Rusiya ilə ticarətin həcmi 4,5 milyard dollara çatıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşündə iqtisadi-ticarət əməkdaşlığının aktual məsələləri müzakirə edilib. Söhbət zamanı M. Cabbarov respublikamızın Rusiya ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Nazir, həmçinin ölkələrimiz arasında imzalanan 260-dan çox sənədin münasibətlərimizin çoxistiqamətli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını diqqətə çatdırıb. 

Görüşdə bildirilib ki, Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi dinamik artır. Keçən il Rusiya ilə ticarət dövriyyə­sinin həcmi təxminən 4,5 milyard dollar təşkil edib. 2022-ci illə müqayisədə isə ötən il qonşu ölkə ilə ticarət dövriyyəsi 17 faiz artıb. Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənib. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət döv­riyyəsinin həcmini daha da artıra bilər.

Rusiyanın iqtisadi inkişaf naziri Mak­sim Reşetnikov Azərbaycanla iqtisadiy­yatın müxtəlif sahələri, o cümlədən qar­şılıqlı ticarətin artan tendensiyası, birgə istehsal və digər sahələr üzrə səmərəli əməkaşlığa dair göstəriciləri müsbət qiy­mətləndirib. Vurğulanıb ki, qeyri-neft sə­nayesi üzrə birgə layihələr uğurla həyata keçirilir. Nümayəndə heyətləri arasında mütəmadi olaraq keçirilən görüşlərin və tədbirlərin əlaqələrin möhkəmləndirilmə­sində mühüm rol oynadığı qeyd edilib. Maksim Reşetnikov tərəfdaşlığın inkişaf etdirilməsi imkanları və bu sahədə təşəb­büslər haqqında düşüncələrini bölüşüb.

XQ

İqtisadiyyat