Qazaxıstanda Xocalı faciəsi ilə bağlı tədbir keçirilib

post-img

Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Astanadakı diasporunuzun üzvləri, qardaş qazax xalqının nümayəndələri iştirak ediblər.

Ağalar Atamoğlanov öz çıxışında bildirib ki, Xocalı soyqırımı heç vaxt xatirələrdən silinməyəcək. Bu qanlı hadisədən 32 il  keçməsinə baxmayaraq, soyqırımı törədənlər hələ də cəzalandırılmayıb. Xocalı soyqırımı azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biridir.

Səfir deyib ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün çox iş görülüb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.O deyib ki,  44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.2023-ci ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Qarabağ bölgəsində qalmış separatçıların tör-töküntülərinin kökü birdəfəlik kəsildi, onların rəhbərləri ədalət mühakiməsinə verildi. Ərazi bütövlüyümüz tamamilə bərpa olundu. Prezident bu günlərdə baş tutmuş andiçmə mərasimində deyib: “Bu il Xocalı faciəsini fərqli hisslərlə qeyd edirik. Artıq Xocalı bizdədir. Xocalı qurbanlarının ruhu şaddır. Biz əbədiyyən öz əzəli torpaqlarımıza qayıtdıq”.

Şahin Mustafayev bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası sayəsində tarixi ədalət bərpa olundu. O, Xocalının da işğalına son qoyulduğunu və işğaldan azad edilmiş şəhərdə təmir-bərpa işlərinin aparıldığını vurğulayıb. 

Tədbirdə Xocalı soyqırımından bəhs edən “13” adlı bədii-sənədli film nümayiş etdirillib. Filmdə Xocalı soyqırımı zamanı mühasirəyə düşərək əsir götürülən sakinlərə verilən işgəncələr, onların arasında 13 nəfərin seçilərək naməlum istiqamətdə aparılması,  itkin düşən şəxslərin ailə üzvlərinin, habelə şahidlərin xatirələri öz əksini tapıb.

Sonra iştirakçılar Xocalı soyqırımı ilə bağlı fotoşəkillərdən ibarət sərgiyə baxıblar. 

Tədbirin Xocalı soyqırımında şəhid olanların xatirəsinə dua oxuub, ehsan verilib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana     







Qan yaddaşı