Özü şəhid oldu, anası şair

post-img

Mayisə Səbuhi dərdin şair etdiyi fədakar qadınlarıımızdandır. Oğlu Səbuhi Həsənquliyev Vətən müharibəsində qəhrəmanlıqla şəhid olandan sonra qəlbinin ağrı-acısını şeirlə söyləməyə başlayıb. Səbuhinin adını da özünə təxəllüs götürüb ki, ruhu daim şad olsun. 

Müharibəyə qədər onun şeir yazdı­ğını bilən az idi. Amma Şuşa ətrafında döyüşə yollanan oğlunun son sözləri – “Anama deyin ki, ağlamasın” – və­siyyəti onu ağlamayıb, dərdini şeirlə ovutmağa vadar edib: 

Nə zaman böyüyüb qəhrəman oldun?

Şuşanı qurtarıb arzuna doldun.

Vətənçün döyüşüb gül kimi soldun,

Məzarın zirvədə qazılıb sənin...

Bu şeir parçasında oxşanıb qutsal­laşan igid Səbuhi 2002-ci ilin bir yaz günündə Ucarın Boyat kəndində doğu­lub. Sonra ailə Sumqayıta köçüb. Orta məktəb illərində bir sıra idman növləri ilə məşğul olan Səbuhi Həsənquliyev 2020-ci ilin iyulunda hərbi xidmətə yol­lanıb. İri cüssəsinə və ayıq-sayıqlığına görə onu XTQ-yə cəlb ediblər. Müha­ribə başlananda bir neçə ayın əsgəri olsa da, özünü cəsur, hünərvər hərbçi kimi göstərə bilib. İlk döyüşdən sonra axşam anası ilə telefonda danışarkən “Ana, oğlun düşmən öldürüb”, – deyə qürurlanıb da. 

“Yaşma”larla birgə daim öndə ge­dən Səbuhinin döyüş yolu Beyləqan, Füzuli, Cəbrayıl, Hadrut və Şuşadan keçib. Noyabrın 8-də tac şəhərimiz Şuşa uğrunda son döyüş ərəfəsində sanki şəhid olacağını əvvəlcədən hiss edib və toya gedirmiş kimi, qoluna qırmızı lent bağlayıb. Döyüşə şir kimi girib, çox sayda düşməni məhv edib. Dostunun yaralandığını görüb və onu mərmi yağışının altından çıxarmağa çalışarkən özü də gülləyə tuş gəlib…

Siz deyin, bütün bunlardan xəbər tutan həssas, kövrək qəlbli ana necə odlanıb şeir yazmayaydı? Şəhadətin­dən sonra “Cəbrayılın azad olunması­na görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və digər medallara layiq görülən Səbuhinin ən böyük mü­kafatı anasının ona həsr etdiyi Vətən sevgili misralardır. Mayisə xanım hər gün oğlunun ziyarətinə getdiyi Sumqayıt Şəhidlər xiyabanın­dan qayıdanda duyğulanaraq, qəlb çırpıntılarını ağ vərəqlərə hopdurub. Nəticədə “Şəhidlik Tanrı hədiyyəsidir” kitabı ərsəyə gəlib. 

Təkcə Səbuhinin deyil, tor­pağı Vətən edən digər şəhid­lərimizin haqqında da qürur dolu neçə-neçə şeirin yer aldığı həmin kitab “Azəri” Poliqrafiya müəssisəsinin direktoru Mirfazil Əliyevin təşəbbüsü ilə təmənna­sız olaraq nəşr edilib. Ötən yaz Sumqayıtdakı Əli Kərim adına Poeziya evində toplunun təqdi­matı keçirilib. Mərasimdə şəhid general Polad Həşimovun ana­sı Səmayə xanım, “Şəhid ana­larına dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axun­dovun anası Ceyran Həsəno­va, şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım və digərləri çıxış edərək kitabın gənc nəs­lin formalaşmasında rolundan, oxuculara vətənpərvərlik duy­ğuları aşılamasından danışıblar.

Bu yaxınlarda isə Sumqayıt Tarixi Muzeyində Vətən müharibəsi şəhidi Səbuhi Əlixan oğlu Həsənquliyevin xatirəsinə həsr olunmuş anım mərasi­mində anasının ona həsr etdiyi şeirləri söyləməsi hər kəsi təsirləndirdi. Ölümü ilə tarix yazan igidin anası kitabının üzqabığına Səbuhinin şəklini qoydu­rub, səhifələrində isə ən duyğulu şeir­ləri yerləşdirib. Şair dostumuz Xaqani Abbasəli Öztürk “Ön söz əvəzi” adlı təqdimatında yazıb: “Bu ithafnamələ­rin çoxunu göz yaşları içində oxudum. Özəlliklə vurğulamaq istəyirəm ki, müəllif Mayisə xanımın içindəki Vətən sevgisinə heyran olmamaq mümkün deyil. Unudulmamalıdır ki, şəhid vali­deynlərinin könlü həsrət sığınacağı və hətta “iş yeri”dir”.

Kitabdakı “El aslanları” şeirində Mayisə xanım şəhidlərə xitabla yazır:

Dişə-diş, qana-qan, cana-can aldız,

Düşmənin canına vəlvələ saldız.

Tutub əl-qolunu kökdən qopardız,

Siz məlhəm oldunuz çəkilən dağa. 

Bəli, saf ürəkli, məğrur şəhid anası Mayisə xanım oğlu Səbuhi kimi qəhrə­manlarımızı şöhrət zirvəsində belə gö­rür. Ağlayıb-sıtqamaq onluq deyil. Çün­ki şeirlərinin baş qəhrəmanı Vətəndir.



Sosial həyat