İydə şoran torpaqlarda da bitən qeyri-adi bitkinin meyvəsidir. O, bir çox fəsadlarda təsirli olması ilə tanınır. Belə ki, iydə yemək böyrək xəstəliklərindən əziyyət çəkənlərə faydalıdır. Böyrək daşlarının müalicəsində iydə çiçəklərindən dəmlənmiş çayın təsiri böyükdür.
Mütəxəssislər iydənin bir sıra faydalarını açıqlayıblar. Onların fikrincə, tərkibində C vitamini olan iydə soyuqdəymə, qrip və digər xəstəliklərdən qorunmağa kömək edir. Həzm sisteminə faydalıdır, mədə şişkinliyini aradan qaldırır, ürəkbulanma və qusma zamanı kömək edir. Qaynadıb suyunu içdikdən az sonra ishal dayanır.
Tərkibindəki Omeqa-7 yağı dərini nəmləndirir və bərpa edir. Saç köklərindəki hüceyrələrin yenilənməsi üçün də faydası var. Yanıq və sağalmayan yaralarda, həmçinin ekzema zamanı istifadə edilir. Göz quruluğunu aradan qaldırır.
İydədəki antioksidantlar bədəndən toksinləri çıxarır və immuniteti gücləndirir. Həmçinin ürək-damar sistemi xəstəliklərindən, mədə və bağırsaq xoralarından, yaşlanmadan, iltihabdan, xərçəngin təsirindən qoruyur.
Hər bir qida kimi iydənin də bəzi əks-təsirləri var. Həddən artıq istehlakı qəbizliyə səbəb olur. Ona görə də iydə yedikdən sonra çoxlu su içmək lazımdır. Meyvə ağız quruluğuna səbəb olduğundan gündə 3–5 ədəddən artıq yemək məsləhət deyil.
Z.HÜSEYNLİ
XQ