Qanımızda Od qaynasın!

post-img

Xalq yazıçısı, folklorumuzun, milli bayramlarımızın, adət-ənənələrimizin mahir bilicisi Əzizə Cəfərzadə danışırdı ki, insanlar həmişə təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. 

Novruza qədər keçirilən çərşən­bələrdən ən kütləvisi Od çərşənbəsidir. Çünki tonqal başına hər yaşda olan toplanır. Bu gün bölgələrdə, əsasən də kəndlərdə hər ailə öz həyətində bir tonqal çatıb, əlavə olaraq küçədə də ocaq qalayacaq. Şəhərdə isə iki-üç bi­nadan bir, 300 – 400 ailəyə bir tonqal çatılacaq. 

Çərşənbə tonqalı üçün uşaqlar neçə gün əvvəldən taxta qırıqları, qu­rumuş ağac budaqları toplayır. Tonqa­lın alovu ərşə bülənd olanda yerdən götürülür, od üstündən tullanmaqla məharətlərini göstərmək istəyirlər. 

...Bu gün Od çərşənbəsidir. Su çərşənbəsi kimi onun da öz atributları, özəllikləri, öz süfrəsi var. Adətə görə, axşama iş qalmasın deyə, evlər ertə­dən təmizlənir. Axşam heç süfrədən tökülən qırıntılara belə süpürgə çək­mirlər ki, adətə görə günah sayılar. Bu gün ehsan vermək, yas yerinə getmək də məsləhət görülmür. Qız-gəlinlər əl­lərinə xına qoyarlar ki, əllər od rəngin­də olsun. 

Böyük arzumuza çatmışıq. 3 ildir ki, işğaldan azad edilən torpaqlarımız­da nəinki hərbçilərimiz, o yerlərin əsl sahibləri də çərşənbə tonqalının ətra­fına yığışırlar. Bu gün artıq Şuşada, Zəngilanda, Füzulidə, Cəbrayılda, Kəl­bəcərdə, bir sözlə, bütün azad edilən ərazilərimizdə bayram tonqalları alov­lanır. Böyük xoşbəxtlikdir! 

Novruz marafonu su çərşənbəsi ilə başlayıb od çərşənbəsi ilə davam edir. Bu yerdə Xalq şairi Bəxtiyar Vahabza­dənin məşhur misraları da yada düşür:

Anam torpaq, Atam od

Mən oddan yaranmışam.

Od kimi istiqanlı,

Seltək dəliqanlıyam.

Hamılıqla, Od çərşənbəmiz mü­barək olsun!

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat