Respublika Gənclər Kitabxanasında Xocalı Soyqırımının 32-ci ildönümü anılıb

post-img

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı, “Ədəbiyyat və incəsənət”  portalının informasiya dəstəyi ilə “Xocalı mövzusu bədii ədəbiyyatda” başlıqlı dinləmə təşkil edilib. Tədbirdə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev,  AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,  tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhrəmov, millət vəkilləri Məlahət İbrahimqızı və filologiya elmləri doktoru, professor Jalə Əliyeva, yazıçı, tarixi romanların müəllifi Yunus Oğuz, AMEA Reyasət Heyəti aparatı, vitse-prezidentlərin xidmetinin elmi katibi, biologiya elmlər doktoru, dosent Tubuxanım Qasımzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı- publisist Şərəf Cəlilli, AR Prezidentinin İşlər İdarəsi yanında İctimai - Siyasi Sənədlər Arxivinin şöbə müdiri Lamiyə Həsənova, BDU-nun müəlliməsi Fəxriyyə İsayeva, BDU-nun “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını bildirdi. On illiklərlə davam edən Xocalı soyqımının xatirəsini bu gün qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini  və bundan böyük qürur hissi keçirdiyini dilə gətirdi.

Yazıçı Varis Yolçuyev öz çıxışında Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, bu sahədə ədəbiyyat nümayəndələrinə göstərilən dövlət qayğısından və dəstəyindən danışdı. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının danılmaz əhəmiyyətini vurğulayaraq, bu kampaniya çərçivəsində işıq üzü görən və Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının yazılma tarixindən danışdı.

Professor Cəbi Bəhrəmov  bu faciənin 30 il müddətində xalqımız tərəfindən unudulmadığını, aparılan elmi tədqiqatlar nəticəsində üzə çıxarılan həqiqətlər və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışdı. Xocalı  və digər soyqırımı cinayəti faktlarının orta və ali məktəb dərsliklərində olduğu kimi verilməsini, gələcək nəsillərə onları olduğu kimi çatdırılması əhəmiyyətindən danışaraq, mənfur düşmənlər tərəfindən tarixi gerçəkliklərin bu gün təhrif olunduğunu, gizlədildiyini bildirdi.

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Xocalı həqiqətlərini, mənfur düşmənin torpağımızda törətdikləri qanun pozuntularını, terror siyasətini dünyaya tanıdılması istiqamətində ədəbiyyatın, mədəniyyətin müstəsna əhəmiyyətindən danışdı. Min illiklərlə davam edən erməni terrorunun, soyqırım siyasətinin müəlliflərinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılan qələbənin nəticəsi olaraq Azərbaycan xalqı qarşısında cavab verəcəklərini və ədalət yolu ilə öz cəzalarına çatacaqlarını bildirdi. 

Millət vəkili, professor Jalə Əliyeva iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söylədi. Əliyalın, köməksiz, silahsız insanların, yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktının törədildiyinin əyani sübutu olduğunu dilə gətirdi. Anası şairə Nürəngiz Günün müəllifi olduğu “Xocalı simfoniyası” əsərinin Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən sənət abidəsi olduğunu söyləyərək, poemadan parçalar səsləndirdi.

Yazıçı Yunus Oğuz iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söylədi. Xocalı qurbanlarının sayının, erməni qəsbkarları tərəfindən törədilən vəhşiliklərin, etnik təmizləmə aktlarının bu gün də gizlədildiyini bildirdi.

Tubuxanım Qasımzadə 1997-ci il 25 fevral tarixində  ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzaladığı Sərəncam haqqında məlumat verərək, Xocalı soyqırımına ilk siyasi qiymətin məhz ümummilli lider tərəfindən verildiyini bildirdi. Xocalı haqqında həqiqətlərin dünyaya bildirilməsi, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən, qısa müddət ərzində Xocalı genosidinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qəbul edildiyini bildirərək, bu istiqamətdə müasir, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin müstəsna əhəmiyyət malik olduğunu vurğuladı.

Şərəf Cəlilli, Lamiyə Həsənova, Fəxriyyə İsayeva çıxışlarında tarixi faktların araşdırılması, həqiqətlərin beynəlxalq müstəvidə təbliği yönümündə dövlət arxivlərinin əhəmiyyətindən danışaraq,  “Unutmayaq, unutdurmayaq” fikrini rəhbər tutaraq, Xocalı soyqırımının əsrlər keçsə belə yaddaşlardan silinməyəcəyini, faciə qurbanlarının xatirəsinin daim uca tutulacağını bildirdilər.

Tədbirdə kitabxana əməkdaşlarının Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar hazırladıqları elektron məlumat bazası və videomaterial nümayiş edilib.

 

 

 





























Sosial həyat