz layiqli töhfəsini verib. Zəhranın bu gözəl bayram günlərində diqqətinizə çatdırdığımız əl işi “Qarabağ” Futbol Klubunun feysbuk səhifəsində martın 1-də yerləşdirilsə də, mən onu yenicə, 2 gün əvvəl gördüm. Dərhal da “Xalq qəzeti”nə göndərməyi qərara aldım. İmkanı qaçırmaq olmazdı…
Uğurlarınız bol olsun, qoçaq Nəriman, gözəl Zəhra!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist